Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Laçına əbədi qayıdış

Laçına əbədi qayıdış

30.08.2022 [10:00]

İlham Əliyev: Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq

Mübariz ABDULLAYEV

Avqustun 26-da xalqımız, ölkəmiz növbəti dəfə tarixi anlara şahidlik etdi. Təxminən üç onilliyi əhatə edən işğal dövründən sonra Şanlı Ordumuz Laçın şəhərinə daxil oldu, burada Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. 44 günlük Vətən müharibəsində şəhər və kəndlərimizin işğaldan azad edilməsi xəbərlərini ilk olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən alırdıq. Bu dəfə də ənənə pozulmadı-Ordumuzun Laçın şəhərinə yerləşməsi xəbərini dövlətimizin başçısı özünün tviter səhifəsində paylaşdı. “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Bunu, əslində, 44 günlük Vətən müharibəsinin son akordu kimi də dəyərləndirmək mümkündür. Beləliklə, qalib Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması prosesini hərbi-siyasi yolla uğurla tamamladı.

Azərbaycan Prezidentinin tarixi missiyası

44 günlük Vətən müharibəsində uzaqgörən, məqsədə hesablanmış siyasət sayəsində Ordumuzun şanlı Qələbəsini təmin etməklə, Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla, düşməni diz çökdürüb kapitulyasiyaya məruz qoymaqla, ölkənin ərazi bütövlüyünə nail olmaqla Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi missiya yerinə yetirmiş oldu. Vətən müharibəsində əldə olunan Qələbə son 200 illik tarixdə xalqımızın imza atdığı ən böyük Zəfərdir. Keçmişə nəzər salaq. Tarix böyü müxtəlif zamanlarda torpaq itkilərinə məruz qalmışıq. Lider, öndəgedən, sərkərdə yoxluğu əksər hallarda yaşadığımız acıların, məğlubiyyətlərin, verdiyimiz itkilərin birbaşa səbəbləri sırasında yer aıb. Zaman-zaman xalq aldadılıb, xəyanətlərə tuş gəlib. Milli təəssübkeşlikdən uzaq olanlar torpaqlarımızı da ona-buna peşkəş ediblər, nəticədə, sərhədlərimiz getdikcə daralıb. Elə bugünkü Ermənistan da bir dövlət kimi məhz əzəli Azərbaycan torpaqlarında yaradılıb. Havadarlarına arxalanan ermənilərin iştahası isə daha böyük idi. Birinci Qarabağ müharibəsində ərazilərimizin daha 20 faizini işğal altına alan ermənilər bununla da kifayətlənməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirirdilər.

Bu dəfə zaman, tarix dəyişmişdi. Bu dəfə ermənilərin qarşısında Azərbaycanın milli maraqları hər şeydən üstün tutan, yenilməz iradə sahibi olan və proseslərin axarını düzgün dəyərləndirən bir Lideri - Prezident İlham Əliyev dayanmışdı. Onun iradəsi və qətiyyəti sayəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi daim Azərbaycanın gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev müharibədən əvvəlki mərhələdə masada siyasi qətiyyət göstərdi, ölkənin ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini bütün dünyaya bəyan etdi. Liderin masada ortaya qoyduğu siyasi qətiyyət respublikanın potensialının gücləndirilməsi ilə tamamlanırdı. Hadisələrin başqa ssenarilər üzrə inkişafı perspektivlərini nəzərə alan dövlətimizin başçısı sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, həm də müasir Ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Məhz bu diqqətin nəticəsidir ki, dünyanın ən güclü 50 ordusu siyahısında yer alan Silahlı Qüvvələrimiz Vətən müharibəsində Qələbəni təmin etdi. Azərbaycan cəmiyyəti müharibə günlərində müşahidə edirdi: Dövlət başçımıza işğalçı Ermənistanın maraqlarından çıxış edən ayrı-ayrı ölkələrin rəhbərlərindən ard-arda zənglər gəlirdi, bir sıra hallarda tələb olunurdu ki, Azərbaycan müharibəni dayandırsın. Ancaq Azərbaycan bu müharibəyə təhrik edilmişdi, torpaqlarımız işğala məruz qalmışdı. Belə olan halda müharibənin dayandırılması hansı dövlətdən-işğalçı Ermənistandan, yoxsa torpaq itkilərinə məruz qalan Azərbaycandan tələb olunmalı idi? Çoxsaylı təhdidlər və təzyiqlər qarşısında xarakter, iradə nümayiş etdirən Prezident İlham Əliyevin cavabı birmənalı olurdu: Döyüşlər Azərbaycan ərazisində gedir, müharibə yalnız Ermənistan rəhbərliyinin işğal altındakı ərazilərdən geri çəkilməklə bağlı vaxt verəcəyi təqdirdə dayandırıla bilər!

