Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Brüsseldən Bakıya...

Brüsseldən Bakıya...

05.07.2022 [09:50]

Lider dövlətin Lideri ilə müzakirə davam edir

Nurlan QƏLƏNDƏRLİ

Beynəlxalq münasibətlər sistemində yeni dünya nizamının yaranmasına şahidlik edirik. Cahanın dörd bir tərəfində - müxtəlif geosiyasi qütblərdə rəqabət, uzlaşma, qarşıdurma, əməkdaşlıq, inteqrasiya kimi proseslər aktiv fazaya daxil olub. Ağırlıq mərkəzi isə Avrasiyadır. Burada iki region diqqəti xüsusilə cəlb edir: Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Şərqi Avropa və postmüharibə mərhələsinə qədəm qoymuş Cənubi Qafqaz. Bu səbəbdən beynəlxalq ictimaiyyətin nəzəri Şərqi Avropadakı müharibədə olmaqla yanaşı, həm də yeni reallıqların yarandığı Cənubi Qafqazdadır.

Sülh quruculuğu diqqət mərkəzində...

Regionumuzda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi diqqət mərkəzindədir. Sülh gündəliyi artıq müəyyənləşib, müzakirələrin hansı məsələlər ətrafında aparılması (və aparılacağı) bəllidir. Bakının mövqeyi (müharibə bitib, hər hansı revanşist cəhdə yol verilməyəcək, reallıqları heç kim dəyişdirə bilməz) tam adekvat yanaşma kimi qəbul olunur, həm gerçəkliklər, həm də Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir.

Bu ilin may ayında Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı da bu məqamlar və məsələlər diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar razılaşma əldə olundu. Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında yer alan məqamlar göstərdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bölgənin siyasi gündəminin aktual mövzusudur. Növbəti dəfə nümayiş etdirildi ki, Brüssel sülh gündəliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format mövcuddur. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır.

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngi zamanı ifadə olunan fikirlər də bu reallığı təsdiqləyir.  Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Prezident İlham Əliyev Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Göründüyü kimi, Bakı ilə təmaslar fonunda əsas məsələ Cənubi Qafqazda sülh quruculuğu - etibarlı və dayanıqlı təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq şəraiti yaradılmasıdır. Çünki regionda geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. 

Proses davam edir

Yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir.

Telefon zəngi zamanı Şarl Mişelin səsləndirdiyi fikirlər isə deməyə əsas verir:

- Aİ regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Qurum Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı kimi müvafiq təşəbbüslərini davam etdirir;

- Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə, o cümlədən Aİ-nin timsalında qəbul edilir, diqqət mərkəzində saxlanılır;

- Avropa İttifaqı postmüharibə reallığı ilə əlaqədar mövqeyini Azərbaycanın yanaşmasına uyğun müəyyən edir. Başqa sözlə, qurum bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir;

- Proses davam edir. Aİ Şurasının Prezidenti may ayında keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında “Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” - deyə vurğulamışdı. Telefon zəngi zamanı ifadə olunanlar deməyə əsas verir ki, qarşıdakı dövrdə də intensiv diplomatik trafik müşahidə olunacaq.  İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol (və “yol xəritəsi”) yoxdur. Regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın isə üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən, sülh gündəliyi çərçivəsində aparılan danışıqlara uyğun öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur!

Yeni reallıqlar fonunda Aİ-nin Cənubi Qafqaza geosiyasi baxışı necədir?

Digər tərəfdən, Avropa İttifaqının Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi - motivi postmüharibə dövrünün reallıqlarıdır. Daha dəqiq desək, bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır.

Region dövlətləri, güc mərkəzləri, o cümlədən Avropa İttifaqının diqqət mərkəzində olan vacib məsələrdən biri regionda çoxşaxəli işbirliyi imkanlarının formalaşdırılmasıdır. Kommunikasiyaların bərpası, eləcə də Zəngəzur dəhlizinin açılması isə bu baxımdan xüsusi önəm daşıyır.

Şübhəsiz ki, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni platformanın əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Avropa İttifaqı da bu proyekti yeni və önəmli, dəyərli iqtisadi platforma kimi qiymətləndirir. Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqeyin bildirilməsi - razılıq əldə olunması bu xüsusda ayrıca qeyd edilməlidir. Azərbaycan məsələ ilə əlaqədar öhdəliklərinə sadiqdir. Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Təbii ki, yeni əməkdaşlıq mühitinin yaranması üçün, ilk növbədə, sülh müqaviləsi imzalanmalıdır. Bu məsələdə Azərbaycan qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması sülh razılaşmasının əsas komponentidir. Əsas məqam ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur.

Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək, əməkdaşlığı dərinləşdirmək istəyi həm də enerji təhlükəsizliyi məsələləri ilə əlaqədardır. İnkaredilməz həqiqətdir ki, yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da rolu artır. ABŞ Prezidenti Cozef Bayden bir müddət öncə dövlətimizin başçısına göndərdiyi məktubda bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir etmişdi. Şübhəsiz ki, bu ifadə Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir.  Əlbəttə, bəzilərinin III Dünya, bir sıra ekspertlərin isə I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna savaşı şəraitində və sonrakı mərhələdə “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.

Sülhə doğru qəti addımlar...

Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır.

Qeyd etdiyimiz kimi, Cənubi Qafqaz regionunda sülh prosesinin diqqət mərkəzində olması təsadüfi deyil. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

Azərbaycan Prezidentinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər

Bütün bu geosiyasi və regional təhlükəsizlik məsələlərindən əlavə, ortada olan önəmli və aşkar bir reallıq var: İlham Əliyevə zəng edirlər - regionun bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər.

Azərbaycan Prezidenti isə sözünün imzası qədər dəyərli və keçərli olduğunu bir daha (və yenidən) sübut edir.

Paylaş:
Baxılıb: 169 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31