Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türkiyə və Azərbaycan: ancaq və ancaq irəliyə gedəcək!

Türkiyə və Azərbaycan: ancaq və ancaq irəliyə gedəcək!

01.06.2022 [09:51]

Bundan sonra da yüksələn xətlə...

28 may - Müstəqillik Günü ərəfəsində dünya daha bir reallığa şahidlik etdi. Bu, Türkiyə-Azərbaycan birliyi və sarsılmaz həmrəyliyidir. Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində verilən mesajlar iki qardaş ölkənin daim bir-birinin yanında olmaq və yeni hədəflərə doğru birlikdə addımlamaq - strateji məqsədlərə çatmaq iradəsini nümayiş etdirdi. Xüsusilə də, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında əks olunan məqamlar bir millətin iki dövlətinin hədəfinin də, sözünün də bir olduğunu növbəti dəfə təsdiqlədi. İki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirməklə yeni strateji zirvələrə birlikdə addımladıqlarını ifadə etdilər.

Prezident İlham Əliyev festivalda çıxışı zamanı qeyd etdi ki, 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. “Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”,- deyə dövlətimizin başçısı söylədi. Bəli, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir - dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər. Xüsusilə də, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. İlham Əliyevin qeyd etdiyi kimi: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Azərbaycan Prezidenti tarixə ekskurs edərək və bugünkü reallığa nəzər salaraq çox mühüm məqamı diqqətə çatdırdı. O, “Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq” ,- deyə qeyd etdi. Bəli, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın şanlı qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olunmuşdu.  Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisə idi. Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Bütövlükdə, parad ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi.

Dövlət başçımızın toxunduğu digər mühüm məsələ Şuşa Bəyannaməsinin imzalanmasından sonra müttəfiqlik münasibətlərinin müxtəlif sahələrdə inkişafı - əməkdaşlığın dərinləşdirilməsi oldu. İlham Əliyev qeyd etdi ki, tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Onun sözlərinə görə, bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. “Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya... Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar” ,- deyə Prezident söylədi. Reallıqdır ki, tərəflər Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Ən əsası, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Ümumiyyətlə, inkaredilməz həqiqətdir ki, regionda yeni geosiyasi nizam məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmaqdadır. Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır. Tərəflərin ortaq siyasi iradəsi - birgə təşəbbüsləri əsasında yeni işbirliyi platformalarının formalaşdırılması da aktualdır. Məlumdur ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər də keçirilib. Amma geosiyasi zəlzələ effekti yaradan Rusiya-Ukrayna müharibəsi nəticəsində qütbləşmənin kəskinləşməsi bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflədir, hətta bitirir. O səbəbdən yeni geostrateji seçimlər gündəmə gəlir. Yenə də iki ölkənin iradəsi və mövqeyi həlledicidir. Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında reallaşdırılması nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmindən gedir. “Üçlük” platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün əhəmiyyətlidir. Bu, həm də  yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər. Bütövlükdə, Bakı ilə Ankaranın geosiyasi iradəsi vacib regional məsələlərin həllini təmin edir. Prezident Rəcəb Tayyib Ərdoğan festivalda çıxışı zamanı bu məqamlara toxunaraq “Əziz Qardaşımın da dediyi kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik” ,- deyə vurğuladı.

Heç şübhəsiz, həm Azərbaycanın, həm də Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni strateji üstünlüklər yaradır - iqtisadi, siyasi və hərbi-təhlükəsizlik nöqteyi-nəzərdən. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək”.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 175 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31