Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Altı ölümün öldürdüyü tək adam

Altı ölümün öldürdüyü tək adam

16.07.2026 [10:47]

Edqar Allan Ponun yaradıcılığı haqqında

əvvəli ötən saylarımızda

Hekayənin açarı da elə misal çəkdiyimiz bu abzasın son cümləsidir. Arzu, ümid insana daim əzab gətirir, dünyanın acılarından azad olmağın, fələyin caynağından qurtulmağın tək yolu arzulardan üz döndərib ümidləri qatı açılmadan yiyəsinə qaytarmaqdır - bunu hələ iki min altı yüz il qabaq Dao, ondan yüz il sonra Budda deyirdi. Labüd fəlakət anında qəhrəmanımız belə bir azadlıq məqamına yetişir, hətta fırtına qoynunda ölümün gözəlliyi, Tanrının qüdrətindən doğan belə bir gözəlliyin fonunda özünün miskin varlığı sarıdan qayğılanmağın mənasızlığı haqda düşünməyə də vaxt tapır. Bu vaxt gəminin arxa hissəsində qalmış yeganə əşyadan - boş su çəlləyindən yapışmış qardaşı çəlləyi buraxıb ona sarı sürünüb rım-boltdan tutur: “Həyəcandan elə çaşmışdı ki, mənim əllərimi itələyirdi, çünki bu “saman çöpü” ikimiz üçün çox balacaydı. Onun bu hərəkətindən necə məyus olduğumu deməyə dilim gəlmir, hərçənd qardaşımın neylədiyini bilmədən dəhşət içində başını itirdiyini də görürdüm. Odur ki, onunla mübarizəyə girişmədim, artıq dözüb-dözməyəcəyimizin mənimçün fərqi yoxuydu. Beləliklə, rım-boltu buraxıb gəminin arxa hissəsinə keçdim. Mən çəlləkdən yapışmağa macal tapmamış gəmi qəfildən sol böyrü üstə əyilib burulğana sarı şütüməyə başladı. Dodaqlarımın altında dua oxuyub ölümü qarşılamağa hazırlaşdım”.

Hekayənin qəhrəmanı son anda özünü kəndirlə çəlləyə bağlayıb dənizə atılır. Qardaşını burulğanın dibində gözləyən taleyin ixtiyarına verməyə məcbur olur, çünki bu dünyada hər kəs yalnız özünü xilas eləyə bilər, hər kəs yalnız öz taleyinə dov gələ bilər; bu mənada hər kəs təkdir, köməksizdir, ancaq çarəsiz deyil. Elə sarıldığı o çəllək də qəhrəmanımızı qurtarır. Məncə, həmin çəlləyin bir az da padşahdan heç nə ummayan Diogenin çəlləyinə qohumluğu çatır. Təbiətin dağıdıcı gücü qarşısında bir saman çöpü qədər aciz qəhrəman o vaxt nicat tapır ki, kimsədən nicat ummur. Heç kimdən heç nə ummamağı, fələkdən möhlət dilənməməyi onu ruhi müvazinətə, zehni sakitliyə, total biganəliyə, kosmik apatiyaya qovuşdurur. Ehtiraslardan arınmış rasional idrak, qorxu okeanında islanmayan, batmayan şəffaf intellekt dünyanın ən böyük irrasional təcavüzü müqabilində sudan quru, çirkabdan duru çıxıb, xaosdan nizam yaradan mənəvi həyatın aparıcı qüvvəsinə, timsalına çevrilir.

                                                                                                                     ***

“Qırmızı ölümün maskası” (1842) hekayəsində də təbiətin insanlara təcavüzündən bəhs olunur, ancaq bu dəfə öz balalarını yeyən ana təbiət bərəkətli həyat selləriylə yox, fəlakət toxumlarıtək səpdiyi mikroblarla, viruslarla hücuma keçir: “Qırmızı ölüm ölkəni çoxdan viran qoymuşdu. Hələ heç bir ölət belə amansız, belə öldürücü olmamışdı. Onun qana boyanmış damğasından, möhüründən al qırmızı dəhşət damırdı! Bu azara yoluxanı qəfil gicəllənmə, sonra əzablı titrətmə tutur, ardınca da xəstənin canından tər kimi qan sızırdı - ölüm beləcə qan-tər içində gəlirdi. Qurbanlığın bədəninə, ondan da ötə üzünə tünd qırmızı ləkə düşər-düşməz əzizləri bəlalıdan əl üzürdülər. Azarın yaxalamağıyla öldürməyinin arası yarım saat da çəkmirdi”.

