Praqa prosesi adlandırılan format işğalçı dövlət üçün son şansdır
07.07.2010 [09:45]
Prezident İlham Əliyev dünən Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. Dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binası da icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm addımdır.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. ümumi sahəsi 1300 kvadratmetr olan binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı və digər müşavirə otaqları da var.
Burada icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotolar da nümayiş olunur.
Bina ilə tanışlıqdan sonra “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüş olub.
Prezident İlham Əliyev görüşdə nitq söyləyib: “Əziz dostlar, sizi ürəkdən salamlayıram. Bu gün çox əlamətdar bir gündür. Dağlıq Qarabağın azərbaycanlı icması üçün mənzil-qərargahın yeni binası istifadəyə verilir, eyni zamanda, Şuşa İcra Hakimiyyəti bu binada yerləşəcəkdir. çox gözəl, müasir binadır, qısa müddət ərzində əsaslı təmir olunub və burada fəaliyyət göstərmək üçün bütün şərait yaradılıb. Əminəm ki, siz burada çox böyük səmərə ilə işləyəcəksiniz. Sizin iş şəraitiniz statusunuza uyğun olmalıdır və biz bu gün buna nail olduq. Qısa müddət ərzində bütün təmir-tikinti işləri aparılmışdır və bina ilə tanışlıq çox gözəl təəssürat bağışlayır. Ancaq bu da həqiqətdir ki, bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Dağlıq Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir. Siz Dağlıq Qarabağın nümayəndələri kimi əlbəttə ki, o bölgənin tarixini çox yaxşı bilirsiniz. İndi münaqişə ilə bağlı bütün reallıqlar bizim fəaliyyətimiz nəticəsində artıq dünya birliyinə çatdırılır. Bütün beynəlxalq təşkilatlarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarında Azərbaycanın səmərəli fəaliyyəti nəticəsində münaqişə ilə bağlı reallıqlar, bu bölgənin tarixi, mədəniyyəti ilə bağlı həqiqətlər artıq o təşkilatların üzvlərinə çatdırılır. Münaqişənin ilk illərində erməni lobbisinin fəaliyyəti nəticəsində və Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən münaqişənin səbəbləri, Dağlıq Qarabağın tarixi ilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir. Bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur. Bildiyiniz kimi, ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində köçürülmüşlər. Ondan sonra müxtəlif səbəblər üzündən Dağlıq Qarabağda erməni əhalisi əksəriyyət təşkil etmişdir. Bunun nəticəsində XX əsrin əvvəllərində, 1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət yaradılmışdır. Dağlıq Qarabağın bütün tarixi, bütün toponimləri, coğrafi adlar Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlıdır. Bütün kəndlərin, şəhərlərin adları Azərbaycanın tarixini təcəssüm etdirir.
Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur. Bu yaxınlarda mən bu barədə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, uzağa getməyək, elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, - xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib, - orada Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi vardır. “Stepanakert” sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız insanların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Ancaq yenə də demək istəyirəm, əfsuslar olsun ki, bu həqiqətlər uzun illər ərzində dünya birliyinə o qədər də geniş şəkildə çatdırılmırdı. Yəni, dünya birliyi bu barədə məlumatsız idi. Bu, problemlərimizin bir tərəfidir. Digər tərəfi, hətta bu gün, bütün beynəlxalq təşkilatlarda və dünyada fəaliyyətimiz nəticəsində həqiqətlər çatdırıldığı bir zamanda biz yenə də bəzi hallarda Azərbaycana qarşı ədalətsizliklər görürük. Bəzi hallarda həqiqətlərə göz yumulur. Bu reallıqlar nəzərə alınmır və müəyyən dairələr, xarici dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bu, dünyada bu gün və əvvəlki dövrlərdə də mövcud olan bir yanaşmadır. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?! Bunu bütün Azərbaycan xalqı yaxşı bilir. Biz öz fəaliyyətimizlə, apardığımız siyasətlə, həqiqətləri çatdırmaqla öz işimizi davam etdirəcəyik.
Beynəlxalq təşkilatların qərarları çox önəmlidir. Bəzi hallarda belə bir fikir yarana bilər ki, bu qərarlar qəbul edilir, Azərbaycan haqq səsini artıq bütün beynəlxalq forumlarda dünya birliyinə çatdırır, ancaq münaqişə həllini tapmır. Bu, həqiqətdir. Ancaq bununla bərabər, beynəlxalq təşkilatların qərarları məsələnin həlli üçün əsasdır. Məsələnin istənilən yolla həlli üçün əsasdır. çünki, beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulmasına baxmayaraq, onları heç kim inkar etmir. Yəni, dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıbdır və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar - yəni, bu təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulubdur və istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Əgər Azərbaycan görsə ki, sülh prosesi artıq tükənib, heç bir ümid yoxdur və müharibə yoluna üstünlük verərsə, yenə də beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik ki, ərazi bütövlüyümüz dinc yolla, danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələ ki, bu, mümkün deyildir.
