Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şirvan ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhər olacaq

Şirvan ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhər olacaq

02.04.2010 [09:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Şirvan şəhərinə səfərə gəlib. Son illərdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şirvan şəhərinin də sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bu sənaye şəhərinin inkişafı ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub və uğurla həyata keçirilib. 2009-cu ildə ümumi məhsul buraxılışı 2008-ci illə müqayisədə artaraq 221 milyon manatdan çox olub, sənaye məhsulunun həcmi isə 186 milyon manat təşkil edib. ötən il şəhərdə 506 min ton xam neft, 21 milyon kubmetr qaz və 2 milyard 657 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Sənaye məhsullarının 66,6 faizi qeyri-dövlət sektorunda istehsal olunub. Bu da 2004-cü illə müqayisədə 2,1 dəfə artım deməkdir.
Şəhər iqtisadiyyatının uğurlu inkişafı, yeni istehsal sahələrinin yaradılması əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırıb, yeni iş yerləri açılıb. Bu dövrdə şəhərdə tikinti, abadlıq işləri daha geniş vüsət alıb, küçə və xiyabanlar yenidən qurulub, “Ekologiya ili” çərçivəsində şəhərdə yaşıllıqlar salınıb. Səhiyyə və təhsilin  səviyyəsi daha da yaxşılaşdırılıb, əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatı ödənilib. Şirvan şəhərində 2003-2009-cu illərdə 9281 yeni iş yeri açılıb ki, onlardan 7092-si daimidir.
Dövlətimizin başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyub. Prezident İlham Əliyev meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Məlumat verilib ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılıb. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilib, 22 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb, şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev dünən Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub. Məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında dövlət başçısının Sərəncamına əsasən yaradılan mərkəz Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun inşa edilib. Mərkəzin ətrafı abadlaşdırılıb, burada dekorativ ağac və gül kolları əkilib, çəmənliklər salınıb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Səkkizguşə formasında olan binada əsas ekspozisiyaların yerləşdirilməsi üçün 5 guşə və zal var. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar nümayiş etdirilir. Zalda Ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulub. Burada konfrans zalı, kitabxana, kompyuter otağı var, “Gənc Heydərçilər” dərnəyi fəaliyyət göstərir. Mərkəzdə Ulu öndərin Şirvan şəhərinə səfərləri və bu şəhərin inkişafı ilə bağlı gördüyü böyük işləri əks etdirən fotolar və müxtəlif sənədlər də maraq doğurur. Mərkəzlə tanış olan Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev şirvanlıları təbrik edərək deyib ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir: “Onun fəaliyyəti, zəhməti sayəsində bu gün biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimiz möhkəmlənir, güclənir. Ancaq unutmamalıyıq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə vəziyyətimiz çox ağır idi. ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül və ümumiyyətlə, total böhran Azərbaycanı müstəqillikdən məhrum edə bilərdi. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Biz o ağır illəri unutmamalıyıq. O tarixi yaddaş bizi daim irəliyə aparmaq üçün mühüm bir amil olmalıdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz daxili imkanları hesabına güclü dövlət qurub: “ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır. Biz bütün vəzifələri uğurla icra edirik. Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub”.
Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda, diqqətə çatdırıb ki, hələ həll ediləsi problemlər də çoxdur: “Əhalini narahat edən problemlər çoxdur. Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni bütün bunların təməlində aparılan islahatlardır, düşünülmüş siyasətdir, iqtisadi tədbirlərdir”.
“Biz Şirvan şəhərinin timsalında Azərbaycanın uğurlu inkişafını görürük”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, Bakıdan sonra müdafiə sənayesi ilə bağlı ikinci mərkəz Şirvan şəhəridir: “Mən hesab edirəm ki, biz Şirvan şəhərinin, ümumiyyətlə, sənaye inkişafını bundan sonra da təmin edəcəyik. Amma bir halda, bu istiqamətdə ixtisaslaşma gedir, hesab edirəm ki, müdafiə sənayesinin möhkəm bazası üçün Şirvan şəhərində bütün imkanlar vardır. Həm texniki imkanlar, həm artıq peşəkar kadrlar hazırlanır və beləliklə, Bakıdan sonra ölkəmiz üçün çox vacib sahəni əhatə edən ikinci şəhər Şirvan olacaqdır”.
Prezident İlham Əliyev dünən Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin “Araz” zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı zavodun həyətində Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir işləri, eləcə də quraşdırılan yeni texnoloji avadanlıq hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilib. 2010-cu ildə də kompleks yenidənqurma tədbirlərinin reallaşdırılması davam etdirilir. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırıb. Müdafiə Sənayesi Nazirliyinə tabe olan müəssisələrdə Dövlət İnvestisiya Proqramı çərçivəsində əsaslı vəsait qoyuluşu hesabına 5 obyektin tikintisi və yenidən qurulması başa çatdırılıb. Bir sıra istehsal sahələrində isə işlər 2010-cu ildə tamamlanacaq. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, zavodla tanış olub.
