Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev: Azərbaycan Zəfər marşındadır

İlham Əliyev: Azərbaycan Zəfər marşındadır

10.12.2021 [10:15]

Zəfər paradından 1 il ötür

Nurlan QƏLƏNDƏRLİ

Düz 1 il əvvəl bütün dünya Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin daha bir şanlı və qürurverici səhifəsinə - zirvə hadisələrindən olan Zəfər paradının keçirilməsinə şahidlik etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu. Yeri gəlmişkən, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Beləliklə, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu.

Möhtəşəm Qələbə, yaxud Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Heç şübhəsiz, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük İkinci Qarabağ - Vətən müharibəsi iftixar mənbəyimizdir. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, adını tarixə silinməz izlərlə - qızıl hərflərlə əbədi həkk etdirdi.  44 günlük Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, rəşadətli, cəsarətli və şərəfli Azərbaycan xalqının milli mübarizə nümunəsidir.

Azərbaycan Prezidenti Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdi: “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq”. Prezident İlham Əliyev ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Ermənistan isə bu müddət ərzində sadəcə olaraq status-kvonu qoruyub saxlamağa, işğalçı siyasətini davam etdirməyə çalışdı. Bu ölkənin hərbi-siyasi rəhbərliyi müxtəlif formalarda münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirdi, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar etdi. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozdu. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın kəndlərinə hücumlara başlamaqla növbəti təxribatlar törətməsi Azərbaycan dövlətinin və xalqının səbrinin tükənməsinə səbəb oldu. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alan Azərbaycan əks-hücum əməliyyatına başladı, öz ərazilərini işğaldan azad etmək üçün Zəfər yürüşünə start verdi. Beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Beləliklə, Azərbaycan işğal faktı ilə barışmadı və öz milli gücü, hərbi-siyasi resursları ilə məsələni həll etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev paradda çıxışı zamanı deyib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Xüsusi vurğulanmalıdır ki, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Eyni zamanda, Ermənistan ordusunun çox sayda peşəkar zabit heyəti və müddətdən artıq xidmət dən hərbi qulluqçuları məhv edildi. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ən əsası, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Beləliklə, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi”.

Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Bunlarla yanaşı, Azərbaycan ərazi bütövlüyü və tarixi ədalətlə yanaşı, milli qürur və milli ləyaqətin də bərpasına müvəffəq olmaqla şərəfli tarix yazdı. Azərbaycan xalqı şanlı keçmişə və parlaq gələcəyə, mübarizə ruhuna, sarsılmaz həmrəyliyə malik olduğunu və müzəffər xalq kimi gələcəyə addımladığını nümayiş etdirdi. Bütövlükdə, Azərbaycan münaqişəni hərbi-siyasi həll etməklə öz qüdrətini göstərdi. Ölkəmiz həm də Ermənistanın işğalçı siyasətinə loyal münasibət göstərən və təcavüzkarı dəstəkləyən, separatizmə rəvac verən bir sıra böyük dövlətlərin, o cümlədən bəzi beynəlxalq təşkilatların ikili standartlar siyasətini, qərəzli və qeyri-obyektiv mövqeyini iflasa uğratdı. Nəticə etibarilə, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rasional siyasəti, dəmir məntiqi, polad iradəsi, Azərbaycan xalqının mübarizə əzmi və Ordumuzun gücü haqq-ədalətin bərpasını təmin etdi. Ona görə də 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi - Qələbə dastanıdır. Bu Zəfər yürüşü, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin “münaqişənin hərbi həlli yoxdur” deyənlərə ən tutarlı, layiqli və sərrast cavabı oldu!

Dünya bir daha Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin sarsılmazlığına şahid oldu

Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təmin olunmasına dost ölkələr də mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini verdilər. Heç şübhəsiz ki, bu sırada qardaş Türkiyə həmişəki kimi öndə gəlir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı.

Elə Zəfər paradı da Azərbacanın gücünü, qüdrətini nümayiş etdirməklə yanaşı, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu, Azərbaycan-Türkiyə bütün dünyaya nümayiş etdirildi. Prezident İlham Əliyev paradda çıxışı zamanı “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalq­larımıza, eyni zamanda, bütün dünyaya göstəririk”,-deyə vurğuladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd etdi ki, Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur: “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”.

Paradda Azərbaycanın möhtəşəm tarixi qələbəsindən, yeni mərhələdə qarşıda duran vəzifələrdən və yeni reallıqlardan bəhs edən Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri, şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir”,-deyə xüsusi olaraq vurğuladı.

Üçrəngli bayrağımız ən yüksək zirvədə...

Zəfər paradı, həmçinin müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim ən yüksək zirvələrdə qürurla və əzəmətlə dalğalandığını, Azərbaycanın qarşıda duran bütün hədəflərə çatmaq gücündə - iqtidarında olduğunu göstərdi. Bu baxımdan, bir məqama xüsusi diqqət yetirmək gərəkdir: 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”,-deyə vurğuladı. Beləliklə, Azərbaycan tam 1 il əvvəl növbəti dəfə tarix yazdı və tarixə yazıldı.

Paylaş
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31