Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir!

Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir!

23.04.2022 [09:25]

Zəfər yolu ilə Zəfər Qurultayına!

İlham Əliyev: Müzəffər xalq kimi, qalib dövlət kimi

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında - Zəfər Qurultayında çıxışı zamanı çox mühüm məsələlərə toxundu, vacib mesajlar verdi. Dövlət başçısı 44 günlük müharibədə möhtəşəm tarixi Qələbənin qazanılmasından, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsindən  və Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərməsindən, Azərbaycanın ləyaqətli və XXI əsrin müharibəsini aparmasından, Şuşanın dirçəldilməsindən, Zəfər Qurultayının mənəvi-siyasi əhəmiyyətindən, rəmzi mənasından və digər bir sıra mühüm məsələlərdən bəhs etdi. Konkret olaraq:

- İlham Əliyev qeyd etdi ki, “Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq”. Bəli, Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının qisasını məhz döyüş meydanında aldı. Rəşadətli Azərbaycan Ordusu hərb meydanında işğalçıları, terrorçuları layiqincə cəzalandırdı, qisas qiyamətə qalmadı. Vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında yetişmiş - formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı;

- Dövlət başçısı Azərbaycanın ləyaqətli müharibə apardığını bir daha - növbəti dəfə əminliklə və qətiyyətlə vurğuladı. O, “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir”, - deyə vurğuladı. Bəşəriyyət indiyə qədər iki dəfə cahan savaşına, müxtəlif dövlətlər arasında müharibələrə şahidlik edib. Öz ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda ləyaqətli mübarizə aparan, müharibədə humanizm prinsipinə və hərb qaydalarına əməl edən dövlətləri də görmüşük, mülki insanları hədəfə alan, müharibə cinayətləri törədən, işğal və terroru fəaliyyət fəlsəfəsi kimi mənimsəyən ölkələri də. Eynilə Azərbaycanın və Ermənistanın timsalında olduğu kimi. Çox uzağa getmək lazım deyil, 2020-ci ildə baş vermiş 44 günlük müharibə Azərbaycan tarixinə əzm, mübarizə, şərəf və ləyaqət simvolu kimi yazıldı. Azərbaycan müharibə qaydalarına, beynəlxalq hüquq normalarına tam əməl etdi, mülki əhalini hədəf seçmədi, savaşda humanizm prinsipinə sadiqlik nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, tarixi - dini və mədəni abidələrimizi dağıdan, sərvətlərimizi mənimsəyən Ermənistan isə müharibə zamanı - növbəti dəfə faşist, cinayətkar mahiyyətini nümayiş etdirdi. Gəncə, Tərtər, Bərdə kimi şəhərlərin ağır artilleriya silahları ilə atəşə tutulması, nəticədə mülki şəxslərin həlak olması və yaralanması erməni vandalizmin bariz nümunəsi idi. Bütün bunların fonunda dünya bir daha reallıqları gördü. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir;

- Dövlət başçısı mühüm bir məqama da toxundu: “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”. İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında ifadə olundu: “Qarabağ Azərbaycandır!”. İlham Əliyev bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir;

- Azərbaycan Prezidenti söylədi ki, “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi”. Bəli, İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu! Bu Zəfər xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Dünya ictimaiyyəti müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici və zəruri olduğunu gördü. İlham Əliyevin strateq, Ali Baş Komandan - cəsur və məğrur Sərkərdə kimi hərbi əməliyyatlara uğurla rəhbərlik etməsi, eləcə də xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir. Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli Lider və Müzəffər Sərkərdədir. Azərbaycan Prezidenti qeyd edib ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”. Keçərli olduğu qədər həm də dəyərlidir. İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı bundan sonar da heç kim və heç nə dayandıra, öz haqq yolundan döndərə bilməz;

- Prezident İlham Əliyev Zəfər Qurultayının keçirildiyi Şuşanın dirçəldilməsinə, öz milli ruhunu qorumasına toxunaraq “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək” dedi. Azərbaycan Prezidenti digər hədəflərlə yanaşı, milli yaddaşın bərpası - tarixi, mədəni irsimizin qorunması və geniş təbliğ olunmasını mühüm strateji vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki  Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Şuşa təkcə Azərbaycanın deyil, Qafqazın incisi, müasir sivilizasiyanın - bəşəriyyətin mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir. Şuşa 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Əziz Şuşanın hərbi-siyasi əsarətdən xilas edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri kimi qürur və iftixar səhifəsidir. Hərbi-siyasi əsarətdən xilas edildikdən sonra Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. 2022-ci ilin “Şuşa ili” elan edilməsi, Zəfər Qurultayının Şuşada keçirilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir;

- Nəhayət, Prezident İlham Əliyev bu gün vəziyyətin tam başqa olduğunu bildirdi. O qeyd etdi ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”, - deyə dövlət başçısı diqqətə çatdırdı.  Haqq savaşını möhtəşəm Qələbə - tarixi Zəfər ilə yekunlaşdıran Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - ?ələbə təntənəsidir. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Azərbaycanın milli gücünün artması deməkdir. Ən əsası, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırıb. Bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Şərtləri isə qalib dövlətin Lideri İlham Əliyev diktə edir! 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan yeni nizam yaradır. İndi Azərbaycan Zəfər marşındadır! İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır - üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin qarşısında yeni perspektivlər açılır!

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31