Fəqət şahzadə Prospero qabaqkı kimi şad-xürrəm dolanır - qorxu onun canına yol tapmayıb, ağlı kəsərdən düşməyib. Torpaqlarında, demək olar, bir inli-cinli qalmayanda Prospero özünə yaxın min nəfər ən yelbeyin, ən dözümlü adamı başına yığıb, onlarla birgə ölkəsindəki quşqonmaz monastırlardan birinə, əlçatmaz, ünyetməz bir bucağa çəkilir (“Dekameron” qəhrəmanlarının Qara ölümdən qaçıb Florensiya kənarındakı malikanədə məskunlaşmasını xatırladır). Şahzadənin şahanə zövqünə uyğun qurulmuş gözəl, əzəmətli tikilini dəmir darvazalı topdağıtmaz uca divarla kəmərləyirlər. Hasarın o üzünə adlayan kimi saray adamları rəzələri dəmirçi kürəsində əridib, ağır çəkiclərlə darvazaya bərk-bərk pərçimləyirlər. Dərd içəri dürtülüb ağıllarını başlarından almasın, əllərini ümiddən üzməsin deyə bütün giriş-çıxışları bağlayırlar: “Monastırda dolanmaq üçün hər şey vardı, saray əhli azar-bezardan uzaqda arxayın yaşaya bilərdi. Divarın çöl üzündə qalanlar da zəhmət çəkib öz başlarına özləri çarə qılsınlar! İndi qəm dəryasına batmaq, baş sındırmaq sarsaqlıq olardı. Əyləncə qıtlığı çəkilməsin deyə şahzadə qabaqcadan tədbir görmüşdü. Buranın təlxəyi də vardı, məddahı da, çalanı da vardı, oynayanı da, gözəli də vardı, şərabı da. Bunlar hamısı üstəgəl qorxusuzluq. Eşikdə isə Qırmızı ölüm at oynadırdı...”

Abbatlıqda yaşadıqlarının altıncı ayında, azarın hələ də tüğyan elədiyi vaxtda şahzadə Prospero misli görünməmiş bal-maskarad hazırladıb min dostunu başına toplayır. Məclisin qurulduğu yeddi otağın hər birinə bir rəngdə bəzək vurulur: “Rəngbərəng pəncərə şüşələri otaqların bər-bəzəyinə, yerinə uyğun seçilmişdi. Məsələn, dəhlizin gündoğana baxan başındakı otaq mavi boyandığından pəncərələrinə də açıq-göy şüşə vurulmuşdu. İkinci otaq qırmızı bəzəndiyinə görə pəncərələri də yaqut kimi parlayırdı. Yaşıla tutulmuş üçüncü otağa da özü rəngdə aynalar seçilmişdi. Dördüncü otağın xalısı-pərdəsi, işığı narıncı, beşinci otağın bər-bəzəyi ağ, altıncı otağın yar-yaraşığı da bənövşəyi rəngdəydi. Yeddinci otağa qara məxmər tutulmuşdu: tavandan divar boyu axıb tökülən ağır qara pərdələrin ətəyi qara məxmər salınmış döşəmənin üstündə qat-qat dururdu. Yalnız bu otaqda pəncərələr divarlardan seçilirdi: pəncərə şüşələri al qırmızı qana boyanmış kimiydi. Yeddi otağın yeddisində də künc-bucağa səpələnmiş, tavandan asılmış saysız-hesabsız qızıl-zinətin arasında bircə qəndil, bircə şamdan gözə dəymirdi - otaqlar şamla, çıraqla işıqlandırılmırdı: ara yolun başına dolanan dəhliz boyu hər pəncərənin qarşısına üstündə kürə alovlanan iri üçayaq qoyulmuşdu, alovun şöləsi şüşədən içəri axıb otağı rəngli işığa bürüdükcə dörd divar arasında nə varsa hamısı yuxu kimi, xəyal kimi görünürdü. Günbatana baxan qara otaqda isə qan-qırmızı şüşədən keçib qaranlıq pərdələrin üstünə düşən işıq adama daha da sirli-sehirli gəldiyindən, üstəlik də, içəridəkilərin üzünü tanınmaz hala saldığından tək-tək qonaq bu qapının kandarını adlamağa ürək eləyirdi. Bu otağın günbatana açılan pəncərəsinin altında qara ağacdan düzəldilmiş nəhəng bir saat vardı. Saatın ağır kəfkiri yeknəsəq boğuq cingiltiylə sağa-sola yellənirdi, hər saat başı onun mis ciyərlərindən aydın, ürəyəyatan, həm də olduqca məlahətli gur bir səs qopurdu...”

Bu saat, əlbəttə, əcəl saatı, onun zəngi də, şübhəsiz, əcəl zəngidir. O səsin çox qəribə gücü, tembri olduğundan çalğıçılar hər saatın tamamında əl saxlayıb ona qulaq kəsilirlər. Bu vaxt oynayan cütlüklər fırlanmağına ara verir, kefcil dəstə çaşqın-çaşqın donub qalır, saatın zəngi vurduqca ən yava pozğunların da qanı qaçır, bir az yaşlı, bir az müdrik olanlarsa qara-qura fikirləri başlarından silib atmaq üçün əllərini alınlarına çəkirlər. Saatın səsi kəsər-kəsməz şən gülüşlər yenidən otaqları doldurur, çalğıçılar boş yerə səksəkəyə düşdüklərinə gülürmüşlər kimi təbəssümlə baxışırlar, hər biri də böyründəkinə pıçıldayıb and-aman eləyir ki, indən belə zəng səsini vecinə almayacaq. Di gəl, düz altmış dəqiqədən - zamanın xırda doğranmış üç min altı yüz saniyəsindən sonra yenə otağı bir çaşqınlıq bürüyür, məclis əhlinin canına yenə vəlvələ düşür. Ölüm zəhmli səsini yenidən işə salır. Bununla belə məclis əhli şənlənməyindən qalmır.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31