Qusar rayonunda son illərdə çox sürətli inkişaf gedir
13.08.2010 [09:29]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirib ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisinə 2008-ci ilin martında başlanılıb. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunub. Tikinti işləri mərhələlərlə aparılıb. Körpünün ümumi uzunluğu 540 metr, eni də, hündürlüyü də 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınıb. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilib. üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir. Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanıb. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilir. Xarici mütəxəssislərin də yaxından iştirakı ilə aparılan müzakirələrdən sonra dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə ərazisindən 4 milyon kubmetr torpaq daşınıb və digər tədbirlər görülüb. Beynəlxalq əhəmiyyətli Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun üzərində yeni körpü kompleksinin inşa edilməsi ilə Şabran şəhərinin mərkəzində yaranan tıxac problemi həllini tapıb.
Dövlətimizin başçısına respublikanın avtomobil yollarının yenidən qurulması ilə bağlı yeni layihələr barədə də məlumat verilib.
Prezident İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı İlham Əliyev inşaatçıları təbrik edərək deyib ki, bu, Azərbaycanda son illər ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar - dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər.
Sonra dövlətimizin başçısı sükan arxasına əyləşib, avtomobili özü idarə edərək Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 131-165-ci kilometrlik hissəsinin açılış mərasiminə gəlib.
Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyevə qədim Şabran şəhərinin maketi nümayiş etdirildi və aparılan arxeoloji qazıntılar, həmçinin, çıraqqala tarix və memarlıq abidəsinin maketi əsasında burada həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.
Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 131-165-ci kilometrliyində görülən işlər və yeni layihələr barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Bildirilib ki, 34 kilometrlik bu yolun inşasına 2009-cu ilin iyulunda başlanıb və tikinti 2 mərhələdə aparılıb. Birinci mərhələdə 15 kilometrlik, ikinci mərhələdə isə qalan 19 kilometrlik hissə əsaslı bərpa edilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə yenidən qurulan bu yolun torpaq yatağının eni 15 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun 2 hərəkət zolağı vardır və örtüyü asfalt-betondur.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun yenidən qurulan 34 kilometrlik bu hissəsindəki 7 körpüdə təmir işləri aparılıb.
Prezident İlham Əliyev yolun müasir standartlara uyğun yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı inşaatçıları təbrik edib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Samur-Həzrə yolunun açılışında iştirak edib. Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılıb. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zeyxur istiqamətlərində davam edir. Samur-Həzrə yolunun yenidənqurmadan əvvəl tam dağılmaq üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə yenidən tikilib, yol yatağı 12 metrə qədər genişləndirilib. Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilib, suötürücü borular qoyulub, yolun yatağı qaldırılıb və digər işlər görülüb. Yolda 1000-dən çox siqnal dirəyi və 100 ədəd nişan qoyulub.
Əsaslı şəkildə yenidən qurulan Samur-Həzrə yolu ilə yaxından tanış olan Prezident İlham Əliyev ölkənin yol infrastrukturunun müasirləşdirilməsinə dair növbəti tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq deyib ki, yol 16 min əhaliyə xidmət göstərəcəkdir: “27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir”.
“Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, yol olan yerdə biz bu imkanlardan daha da səmərəli şəkildə istifadə edəcəyik: “Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir. Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir. Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!”.
Rayon ictimaiyyəti adından çıxış edən Həzrə kənd orta məktəbinin müəllimi Məsud Qədimov dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev isə vurğulayıb ki, növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcək.
Sonra mərasim iştirakçıları Prezident İlham Əliyevlə xatirə şəkli çəkdiriblər.
Dünən Prezident İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev dövlətimizin başçısına raport verib. DSX-nin rəisi sərhəd zastavası və buradakı sərhəd mühəndis-texniki qurğular barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev “Samur” gömrük buraxılış məntəqəsinin açılışında da iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına məruzə edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11 min 500 kvadratmetrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.
Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri var. Gömrük buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilib. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınıb. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verib ki, bu ilin 7 ayı ərzində Samur buraxılış məntəqəsindən 73 min 500 avtomobil keçib və 430 min ton yük daşınıb. Orta hesabla gün ərzində 4 minədək insan bu buraxılış məntəqəsindən istifadə edir. Dövlətimizin başçısına terminalın təhlükəsizilik kameraları barədə məlumat verilib. Bildirilib ki, Amerika Birləşmiş Ştatlarında istehsal edilən bu kameralar vasitəsilə 30-35 kilometr məsafəni aydın şəkildə müşahidə etmək olur.