Müharibənin nəticələri Azərbaycan Prezidentinin nəyi necə və nə zaman etməyin zəruri olduğunu hamıdan yaxşı bildiyini bir daha göstərdi. Ermənilərin yeni torpaq iddialarına, keçmiş təmas xətti boyunca törətdikləri təxribatlara güclü əks-həmlələrlə əvvəllər də, daha sonrakı zaman kəsiyində də cavab vermək olardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə ən doğru seçim edərək  Ordumuza genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamaqla bağlı məhz labüd və məqbul olan vaxtda göstəriş verdi. Döyüş planları son dərəcə dəqiqliklə hazırlanmışdı. İlk baxışda elə görünürdü ki, hakim yüksəkliklər, onilliklər boyunca qurulan çoxpilləli istehkamlar ermənilərin xeyrinə işləyəcək və onlara böyük üstünlüklər qazandıracaq. Ancaq belə düşünənlər, görünür ki, Azərbaycan Prezidentinin müdrikliyini, səfərbəredici gücə malik olduğunu, qətiyyətini, xalqın, gənclərin Onunla həmrəyliyini, sədaqətini, torpaq sevgisini və əlbəttə ki, Ordumuzun yüksək döyüş qabiliyyətini nəzərə almamışdılar.

Müharibə Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirdiyi kimi, Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. Bu böyük Qələbə dövlətimizin başçısının idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələrin bir-birini tamamladığını bütün dünyaya sübut etdi. Yeri gəlmişkən, Ermənistan mətbuatında dərc olunan çoxsaylı məlumatlardan bəlli olur  ki, müharibədən sonra bu ölkədə də, necə deyərlər, saatı Azərbaycan Prezidentinin çıxışları, səsləndirdiyi mesajlar əsasında qururlar. Çünki artıq dəfələrlə təsdiqlənib: Ermənistan rəhbərliyinin, revanşistlərin populist səslənmələrinə, müxtəlif məsələlər ətrafında hay-küy qaldırmalarına rəğmən, hadisələr məhz Azərbaycan Prezidentinin bəyan etdiyi şərtlər əsasında inkişaf edir, O, nəyi deyirsə, hansı vədi verirsə, icrasına da mütləq nail olur. Erməni siyasiləri isə boğazdan yuxarı danışmaqla məşğuldurlar.

Laçının işğaldan azad edilməsinin strateji önəmi

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanata əsasən  Laçının işğaldan azad edilməsi və avqustun 26-da Ordumuzun orada yerləşməsi strateji önəm daşıyır. Ötən əsrin doxsanıncı illərinin əvvəlində Kəlbəcərin və Laçının faktiki olaraq düşmənə təhvil verilməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq təmin olunmuşdu. Laçının və Kəlbəcərin süqutundan sonra ermənilərin Xankəndinə və işğal etdikləri digər ərazilərimizə sərbəst gediş-gəlişi təmin etmələri, ora silah-sursat daşımaları üçün heç bir maneə qalmamışdı. Müharibədən əvvəlki dövrdə keçmiş Minsk Qrupu formatında aparılan danışıqlarda da Ermənistan Laçına və Kəlbəcərə ayrıca yanaşma istəyirdi. Ermənilərin niyyəti bu iki rayonu daimi olaraq öz nəzarətlərində saxlamaq idi. 44 günlük müharibənin nəticəsində ilkin mərhələdə Kəlbəcərin, indi isə Laçının geri qaytarılması ilə düşmənin bu niyyətinin üstündən qara xətt çəkildı.

Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərində yerləşməsi və burada bayrağımızın ucaldılması üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinə alternativ marşrutun inşasının Azərbaycan tərəfindən başa çatdırılması sayəsində mümkün olub. Sözügedən müddəa bəhs olunan sənədə məhz Prezident İlham Əliyevin təkidi ilə salınıb. Dövlətimizin başçısı bir qədər bundan əvvəl İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə həmin müddəanın Bəyanata salınmasını nə üçün təkid etdiyinə də aydınlıq gətirib. “Onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, - mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.

Qalib Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəliklərə yüksək səviyyədə əməl edir. Ölkəmiz Laçın dəhlizinin yeni marşrutunun inşasını da nəzərdə tutulan vaxtdan tez başa çatdırdı. Məğlub Ermənistan sənədin digər bəndləri kimi, Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsinə də maneələr yaratmağa çalışırdı. Bunu müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, yeni marşrutun Ermənistan tərəfinə düşən cəmi bir neçə kilometrlik hissəsinin indiyədək çəkilməməsi bir daha təsdiqləyir. Məğlub ölkə yalnız avqustun əvvəlində Azərbaycanın növbəti xəbərdarlığından sonra əl-ayağa düşərək yeni marşrutun Ermənistandan keçən hissəsinin inşası istiqamətində hansısa işlərə başlayıb. Bunlar Azərbaycanla Ermənistan arasında fərqi bir daha bütün cəhətləri ilə ortaya qoyur. Azərbaycan yeni marşrutun inşasını qısa müddətdə yüksək səviyyədə tamamlamaqla öz gücünü və məsuliyyətini ortaya qoyub. Məğlub Ermənistanın isə cəmi bir neçə kilometrlik yolu çəkməyə də gücü yoxdur. Belə zəif, dalan ölkə cəfəng bəhanələr gətirərək prosesləri uzatmağa çalışmaqla heç nəyə nail ola bilməyəcək. Bəlkə, ermənilər nəyə isə ümid bəsləyirlər? Əbəs yerə! Zaman yenə də Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Ermənistan təklənir. Bu ölkəni müdafiə edənlərin sıraları əhəmiyyətli dərəcədə seyrəlib. Bu da onunla bağlıdır ki, Ermənistanın siyasəti yalan üzərində qurulub. Azərbaycan isə daim haqq-ədalət prinsipindən çıxış edir və bu da ölkəmizin mövqeyini gücləndirir.

Ədalətin bərpası

Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən  əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Prezident İlham Əliyev ermənilərin Laçında məskunlaşdırılmasını müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması kimi səciyyələndirib. “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları gün də yaxınlaşıb. Prezident İlham Əliyev Laçın şəhərinin, Sus və Zabux kəndlərinin sakinlərinin geri qaytarılmasına hazırlıq görülməsi barədə müvafiq qurumlara tapşırıqlarını verib. Xatırladaq ki, 1992-ci ildə Laçın işğala məruz qalanda təxminən 50 min yerli sakin bu yerləri tərk etmək məcburiyyətində qalmışdı. Üç onilliyi əhatə edən işğaldan sonra  laçınlıların doğma yurd yerlərinə qayıtmaları tarixi ədalətin bərpasıdır. Bu dəfə laçınlılar doğma diyara həmişəlik qayıdacaqlar. Prezident İlham Əliyev revanşistlərə, Qarabağa status verilməsi xülyasına düşənlərə qəti xəbərdarlığını edərək vurğulayıb: “Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31