Prezident İlham Əliyev zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxıb. Sonra dövlətimizin başçısı müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış olub. Muzeydə Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikilən müəssisələrin açılışlarını əks etdirən fotolar yer alıb. ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işləri əks etdirən fotolar da Heydər Əliyev muzeyində sərgilənib. Dövlətimizin başçısı müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxıb. Müəssisə ilə tanışlıq zamanı müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib ki, 1980-ci ildə fəaliyyətə başlayan zavodda müxtəlif növ rabitə avadanlığı və xalq istehlakı malları istehsalı olub. 1993-cü ildə zavod “Ulduz” Elm İstehsalat Birliyinin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra zavodda əsaslı surətdə yenidənqurma işlərinə başlanılıb. Zavodun bütün istehsal sexləri və sahələri, eləcə də inzibati bina əsaslı surətdə yenidən qurulub, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 sex istifadəyə verilib. Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanıb. Buraxılan məhsullar sınaqdan uğurla çıxıb. Zavodun ərazisində 5 mindən artıq həmişəyaşıl ağac əkilib. Hazırda işçilərin sayı 70 nəfərdir.
Müəssisənin ərazisində xüsusi təyinatlı 7-ci sahənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Hazırda 6-cı sahənin tikinti-quraşdırma işləri başlanılıb və 2010-cu ilin sonunadək istifadəyə veriləcək. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcək. Yaxın gələcəkdə istehsal sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işlərinin gedişi ilə də tanış olub. Dövlətimizin başçısı zavodun həyətində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev zavodda yeni istehsal sahəsini işə salıb. Məlumat verilib ki, telemexanika zavodu 1981-si ildə fəaliyyətə başlayıb. 1993-cü ildən 2005-ci ilədək zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib. Telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Zavod nazirliyin tərkibinə keçəndən sonra müvafiq bərpa və yenidənqurma işləri aparılıb və yeni istehsal sahələri yaradılıb. Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak edib. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılıb. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üçün də avadanlıq və ehtiyyat hissələrinin istehsalına başlayıb.
Bildirilib ki, buradakı beş yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılıb. Hazırda müəssisədə 330 nəfər çalışır. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da qaydaya salınıb. Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, beş hektar ərazidə inşa olunacaq kompleksin ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor və digər zallar fəaliyyət göstərəcək. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaq. Qeyd edək ki, indiyə qədər ölkədə 26 Olimpiya İdman Kompleksi istifadəyə verilib və hazırda 10-nun tikintisi davam etdirilir. Dövlətimizin başçısına bu istiqamətdə həyata keçiriləcək yeni layihələr barədə də məlumat verilib. Prezident İlham Əliyev gilizi təmələ buraxıb, beton qarışığını töküb, inşaatçılara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Son illər ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqisinin qorunması  ilə bağlı həyata keçirdiyi layihələr də xüsusi önəm kəsb edir. Bu istiqamətdə bölgələrdə də xeyli iş görülür. Milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Dövlətimizin başçısı Mərkəzi Mədəniyyət Evinin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb. Mədəniyyət evində Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edən fotolar var.
Şirvan şəhər Mərkəzi Mədəniyyət Evi 1958-ci ildə istifadəyə verilib. Uzun müddət istismar nəticəsində aşınan bina müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının Şirvana ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama əsasən ayrılmış vəsait hesabına yenidən qurulan Mərkəzi Mədəniyyət Evinin binası müasir standartlar səviyyəsinə çatdırılıb. Mərkəzi Mədəniyyət Evində 247 yerlik tamaşa salonu, səhnə, qrim otağı, dərnəklər üçün 9 otaq və kabinetlər yaradılıb, avadanlıqla təmin olunub. Mədəniyyət evinin ətrafında da abadlaşdırma işləri görülüb, yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən, həmçinin, Şirvan şəhərinə səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. “Cənub” Elektrik Stansiyasının təməli 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Avropada ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatlıq Şirvan İstilik Elektrik Stansiyası isə 1967-ci ildən tam gücü ilə işləyir və istismar müddətindən 2 dəfə çox fəaliyyət göstərərək tamamilə köhnəlib. Bu səbəbdən Prezident İlham Əliyevin 2005-ci il 14 fevral tarixli müvafiq Sərəncamına uyğun olaraq Şirvan şəhərində 780 meqavatlıq yeni stansiyanın tikintisinə başlanıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcək. Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaq. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaq. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Stansiyanın ərazisi 20 hektardır.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda inşaat işlərinə 750 nəfər cəlb olunub. Layihə başa çatdıqdan sonra stansiyada 200 nəfər daimi işlə təmin ediləcək.
Mürəkkəb metal konstruksiyalar, körpülü kranlar, mazut çənləri və digər zəruri avadanlıq isə respublikamızda ilk dəfə olaraq yerli “AZENKO” şirkəti tərəfindən hazırlanıb.
Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirilib ki, ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verib, energetiklərə və inşaatçılara uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31