Bununla bərabər, mən hesab edirəm ki, biz diplomatik səylərimizi bundan sonra da davam etdirməliyik. Bax, bu yaxınlarda Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, artıq münaqişənin başlanmasından 20 ilə yaxın vaxt keçir, ancaq bu qətnamə bu il qəbul edilib. Hesab edirəm ki, gec olsa da, ədalətli qərarın qəbul edilməsi, özü də Avropa Parlamentində qəbul edilməsi çox önəmlidir. Hamımız bilirik ki, orada erməni lobbisi nə qədər böyük imkanlara malikdir və bu qətnamənin əleyhinə çıxan erməni lobbisi nə qədər böyük səylər göstərmişdir.
Bütün bunları biz yaxşı bilirik. Bəlkə geniş ictimaiyyət bundan xəbərsizdir. Amma biz bilirik ki, son ana qədər onların müqaviməti, səyləri və bütün dünya erməniliyinin birləşməsi yenə də qətnamənin əleyhinə qərarın qəbul edilməsinə imkan yaratmadı. çünki haqq-ədalət öz yerini tutdu. Bir də ki, biz Azərbaycanın artıq artan təsir imkanları və həqiqətin Avropa deputatlarına çatdırılması sayəsində bu qətnamənin qəbul edilməsində istədiyimizə nail olduq. Əgər desəm ki, bu qətnamə bu gün, ya sabah münaqişənin həlli üçün bir əsas rol oynayacaq, əlbəttə, bu, düzgün olmaz. Ancaq yenə də deyirəm, istənilən anda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa etmək istəyəndə, əlbəttə ki, hüquqi əsas həlledici rol oynayacaqdır. Beləliklə, bugünkü vəziyyət, yəni beynəlxalq hüquq normaları əsasında həllini gözləyən münaqişə ilə bağlı proseslər müsbət istiqamətdə davam edir. çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda vacib qərarlar qəbul edilmişdir. O ki qaldı, münaqişənin həllinə, bir daha demək istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, edəcəkdir və danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmamışdır. Bu gün Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz, buna görə, Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir. çünki biz bütün dövrlərdə çalışmışıq və buna nail olmuşuq ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır, münaqişə həllini bunun əsasında tapmalıdır. Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Nədir bu Helsinki prinsipləri? Yəqin ki, indi bunu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Burada əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də vardır. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalıdır, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünüidarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Budur Helsinki prinsiplərinin mahiyyəti və mənası. Bunun əsasında həmsədr ölkələr tərəfindən işlənilmiş təkliflər ortaya qoyulub və Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir. Bunlar nədən ibarətdir? Bir daha mən bu barədə məlumat vermək istəyirəm. İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulubdur. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıbdır. çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. çünki bütün təhlükəsizlik təminatları verilməlidir.
Bizim niyyətimiz yoxdur ki, ermənilər kimi orada etnik təmizləmə siyasəti aparaq. Heç vaxt Azərbaycan xalqı belə çirkin əməllərə əl atmamışdır. Ona görə, Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər. Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərinə götürəcəklər. Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaqdır. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyildir. Görünür ki, Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni ki, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər. Azərbaycan tərəfi, əlbəttə ki, bununla heç vaxt razı ola bilməz. Biz uzun illərdir ki, danışıqlarda iştirak edirik, konstruktivlik nümayiş etdiririk. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib. Ermənistan parlamentində terror aktları, Ermənistanda 1990-cı illərin sonunda dövlət çevrilişi və digər cinayətlər münaqişənin həll olunması üçün əsas problem yaratmışdır. Biz isə həmişə konstruktivlik nümayiş etdirmişik. Bu gün də konstruktivlik nümayiş etdiririk və bu prinsipləri bütövlükdə qəbul edirik. Münaqişə bu prinsiplər əsasında həllini taparsa, mən hesab edirəm ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunacaqdır. Birinci, Azərbaycan vətəndaşları Dağlıq Qarabağın ətrafında yerləşən bütün bölgələrə qayıdacaqlar. Son illər ərzində Azərbaycan əhalisi artıbdır və əlbəttə ki, o bölgədə demoqrafik vəziyyət qısa müddət ərzində bizim maraqlarımızı tam şəkildə təmin edəcəkdir. Dağlıq Qarabağa, Şuşaya Azərbaycan əhalisinin qayıtması mütləq olmalıdır. Yəqin ki, buna bir qədər çox vaxt lazım olacaqdır. Ancaq bunsuz bu münaqişə öz həllini tapa bilməz və Azərbaycan bütün imkanlardan istifadə edəcək ki, buna maksimum tez bir zamanda nail ola bilsin”.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək: “Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansdır. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın”.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir: “Azərbaycan xalqının iradəsi mövqeyimizi dəstəkləyir. Ermənistanda hətta müxtəlif rəhbər dairələrdə belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır, danışıqlar gedir, hələ bir 10 il davam etsin, bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaqdır. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur. Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaqdır. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edərək, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

