Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir
08.04.2010 [15:03]
Prezident İlham Əliyevin Estoniyaya dövlət səfəri davam edir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub. Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olunub.
Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Sonra hədiyyələr təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Tallinndə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves birgə Bəyannamə imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli əlaqələrin inkişafı və gələcək əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub. Azərbaycan ilə Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Prezidentlər ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində vacibliyini vurğulayıblar.
Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış ediblər. Estoniya Prezidenti Toomas Hendrik İlves söyləyib ki, ölkələrimiz arasında münasibətlər çox yaxşıdır: “Azərbaycan Xəzər regionunun aparıcı ölkəsi kimi əsrlər boyu enerji sahəsində əsas iştirakçı olub. Biz əminliklə qeyd edə bilərik ki, Azərbaycan ilə Estoniya bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan ölkələrdir. Elə cənab Prezident də bunu belə qeyd etdi. ölkələrimiz qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolları birgə müəyyən edə bilər. Biz Avropa İttifaqının üzvü kimi istəyirik ki, Avropa İttifaqı Dünya Ticarət Təşkilatına üzvlük və digər bu kimi mühüm məsələlərdə Azərbaycanı daha dəstəkləyici mövqe ilə çıxış etsin. Avropa İttifaqının üzvü kimi Estoniya Azərbaycan ilə əlaqələri daha da sıx qurmaqda maraqlıdır. Biz bundan sonra çalışacağıq ki, bu məsələyə bacardığımız qədər töhfəmizi verək. çünki hesab edirik ki, Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Avropanın gələcəyindən asılı olmayaraq, Azərbaycan Avropanın ən mühüm tərəfdaşı və qonşularından biri olaraq qalacaqdır. Biz bu gün burada bir çox məsələləri müzakirə etdik. Onların sırasında ikitərəfli münasibətləri, qonşu ölkələrlə əlaqələri, regional məsələləri qeyd etmək olar. Biz NATO ilə əlaqələrimizi müzakirə etdik, öz regionlarımızda təhlükəsizlik anlayışı ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycan Prezidentinin burada olması çox mühüm tarixə təsadüf edir. Sabah Azərbaycanın eston icmasının 100 illiyi qeyd ediləcəkdir. Bir sözlə, cənab Prezident, səfəriniz çox mühüm tarixi hadisə ilə üst-üstə düşür. Yüz il əvvəl Azərbaycanın eston icması mütəşəkkil forma alıb. Düzdür, onun formalaşması həmin tarixdən də əvvələ təsadüf edir. Lakin məhz 100 il bundan öncə eston icması rəsmən qeydiyyatdan keçib. Sabah eston icmasının 100 illiyidir. Hesab edirəm ki, əlaqələrimizin 100-cü ildönümü onu göstərir ki, biz münasibətlərimizi davam etdirməliyik və yeni əməkdaşlıq ideyaları ilə çıxış etməliyik. Sağ olun”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir: “Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək. Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır. Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər. Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir”.
* * *
Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev dünən Tallinndəkı Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub və Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad edib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev dünən Tallinnin Köhnə şəhərində yerləşən və buranın əsas yerlərindən olan Ratuşaya gəlib. Şəhərin meri Edqar Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə qarşılayıb. Tallinnin meri Azərbaycan dövlətinin başçısını salamlayaraq vurğuladı ki, 600 il bundan əvvəl şəhərin bu tarixi abidəsi barədə çox mühüm bir qərar qəbul olunub. Qərara əsasən şəhərin yüksək səviyyəli qonaqlarını burada qarşılayırlar. Tallinnin tarixi və bu günü haqqında ətraflı məlumat verən E.Savisaar bildirib ki, Şimali Avropanın qədim paytaxtlarından biri olan bu şəhər Estoniyanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Əsrlər boyu Tallinn çoxmillətli şəhər olub. Hazırda burada 120 millətin nümayəndələri yaşayır. Bu qədim şəhərdə 700-dək azərbaycanlının yaşadığını qeyd edən mer, həmvətənlərimizin Azərbaycan ilə Estoniya arasında ən yaxşı körpü olduğunu vurğulayıb. E.Savisaar bildirib ki, Estoniyada yaşayan azərbaycanlılar bu ölkədə uğurla fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində birləşiblər. Mərkəz azərbaycanlıların həmrəy olmasına, dilinin, adət-ənənələrinin qorunmasına və Azərbaycan-Estoniya münasibətlərinin inkişafına xidmət edir. Biz çox şadıq ki, Tallinndə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Azərbaycan uşaq bağçası da fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Ratuşanın Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra Prezident İlham Əliyev Tallinnin meri Edqar Savisaarın müşayiəti ilə Ratuşanın binası ilə tanış olub.
Bildirilib ki, XV əsrin əvvəlində mərkəzi ticarət meydanında inşa edilmiş bu tarixi abidə dövlət tərəfindən Şimali Avropanın yeganə qotik üslubda olan memarlıq incisi kimi qorunur. Estoniya paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən 600 illik tarixə malik Ratuşada əsrlər boyu magistrat üzvləri - ratmanlar şəhər həyatının mühüm məsələlərini müzakirə ediblər. Bu gün isə burada rəsmi mərasimlər, sərgilər, konsertlər keçirilir. İkimərtəbəli tarixi binada Ratuşa, Bürqer, Magistr, Ticarət, Podval zalları və dövlət xəzinə idarəsi yerləşir. Ratuşa ilə tanışlıq zamanı bildirilib ki, Tallinnə xüsusi yaraşıq verən bu tarixi memarlıq abidəsinin ən əsas elementlərindən biri də paytaxtın rəmzi olan və bir çox əfsanələrdə xatırlanan “Qoca Tomas” yelqovanıdır. Bu yelqovan 1530-cu ildə Ratuşanın qülləsində qurulub. Azərbaycan Prezidenti İlham Əliyev Ratuşanın Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev dünən Tallinndə Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşüb. Prezident İlham Əliyev və Baş nazir Andrus Ansip şəhərin mənzərəsini seyr ediblər. Səmimi söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu sahədə əlaqələrin genişlənməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb. Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Estoniyanın Baş naziri Andrus Ansip Elmlər Akademiyasının binasında birgə nahar ediblər. Azərbaycan dövlətinin başçısı Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
* * *
Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib. Dövlətimizin başçısı mühazirəsində ölkələrimiz arasında əlaqələrin inkişafı, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, Avropa İttifaqına inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri və problemin həlli ilə bağlı məsələlərə toxunub.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə “Microlink” şirkətindəki informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olub. Azərbaycan dövlətinin başçısı Estoniyada İKT sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşüb. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri Prezident İlham Əliyevə təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat veriblər. Dövlətimizin başçısı Sərgi Mərkəzində müxtəlif sahələrdə tətbiq olunan və müasir tələblərə cavab verən innovasiya layihələri ilə tanış olub.
* * *
Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev dünən Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşüb.
Dünən Tallinndə Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlvesin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

