Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti

15.10.2022 [10:10]

Mübariz FEYİZLİ

Bu və ya digər ölkə və xalq üçün müstəsna önəm daşıyan tarixlər var. Müstəqil Azərbaycan üçün respublikamızın və xalqımızın həyatını dəyişən belə əlamətdar tarixlərdən biri düz 19 il bundan əvvələ-2003-cü ilin 15 oktyabrına təsadüf edir. Həmin tarixdə zəmanəmizin görkəmli dövlət xadimi, ideyaları və əməlləri, sözü və imzası həmişə bir-birini tamamlayan İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildi.

Hər kəsin əməli, gördüyü işlərin nəticələri onun barəsində konkret təsəvvür yaradır. Bu mənada Prezident İlham Əliyevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Son 19 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar Prezident İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri barədə konkret təsəvvür yaradır. Bu gün Azərbaycan cəmiyyətində keçilən yola, qazanılan uğurlara istinad edilməklə birmənalı şəkildə etiraf olunur ki, xalq 2003-cü il 15 oktyabrda İlham Əliyevə güvənməklə ən doğru seçim edib.

Ulu Öndərin əsasını qoyduğu siyasətə xalqın etimadı

Seçkilər, adətən, ölkədəki ab-havanın, ictimai-siyasi mühitin barometri kimi dəyərləndirilir. İnsanların dövlətin apardığı siyasətdən, liderlərin fəaliyyətlərindən razı qalıb-qalmamaları məhz seçkilərdə özünü təzahür etdirir. Bu mənada respublikamızda 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkiləri də istisna olmadı. Seçkilərdə İlham Əliyevin mütləq səs çoxluğu ilə-seçicilərin 76,86 %-i ona səs vermişdi-qalib gəlməsi bir sıra zəruri amillərlə şərtlənirdi. Burada mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. Ulu Öndər Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. Onun portretini tamamlayan ştrixlər kifayət qədər zəngin və çoxşaxəlidir. Bu dahi şəxsiyyət  barəsində söhbət açanda yada düşən və minnətdarlıq hissi ilə xatırlanan ilk məqamlardan biri Onun müdrikliyi və milli təəssübkeşliyi, xalqına bağlılığıdır. O, Azərbaycana rəhbərliyi ideoloji baxımdan fərqli formasiyalarda həyata keçirsə də, həmişə xalqımızın gələcəyinə, milli maraqlarına hesablanan fəaliyyət həyata keçirib. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Gənc dövlətimizin müqəddəratının təhlükə qarşısında olduğu 1993-cü ilin yayında xalq ona üz tutaraq Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Xalqın çağırışını qəbul edərək həmin çətin dönəmdə Azərbaycana rəhbərliyi üzərinə götürən Ulu Öndər Ona xas olan müdriklik və uzaqgörənliklə xilaskarlıq missiyasını yerinə yetirdi.

Daim Azərbaycanın gələcəyini düşünən Ulu Öndər seçkilərdən bir qədər əvvəl-2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi və seçiciləri Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Azərbaycan xalqı Ümummilli Liderin bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsl mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.

İlham Əliyevin keçdiyi həyat yoluna böyük inam

2003-cü il 15 oktyabr tarixində keçirilən seçkilərdə İlham Əliyevin bütün digər namizədləri arxada qoyaraq qalib gəlməsini şərtləndirən digər bir amil bilavasitə onun özünün xarizması və həmin dövrədək ona həvalə olunan müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Hər dövr siyasətçilərdən fərqli keyfiyyətlər tələb edir. Əminliklə deyə bilərik ki, müasir dövr siyasətçiləri üçün qoyulan bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olmuşdu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışmışdı. Azərbaycanlı seçicilər Onun Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurları yaxşı xatırlayırdılar. Məhz İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA keçmiş Dağlıq Qarabağ münaqişəsi tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçilmişdi. İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən etibarən), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik yolu keçmişdi. İlham Əliyev 1999-cu ildə Ulu Öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilmişdi. Bütün sadalanan vəzifələrdə İlham Əliyev ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmuşdu. Bu da seçicilərin İlham Əliyevin namizədliyini dəstəkləməsi üçün əsas oldu.