Sonra Prezident İlham Əliyev inzibati binanın 1-ci mərtəbəsində yerləşən VİP salonu ilə tanış olub. Qeyd edilib ki, burada quraşdırılan xüsusi monitor vasitəsilə ölkəyə daxil olan avtomobilləri izləmək mümkündür. Sərnişin-keçid zalına gələn dövlətimizin başçısına bildirilib ki, burada quraşdırılmış xüsusi cihazlar vasitəsilə sərnişinlərin yüklərini müşahidə etmək mümkündür. Prezident İlham Əliyev binanın 2-ci mərtəbəsindəki xidməti otaqlara da baxıb. Dövlət Sərhəd Xidmətinin sərhəd-keçid məntəqələrindən keçən şəxslər barədə məlumatların toplandığı bazanı əks etdirən monitor barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Binanın 2-ci mərtəbəsinin foyesində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotolardan ibarət stend var.
Dövlətimizin başçısı inzibati binanın 3-cü mərtəbəsində Heydər Əliyev muzeyi ilə tanış olub. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid çoxsaylı fotoşəkillər, kitablar və sənədlər nümayiş etdirilir. Prezident İlham Əliyev regional və beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi avadanlıqla təchiz edilmiş akt və konfrans zalları ilə tanış olub. Məntəqədəki istirahət guşəsi də hərtərəfli tərtibatı ilə diqqəti çəkir.
Sonra dövlətimizin başçısı buraxılış məntəqəsinin Rusiya Federasiyası ilə sərhəd hissəsindən keçən körpüdə aparılan yenidənqurma işləri ilə tanış olub.
Gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev “Qusar-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan edib. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədi ilə xüsusi proqramların hazırlanması “Azərenerji” ASC-yə tapşırılıb. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verilib. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir. Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaq.
Prezident İlham Əliyev “Qusar-1” kiçik su elektrik stansiyasının təməlini qoyub.
Dövlətimizin başçısına inşası nəzərdə tutulan bənd tipli iki su elektrik stansiyası barədə məlumat verilib.
Dövlətimizin başçısı inşaatçıları və energetikləri təbrik edib, onlara tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır. İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.
üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq. Kompleksin ərazisində tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, akvapark və hovuzlar olacaq. İstirahətə gələnlərə piyada, at ilə gəzinti və digər xidmətlər təklif ediləcək. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcək. Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaq. İsveçrənin “Swiss Town Consult” şirkəti tərəfindən kompleksin inkişafının Turizm və Texniki Konsepsiyası hazırlanıb, geoloji işlər aparılıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə ətraflı məlumat verib. Tikilməkdə olan otelin otaqlarından birinin interyer və dizayn elementləri ilə tanış olan dövlətimizin başçısı tərtibat zamanı istifadə ediləcək materialların nümunələrinə baxıb.
Prezident İlham Əliyev aşağı baza, yuxarı baza və işçilərin yaşayacağı binanın tikintisi ilə də tanış olub. Aşağı bazada qısamüddətli, yuxarı bazada uzunmüddətli qonaqların qalacağı bildirilib. Mərkəzin tikintisində hazırda 3 min işçi çalışır.
Dövlətimizin başçısı İlham Əliyev uca nöqtədən tikinti aparılan ərazini seyr edib. Kompleksin baş planı və eskiz layihəsinə baxan Prezidentə məlumat verilib ki, hazırda birinci mərhələdə elektrik, su və qaz, kanalizasiya, rabitə xətlərinin çəkilməsinə başlanılıb. Kompleksin ərazisində lift bazası, restoran, xizək məktəbi daxil olmaqla, 5 ulduzlu 7 mərtəbəli otelin inşası davam edir. Buraz yolları, lift dayanacaqları və xizək enişləri ilə bağlı bir sıra işlər həyata keçirilir. Kompleksə gələn yolun yüksək və müasir standartlar səviyyəsində tikintisi də sürətlə gedir. Ərazidən keçən çayların üzərində yeni müasir körpülər və suötürücü qurğular inşa olunur.
Dövlətimizin başçısı kompleksə gələn yolun salınması və kommunikasiya xətlərinin çəkilməsi, tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

