Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Keçirilən görüşlər, aparılan fikir mübadilələri xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açır

Keçirilən görüşlər, aparılan fikir mübadilələri xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açır

02.03.2010 [08:05]

Prezident İlham Əliyev AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib. Görüşdə Prezident İlham Əliyev Bakıda keçirilən tədbirin uğurlu olacağına əminliyini bildirib. Qeyd edib ki, AzərTAc-ın yubileyi çərçivəsində keçirilən ənənəvi tədbir qonaqlara Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradır. Dövlətimizin başçısı belə görüşlərin, aparılan fikir mübadilələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açdığını vurğulayaraq deyib ki, bu baxımdan informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycanın MDB məkanında inteqrasiya proseslərində fəal iştirak etdiyini bildirən dövlətimizin başçısı Bakı görüşünü KİV-lər arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm hadisə kimi səciyyələndirib.
Prezident İlham Əliyev son illər Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlardan da danışıb. ötən ilin bütün dünya üçün sınaq ili olduğunu söyləyən dövlətimizin başçısı, buna baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin hamısının uğurla həllini tapdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli əlaqələrdə əməkdaşlıq potensialından maksimum istifadə etməyə və bu əməkdaşlığı uzunmüddətli, qarşılıqlı hörmət və maraq əsasında qurmağa çalışdığını deyib. Qeyd edib ki, ölkəmiz xarici siyasət sahəsində də böyük uğurlar əldə edibdir.
Daha sonra dövlətimizin başçısı bu yaxınlarda Bakıda keçirilən humanitar əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Forumunun əhəmiyyətindən danışıb. Rusiyanın siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini təmsil edən nümayəndə heyətinin Forumda iştirakının önəmini vurğulayıb.
Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin ölkələr arasında münasibətlərin genişlənməsindəki roluna toxunaraq deyib: “Buna baxmayaraq, kütləvi informasiya vasitələri daha yaxşı qarşılıqlı anlaşmaya, yaxınlaşmağa və əməkdaşlığın genişləndirilməsinə fəal kömək edə bilərlər. Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də biz hamımız - həm siyasətçilər, həm KİV nümayəndələri, həm də ictimai qurumlar əlbəttə, ilk növbədə, qarşımızda duran vəzifələrə məsuliyyətlə yanaşmalıyıq. Onu da deməliyəm ki, sizin təmsil etdiyiniz informasiya orqanları bu baxımdan məhz özlərinin məsuliyyəti, ədalətliliyi, düzgün təhlil, eləcə də qərəzsiz olmaları ilə bütövlükdə müsbət mənada çox fərqlənir. Ona görə ki, müxtəlif KİV-lərin, o cümlədən informasiya agentliklərinin informasiya siyasəti, əlbəttə, müxtəlifdir. Bəziləri, bəlkə də çoxları informasiyanı yaymaqla kifayətlənmir. Bütün bunlar, o cümlədən analitik materiallar, xüsusən həqiqətən analitik xarakter daşıyan, tarixi həqiqətə əsaslanan materiallar çox vacibdir və əlbəttə böyük maraq doğurur. Onda əlbəttə düzgün təhlil aparmaq daha asan olur”.
Azərbaycanda bir çox informasiya agentlikləri, yüzlərlə qəzet, elektron kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı bu istiqamətdə mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini də vurğulayıb. Prezident İlham Əliyev Bakıda keçirilən növbəti tədbirin də səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı MDB məkanında informasiya mübadiləsini gücləndirmək barədə yeni formalar üzərində düşünməyi tövsiyə edib.
Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko Bakı görüşünün kütləvi informasiya vasitələri sahəsində mövcud məsələləri müzakirə etmək üçün yaxşı imkan olduğunu bildirərək deyib: “Zati-aliləri, cənab Prezident!
Hörmətli İlham Heydər oğlu!