Seçkilərdən seçkilərə

Müxtəlif ölkələrin timsalında daim şahidi oluruq: Liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Hakimiyyət olimpinə yüksələn liderlər verdikləri vədləri yerinə yetirə bilmirlər və onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə, biz başqa mənzərənin şahidi oluruq. Azərbaycan Liderinin populyarlığı, xalqın ona bəslədiyi etimad nəinki azalmır, əksinə getdikcə daha da artır. Bu yerdə yenə də 15 oktyabrda, bu dəfə 2008-ci ildə ölkəmizdə baş tutan prezident seçkilərini xatırlamaq yerinə düşər. Həmin tarixdə İlham Əliyev ikinci dəfə Azərbaycanın Prezidenti seçildi. Növbəti seçkilərdə o, seçicilərin 88,73 faizinin səsini qazanmışdı. Rəqəmlərdən də göründüyü kimi, birinci prezidentliyi dövründə İlham Əliyevə xalqın inamı əhəmiyyətli dərəcədə artmışdı ki, bu da dünya təcrübəsində çox nadir hallarda rast gəlinən bir haldır. Sual yaranır: İlham Əliyevə seçici inamının daha da yüksəlməsinin sirri nədə idi? Cavab sadə və birmənalıdır-İlham Əliyevin birinci prezidentliyi dövründə gördüyü işlər. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içəndə demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”.

Oldu da.  Yenə də müqayisələr aparaq. Siyasi kursun dəyişməsi ölkələrin həyatına yaxşı heç nə gətirmir. İnqilabi şüarlarla baş verən transformasiyalar ölkələrin iqtisadi inkişafına, insanların həyatına, sosial vəziyyətinə mənfi təsir göstərir, xarici partnyorlarda inamsızlıq yaradır. İlham Əliyev isə vəd etdiyi “Heydər Əliyev siyasətinə sadiq qalacağam” kursunu fəaliyyətinin əsas kredosuna çevirdi. Ulu Öndərin əsasını qoyduğu böyük işləri inamla irəli apardı, sınanmış kursdan dönmədən Azərbaycanın perspektiv inkişafını, beynəlxalq birliyə sıx inteqrasiyasını təmin etdi, insanların sosial vəziyyətinin yaxşılaşmasını hədəfləyən yeni təşəbbüslər irəli sürdü və komandasını bu vəzifələrin icrasına səfərbər etməyi bacardı. Hələ seçki marafonunda İlham Əliyev bəyan etmişdi ki, xalq Ona etimad göstərəcəyi təqdirdə ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafını təmin etməyə çalışacaq.  O, dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsinə dair sənəd imzaladı. Dövlət Proqramı bölgələrin iqtisadi potensialı və yerlərdən gələn təkliflər nəzərə alınmaqla hazırlanmışdı. Buna görə də işlək oldu. Konseptual əsaslandırmalarla hazırlanan sənəddə bütün bölgələr üzrə görüləcək işlər, investisiya layihələri müəyyənləşdirilmişdi. Çox keçmədi ki, Azərbaycanın bütün regionları quruculuq-abadlıq meydanına çevrildi. Yeni infrastruktur layihələrinin icrasına start verildi. Bu layihələrin icrasına başlanılması həm də ölkə üzrə iqtisadi fəallığın artması, yeni iş yelərinin yaradılması demək idi.

Prezident İlham Əiyevin dövlət başçısı kimi fəaliyyətinin ilk mərhələsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırlması istiqamətində mühüm addımlar atıldı. O dövrdə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycanın gündəliyində dayanan vacib məsələlər sırasında yer alırdı ki, bu da təsadüfi deyildi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalan soydaşlarımız çadırlarda, uyğunlaşdırılmış binalarda, vaqonlarda yaşayırdılar. Dövlətimizin başçısı birinci prezidentliyi dövründə ölkə ərazisindəki çadır düşərgələrinin ləğv olunması proqramının icrasını uğurla təmin etdi. “Azərbaycanda çadır şəhərciklərinin ləğv edilməsi tarixi nailiyyətdir”. Bu fikri Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci  Dövlət Proqramının icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda ifadə edib. Köçkünlərin məşğulluğu məsələlərinin hökuməti çox düşündürdüyünü və bu sahədə işlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib ki, ilk növbədə onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün çadır şəhərcikləri ləğv edilib.

Bütün bu kimi real işlər, hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına yönələn təşəbbüslər dövlət başçımızın prezidentliyinin birinci dönəmində Ona olan inamı daha da möhkəmləndirdi. Azərbaycan xalqı bir daha əmin oldu ki, ölkənin idarəçilik sükanı etibarlı əllərdədir və ölkəmiz bundan sonra da tərəqqi yolu ilə inamla irəliləyəcək.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31