Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib

“Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib

04.11.2021 [19:50]

Noyabrın 4-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbirdə “44 günlük zəfər salnaməsi” filmi nümayiş etdirilib.

Sonra ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, tarixi zəfəri bizə bəxş edərək öz həyatlarını qurban vermiş igid zabit və əsgərlərimizin, ümumilikdə Vətən uğrunda, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün bacı və qardaşlarımızın, bütün mənalı həyatını bu yolda fəda etmiş, Azərbaycan xalqı və dövlətinin rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla anırıq.  O qeyd edib ki, Azərbaycan xalqı tarixə öz adını qalib, qurucu və qürurlu xalq kimi yazmağı bacarıb: “2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Şübhəsiz ki, bu Zəfər salnaməsinin yaradılması – Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olması sadə və sıradan məsələ deyil.

Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını əks etdirən çox mühüm faktdır. Amma eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun real - məntiqi nəticəsidir”.

YAP Sədrinin müavini deyib ki, ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib. Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilib, ölkənin maliyyə imkanları genişlənib. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf bizi tarixi Zəfərə aparan çox mühüm – həlledici amillərdən biri olub.

Onun sözlərinə görə, son 18 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir: “Ümumi daxili məhsul istehsalının artım göstəriciləri də bu reallığın ifadəsidir. Belə ki, Azərbaycanda sözügedən dövrdə müşahidə olunan ÜDM-nin 3,2 dəfəlik artımı dünya üzrə ən yaxşı göstəricilərdəndir. Digər əhəmiyyətli faktor Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olmasıdır. Son 18 ildə Azərbaycana daxili və xarici mənbələrdən 274 milyard dollar investisiya yönəldilməsi isə iqtisadi inkişafın davamlılığını təmin edən mühüm amillərdən biridir. Azərbaycanın nümunəvi iqtisadi inkişaf modelinin mühüm komponentləri sırasında respublikamızın strateji valyuta ehtiyatlarının mütəmadi olaraq artması, son olaraq 53 milyard ABŞ dollarını üstələməsi də xüsusi yer tutur. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olması və digər faktlar, nailiyyətlər iqtisadi müstəqilliyi gücləndirən və beləliklə də, siyasi suverenliyin əsaslarını möhkəmləndirən amillərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: “Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır””.

Vurğulanıb ki, iqtisadi müstəqilliyin və milli inkişafın təmin olunmasına paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini mümkün edib. Dövlət başçısının qeyd etdiyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. Azərbaycanın öz milli gücü vasitəsilə işğal faktını aradan qaldırması ilə artıq münaqişə tarixə qovuşub – müharibə geridə qalıb. İndi Avrasiyanın çox mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqaz regionu postkonflikt mərhələsindədir. Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verib, Böyük Qayıdışın ən yüksək səviyyədə və qısa müddət ərzində təmin olunması üçün ardıcıl, məqsədyönlü işlər görülməkdədir. Bu, postmüharibə dövründə də Azərbaycan iqtisadiyyatının gücünü, yaxud ölkəmizin güclü iqtisadi potensialını əks etdirir. Xüsusən, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası, iqtisadi potensialdan istifadə olunması milli inkişafın sürətlənməsinə təkan verəcək. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması isə həm tarixi, həm mənəvi, həm iqtisadi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir.

Tahir Budaqov diqqətə çatdırıb ki, postmüharibə dövrünün mühüm hədəflərindən biri Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasıdır: “Bu, siyasi, hərbi-strateji cəhətdən mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Yeni şəraitdə geosiyasi və geoiqtisadi işbirliyi imkanları təkcə bölgə xalqları və dövlətləri üçün deyil, bir çox dövlətlər, o cümlədən regional və beynəlxalq güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlərin mühüm iqtisadi mənfəət qazanması deməkdir. Bütün bunlar isə Zəfər iqtisadiyyatımızın inkişafı, Azərbaycanın milli tərəqqisində yeni mərhələnin başlanmasıdır.

Nəticə etibarilə, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyat və ordu quruculuğunun həyata keçirilməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması və Azərbaycanın imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan Böyük Qələbə ölkəmizi yeni strateji nailiyyətlərə və zirvələrə aparır. Şübhəsiz ki, postmüharibə mərhələsində həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, o cümlədən yeni iqtisadi nailiyyətlər qazanaraq milli gücünü daha da artırmasını təmin edəcək! Hər birinizi qarşıdan gələn Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə sülh və əminamanlıq, xalqımıza rifah və xoşbəxtlik arzu edirəm”.

