Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 30 il əvvəl bu gün - Xocalı soyqırımı unudulmayacaq!

30 il əvvəl bu gün - Xocalı soyqırımı unudulmayacaq!

26.02.2022 [00:01]

Bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımının törədilməsindən 30 il ötür. Xocalı faciəsi erməni vandalizminin daha bir nümunəsi, yaxud təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi idi.

Nurlan QƏLƏNDƏRLİ

30 il əvvəl baş verənlərə nəzər saldıqda ilk olaraq “Xocalı nə üçün strateji hədəf kimi seçilmişdi” sualını cavablandırmaq zərurəti yaranır. Şübhəsiz ki, Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm əhəmiyyət kəsb edirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Şəhərin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Məhz bu, Ermənistanın Xocalıya təcavüzünü şərtləndirən geostrateji amil çıxış edirdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Bütövlükdə, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalının işğal edilməsindən sonra məsələyə siyasi-hüquqi qiymət verilməsi zərurət və mühüm vəzifə kimi qarşıda dururdu. Bu, ümummilli lider Heydər Əliyev?? 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra mümkün oldu. Ulu Öndərin təşəbbüsü ilə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, faciəyə hüquqi-siyasi qiymət verildi, 26 Fevral - Xocalı Soyqırımı Günü elan edildi.

Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının və erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər XX əsrin əvvəlində baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” yalanlarını “araşdırmaq”la dünyada ictimai rəyi yanıltmağa çalışırlar. Belə olan halda, cəmi 30 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımının - Xocalı faciəsinin tanınması istiqamətində informasiya müharibəsi və diplomatik  mübarizə müstəvisində sistemli fəaliyyətin həyata keçirilməsi zərurət kimi çıxış edir. Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər, müxtəlif xarakterli aksiyalar ölkədə və ölkədən kənarda təkcə faciənin baş verdiyi tarix ərəfəsində deyil, bütövlükdə il ərzində reallaşdırılır. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən genişmiqyaslı tədbirlər, görülən işlər də real və konkret nəticələrini verir. Bu kampaniyanın uğurla davam etdirilməsi nəticəsində erməni vandallarının soyqırımı siyasəti daha geniş miqyasda ifşa edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının əhəmiyyətli strateji istiqamətlərindən biri kimi həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası qarşıya qoyduğu hədəflərə çatır. Bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub. ABŞ-ın 22 ştatı icra və qanunvericilik orqanları isə Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Bunlarla yanaşı, bu gün əsas müzakirə predmetinə çevrilən və diqqət mərkəzində saxlanılan məsələ Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsidir. Əvvəla, qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilmiş kütləvi qətliam məhz soyqırımıdır. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu, beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq olaraq hərbi cinayət kimi xarakterizə olunur. Azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmaması da müvafiq konvensiyalara ziddir. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX, XVII maddələrinə ziddir. Eyni zamanda, Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, soyqırımını törədənlər milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçıları və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı.  Əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı. Şübhəsiz ki, qalib və güclü - qüdrətli Azərbaycan dövləti Xocalı soyqırımının sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb olunmasına, bu qatillər və canilərin qanun qarşısında cavab vermələrinə - layiqincə cəzalandırılmalarına nail olacaq!

Paylaş:
Baxılıb: 986 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31