Sizinlə burada görüşmək bizim üçün böyük şərəfdir, çünki MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının növbəti  iclasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin təşəbbüskarı Siz olmusunuz. çox yaxşı haldır ki, bu iclas bizim qardaşlarımızın - AzərTAc informasiya agentliyinin bu gün qeyd etməyə başladığımız yubileyi ilə eyni vaxta düşmüşdür. Zənnimcə, bu hadisələrin eyni vaxta düşməsi təsadüfi deyildir. Bu, bizim üçün çox xoşdur. Odur ki, biz öz həmkarlarımızı, dostlarımızı yubiley münasibətilə təbrik etmək və ümumi işlərimiz, ümumi ovqatımız, ümumi informasiya məhsullarımız barədə danışmaq  imkanı əldə etmişik. Mənim fikrimcə, bu gün həmin məhsulların təkmilləşdirilməsinə, onların daha zəngin məzmun kəsb etməsinə həqiqətən ehtiyac vardır. Biz çox şadıq ki, MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının formatı genişlənmişdir. Bu, AzərTAc agentliyinin də nüfuzunu təsdiq edir. Xüsusən son illərdə AzərTAc nüfuzlu orqana çevrilmişdir, bütün dünya Azərbaycanda baş verənlərdən AzərTAc vasitəsilə xəbər tutur. Əlbəttə, nümayəndələri burada iştirak edən ölkələrin hər biri haqqında bizim daha çox bilməyimiz, onların uğurlarına görə qürur duymağımız, nöqsanlarına görə mütəəssir olmağımız, bir-birimizə kömək etməyimiz üçün biz hələ çox işləməliyik. Əlbəttə ki, ilk addımlar atılmışdır. Bizim bu görüşlər həqiqətən ənənəvi hal almışdır. Biz ildə iki dəfə bu cür böyük informasiya qardaşlığında görüşürük. Bizim müştərək layihələrimiz, müştərək portalımız vardır. Biz müştərək təqvimlər buraxırıq. İndi ən mühüm mövzu Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinin bayram edilməsidir. Burada da çox iş görülmüşdür. Lakin ən başlıcası Sizin qeyd etdiyiniz məsələdir - hər bir ölkə haqqında və birlikdə hamımız haqqında ətraflı, səmimi, düzgün və obyektiv söhbət aça bilmək üçün yeni yollar tapmalıyıq. çox sağ olun”.
Türkiyənin Anadolu agentliyi idarə heyətinin sədri və baş direktoru Hilmi Bengi görüşdə çıxış edərək deyib: “Hörmətli Prezident, icazənizlə mən də bir neçə kəlmə söyləmək istəyirəm. Azərbaycan Respublikasının hörmətli Prezidenti, bundan 18 ay əvvəl Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının - OANA-nın toplantısına gəldiyimiz zaman yenə bizi qəbul etmişdiniz. İndi təkrar hüzurunuzda olduğum üçün təşəkkürlərimi bildirmək istəyirəm. Həqiqətən də bizi qəbul etməyiniz böyük alicənablıqdır. çox təşəkkür edirik. Keçən 18 aydan sonra bu səfərimdə müşahidələrim bundan ibarət oldu ki, hava limanından şəhərə gələrkən tamamilə başqa bir Azərbaycan, tamamilə başqa bir Bakı gördüm. Əminəm ki, digər yoldaşlar da eyni qənaətdədirlər. Həqiqətən də Azərbaycan çox böyük inkişafa nail olmuş, modern bir ölkə olmuş, Bakı müasir şəhər olmuşdur. Bunun üçün Sizə çox böyük təşəkkürlərimi bildirmək istəyirəm.
Qardaşımız Aslan Aslanovun dəvətinə əsasən Azərbaycanın, AzərTAc-ın dostları burada bir yerdəyik. AzərTAc-ın qurulmasının 90-cı ildönümünü təbrik edirik.
Səhərki tədbirdə ifadə edildi ki, milli xəbər agentliklərinin taleləri ilə millətlərin taleləri eynidir. Milli xəbər agentlikləri müstəqillik mübarizələrinin rəmzləridir. AzərTAc da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Eyni şəkildə Anadolu agentliyi də Türkiyə Respublikası və hətta ondan daha əvvəl yaradılmış Türkiyə Böyük Millət Məclisi ilə eyni yaşdadır. Biz də 90-cı ildönümümüzü qeyd edirik. Bu səbəblə AzərTAc-ın 90-cı ilini təkrar təbrik edirik. Azərbaycana və AzərTAc-a neçə belə müvəffəqiyyətli illər diləyirik. Hörmətlərimi ifadə edirəm!”.
Prezident İlham Əliyev tədbir iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, artıq 20 ildir ölkələrimiz müstəqilliyini bərpa edib və MDB məkanında münasibətlər inkişaf edir, əməkdaşlığın formaları təkmilləşir. Bu, özünü  KİV-də də göstərir. Humanitar əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı bu sahədə əlaqələrin dinamikliyinin saxlanmasının vacibliyini bildirərək deyib: “İnanıram ki, MDB ölkələri və qonşu dövlətlər də əməkdaşlıqda maraqlıdırlar”.
Prezident İlham Əliyev bir daha tədbir iştirakçılarına uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1081 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31