Tədbirdə “Rəqəmsal transformasiya və iqtisadi inkişaf” mövzusunda çıxış edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, müasir iqtisadiyyatın aparıcı qüvvəsi innovasiya və biliklərdir. Onun sözlərinə görə,  Prezident İlham Əliyev tərəfindən imzalanmış  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də prioritetlərdən biri yaradıcı və innovativ cəmiyyət quruculuğudur.

Nazir qeyd edib ki, keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur: “Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olublar. İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycanın qarşısında duran prioritet məsələlərdən birinə çevrilib. Ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları  sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülüb. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti ilə yanaşı, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsi tələb olunur”.

R.Nəbiyev söyləyib ki, bu gün Azərbaycan  Hökuməti rəqəmsal transformasiyanı innovasiya mühitinin aparıcı qüvvəsi kimi görməkdədir: “Əgər Azərbaycanın iqtisadiyyatı güclü olmasaydı, güclü texnologiyalar da əldə edə bilməzdik. Bütün dünyanın aparıcı ölkələrində ümumdaxili məhsulun 2,3 faizi elmi tədqiqatlara həsr olunur. Ancaq təəssüf ki, bu gün Azərbaycanda bu rəqəm istədiyimiz səviyyədə deyil. Qarşıya qoyulan məqsəd odur ki, elmi tədqiqatlara ayrılan vəsaitlərin həcmi iqtisadiyyatımızın potensialına xidmət etməsi üçün bir neçə dəfə artırılsın. Bizim baxışımız ondan ibarətdir ki, rəqəmsal transformasiya ilk öncə effektiv dövlət xidmətlərinin əhaliyə təqdim edilməsidir. Bunu ASAN Xidmətin timsalında görürük. Növbəti mərhələdə bu xidmətin virtual mühitə keçirilməsi, yəni rəqəmsallaşmasıdır ki, biz qısa müddətdə bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Eyni zamanda, dövlət qurumları arasında olan münasibətlərin virtual məkana keçirilməsi də qarşıda dayanan vəzifələrdən biridir. Cənab Prezident tərəfindən Azərbaycanda rəqəmsal transformasiyanın konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq verilib. Tapşırığa uyğun olaraq müvafiq dövlət qurumları ilə birgə bu sənədi hazırlamışıq. Yəqin ki, bu sənədin yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. Onu da qeyd edim ki, 2024-cü ilin sonuna qədər Azərbaycanda genişzolaqlı internetlə təmin edilməmiş kənd qalmayacaq. Digər məqam isə insan resurslarının mövcudluğudur. Burada diqqət universitetlərimizin elmi-tədqiqat yönümlü olmasına yönəlməlidir”.

R.Nəbiyev kibertəhlükəsizlik məsələlərinin də konsepsiyada öz əksini tapdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, görülən bütün işlər ölkə vətəndaşlarının rifahına xidmət edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə “Milli təhlükəsizlik və iqtisadi inkişaf” mövzusunda çıxış edib. V.Qasımlı çıxışında müstəqillik illərində milli iqtisadiyyatımızın keçdiyi mərhələlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ötən dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb: “2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Strateji Yol Xəritələrinin uğurla icra olunması sosial-iqtisadi gücümüzü daha da artırır. Artıq Azərbaycan Avrasiya məkanında önəmli rola malik dövlətə çevrilib. Bütün bunlara ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində nail olmuşuq”.

İcraçı direktor deyib ki, Azərbaycan tarixi Zəfərin qazanılması üçün 30 il ərzində böyük işlər görüb. Müharibənin başa çatması regionda yeni reallıqlar yaradıb və Azərbaycanın təşəbbüsləri  ilə regionda güc mərkəzi yaranır. Bu, gələcəkdə qlobal gücə çevrilə bilər.

Maliyyə təhlükəsizliyi ilə bağlı məlumat verən V.Qasımlı diqqətə çatdırıb ki, Azərbaycanın xarici borcu ÜDM-nin 18.2 faizi həcmindədir: “Bu, yaxşı göstəricidir. Çünki dünya üzrə normativ göstərici 40 faizdir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 55 milyard dollara yaxınlaşıb. Bu fakt da ölkəmizin iqtisadi gücündən xəbər verir. Bütövlükdə, Azərbaycanın maliyyə-iqtisadi təhlükəsizliyi tam təmin olunub”.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli iqtisadiyyatın rolu” mövzusunda çıxış edərək Azərbaycanın müstəqilliyinin əsaslarının hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib: “1969-cu ilə qədər keçmiş ittifaq miqyasında Azərbaycan ən geridə qalan respublikalardan biri idi. Amma ulu öndər Heydər Əliyev respublikamıza rəhbərliyə gəldikdən sonra qısa müddət ərzində Azərbaycan iqtisadi inkişaf baxımından keçmiş sovetlər birliyində öncül sıraya çıxdı. Məhz o dövrdə Azərbaycanın müstəqilliyinin təməlləri atıldı. Təəssüf ki, yaradılmış güclü iqtisadi baza müstəqilliyin ilk illərində dağıdıldı. 1992-ci ildə respublikada infilyasiyanın 1700 faiz olması acı mənzərənin göstəricisi idi. Lakin ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf və tərəqqi yoluna çıxdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə oldu”.

Komitə sədri xatırladıb ki, cənab İlham Əliyevin Prezident kimi ilk fərmanı ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı idi. Bu bir daha onu göstərir ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun fikrincə, iqtisadi müstəqillik olmasa, hər hansı dövlətin müstəqilliyi mümkün deyil: “44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında iqtisadi gücümüz əsas rol oynadı. Bu müharibənin iqtisadiyyatımıza mənfi təsirini hiss etmədik. Qazanılan Zəfər Azərbaycanın iqtisadi inkişafı üçün yeni perspektivlər açır. Biz qarşıya qoyulan yeni hədəflərə nail olacağıq. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq”.

Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə “İqtisadi inkişaf perspektivləri” mövzusunda çıxış edərək söyləyib ki, 44 günlük müharibədə Azərbaycan hərb tarixində yeni model tətbiq etdi və hazırda dünya ölkələri tərəfindən bu model təhlil olunur: “Müharibədən sonra Prezident İlham Əliyev yeni inkişaf modelləri təqdim etdi. “Ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji” konsepsiyası irəli sürülüb. Bu onu göstərir ki, Qarabağ müasir innovasiya mərkəzinə çevrilir”.

Azərbaycan iqtisadiyyatında neft amilinin böyük rolu olduğunu deyən rektorun fikrincə, neft tükənən sərvət olduğu üçün iqtisadiyyatda müasir innovasiyalar tətbiq olunur: “Bu baxımdan, rəqəmsal iqtisadiyyat çox önəmlidir”. Ə. Muradov çıxışında işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı barədə fikirlərini bildirib. O Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflərini səsləndirib.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, postkonflikt dövründə ölkə iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı bu tipli  müzakirələrin aparılması faydalıdır. Konfransda ölkə iqtisadiyyatının dünəninə, bu gününə və gələcəyinə nəzər salındığını deyən Tahir Budaqov bir sıra təkliflərə də münasibət bildirib. Qeyd edib ki, rəqəmsal inkişafın qiymətləndirilməsi üçün Azərbaycanda yeni göstəricilər sistemi yaradılmalıdır: “Dövlət Statistika Komitəsinin sədri kimi  bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinə rəsmi müraciət etmişəm. Cəmi bir neçə ölkə bu sahədə addımlar atıb. Azərbaycan da bu prosesdə öndə olmalıdır”.

YAP Sədrinin müavini vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfər Azərbaycan dövləti və xalqı qarşısında yeni üfüqlər açdı: “Azərbaycan möhkəm təməllər üzərində dayanaraq gələcəkdə də yeni zəfərlər qazanmağa qadir olan ölkədir. Bu gün biz milli maraqlarımızın qorunmasına, müstəqil ölkəmizin daha da güclənməsinə  xidmət edən yol ilə gedirik. Bu yolu ulu öndər Heydər Əliyev bizə ərmağan edib. Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu yolla inamla irəliləyirik. Bu yol Azərbaycan üçün alternativi olmayan yeganə yoldur”.

Sonda konfrans iştirakçıları adından 8 Noyabr – Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət qəbul olunub. 

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31