Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Soçidən sonra...

Soçidən sonra...

04.11.2022 [10:07]

Niyə Türkiyə, niyə İran?

Mübariz ABDULLAYEV

Məlum Soçi görüşündən sonra Azərbaycanın və Ermənistanın etdikləri siyasi gedişlər maraqla izlənilir. Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Soçi görüşündən dərhal sonra İrana səfər edib. Onu qonşu ölkənin prezidenti Seyid İbrahim Rəisi, necə deyərlər, əziz qonağı kimi qarşılayıb. Ermənistan mediasında yayılan məlumatlarda bildirilir ki, N.Paşinyan İranda keçirdiyi görüşlərdə digər məsələlərlə yanaşı, Soçidə aparılan müzakirələr barədə də məlumat verib.

Bakıya nəticə ilə, İrəvana suyu süzülə-süzülə

Soçidə keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə aparılan müzakirələrin gündəliyindən və imzalanan bəyanatdan göründüyü kimi, nəticələr Azərbaycan və Ermənistan üçün tamam fərqli olub. Çox doğru olaraq Soçi görüşləri və sonda imzalanan bəyanat ölkəmizin ədalətli mövqeyinin qəbul edilməsi baxımından diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilir. Bu da ilk növbədə, onunla bağlıdır ki, Azərbaycan postmüharibə dövründə sülhyaratma prosesinin irəliləməsinə böyük səy göstərir və buna özünün töhfələrini verməyə çalışır. Respublikamızın yanaşması kifayət qədər ədalətli və obyektivdir. Dünya təcrübəsindən bəllidir ki, müharibənin qalib tərəfi olan dövlətlər bir qayda olaraq qarşı tərəfə öz şərtlərini diktə edir, imtiyazlar istəyir. Qalib Azərbaycan isə sülhyaratma prosesini şərtlər diktə etməklə yox, beynəlxalq hüquqa və prinsiplərə əsaslanmaqla irəli aparmaq istəyir. Ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Cənubi Qafqaza, nəhayət ki, sülh gəlməli, sabitliyə, təhlükəsizliyə təhdid hallarına son qoyulmalıdır. Prezident İlham Əliyevin Soçidə Rusiya prezidenti ilə ikitərəfli görüşdə bildirdiyi kimi, artıq Qarabağ problemi tarixdə qalıb və bununla bağlı hansısa müzakirələrin aparılmasına heç bir ehtiyac yoxdur. Postmüharibə dövründə bütün səylər Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına fokuslanmalıdır və bundan ötrü mümkün qədər tez bir zamanda sülh sazişi imzalanmalıdır. Ölkəmizin belə obyektiv yanaşması vasitəçilər - Brüssel və Moskva tərəfindən də qəbul olunur və təqdir edilir. Bunun təsdiqi olaraq qeyd edək ki, Soçidə imzalanan bəyanatda ölkəmizin yanaşması nəzərə alınıb və sənəddə “Dağlıq Qarabağ münaqişəsi”, “status” ifadələri işlədilməyib.

Bəs Soçi görüşündən əvvəl məğlub Ermənistanın qovluğunda nə var idi? Naftalin iyi verən köhnə mahnılar. Bəlkə də, qaytardılar xülyaları. Reallıqları nəzərə almamaq xəyalpərəstliyi. İmkanlarından bir neçə baş yuxarıda dayanan təkəbbürlü iddialar. Qarabağda yaşayan ermənilərə hansısa təminatlar istənilməsi, status, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında qalma müddətinin uzadılması söz-söhbəti və s. Bu kimi cəfəng iddiaları Moskvadan Brüsselə, oradan da Soçiyə daşıyan Ermənistan qovluğunu yeniləməli və mövcud reallıqlara uyğun təkliflərdən çıxış etməli idi. Üçtərəfli Bəyanatla və digər razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmaq Ermənistan üçün ən optimal seçim olardı. Ancaq məğlub ölkənin lideri belə konstruktiv yanaşma ortaya qoymadı və Soçidə də manipulyasiyalar seriyasını davam etdirdi. Nəticədə də, təbii ki, İrəvana əliboş, suyu süzülə-süzülə qayıtdı.

Bakı ənənəni davam etdirir

Soçi görüşündən sonra Azərbaycanın və Ermənistanın hansısa siyasi gedişlər edəcəyi gözlənilən idi. Azərbaycanın dövlət başçısı dostu, qardaşı adlandırdığı, ölkəmizdə də böyük hörmət və ehtiram bəslənilən Türkiyə Prezidenti ilə Soçi görüşü ətrafında müzakirələr aparmağa üstünlük verdi. Burada qeyri-adi, suallar yaradacaq hansısa bir məqam yoxdur. Prezident İlham Əliyev iki qardaş və müttəfiq ölkədə formalaşan ənənəyə sadiqliyini nümayiş etdirdi. Xatırladaq ki, qarşılıqlı hörmətin və ehtiramın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eyni zamanda Azərbaycanın və Türkiyənin liderləri mütəmadi olaraq telefon təmasları qurur və aktual məsələləri müzakirə edirlər. Prezident İlham Əliyevin Soçi görüşündən sonra Türkiyənin dövlət başçısına telefon açması da ənənələrin davam etdirilməsi anlamına gəlir.

Digər tərəfdən, regionda real güc sayılan Türkiyə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə daim özünün siyasi dəstəyini göstərir. “Şuşa Bəyannaməsi, eləcə də Ağdam şəhərində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Yeri gəlmişkən, Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub. Bütün bu kimi amilləri və Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərini nəzərə aldıqda Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla Soçi görüşləri ilə bağlı müzakirələr aparması tamamilə məntiqlidir.

Bəs Ermənistan niyə İrana hesabat verir?

Sual yaranır: “Bəs Ermənistan niyə İrana hesabat verir? Və yaxud nə üçün İran Ermənistan liderinə belə hərarətlə qucaq açır?” Soçi görüşündən pəjmürdə qayıdan Ermənistan liderinin İrana üz tutmasında “suda batan saman çöpündən yapışar” məntiqini tapmaq mümkündür. Məğlub Ermənistan Tıq-Tıq xanım kimi dost axtarışına çıxaraq Azərbaycanla müəyyən ziddiyyətləri olan bütün ölkələrlə yaxınlaşmağa çalışır. İranın Azərbaycana qarşı münasibətlərində də suallar yaradan bir sıra məqamlar sadalamaq mümkündür. Əvvəla, onu qeyd edək ki, İran son 30 ildə daim işğalçı Ermənistanın yanında olub. Özünü İslam dövləti adlandıran İran üçün bunu heç bir halda məqbul saymaq mümkün deyil. Ermənistan əhalisinin 95 faizdən çoxunun İslam dininə etiqad göstərdiyi Azərbaycanın ərazilərini işğal edib, burada ucdantutma etnik təmizləmə aparıb, bir milyondan çox müsəlmanı qaçqın vəziyyətə salıb, şəhərləri, kəndləri dağıdıb, məscidlərdə donuz saxlayıb. Bütün bunların müqabilində İran və bu ölkənin rəsmiləri müqəddəs dinimizi aşağılayan ölkəyə hansı məntiqlə arxa, dayaq durur? Ermənistan daha nələr etməlidir ki, İran rəsmiləri İslam dəyərlərinin alçaldılmasına qarşı etirazlarını bildirməyə özlərində cürət tapsınlar?

Hər iki ölkədə N.Paşinyanın İrana növbəti səfərinin işgüzar xarakter daşıdığı görüntüsü yaratmağa çalışırlar. Guya bu səfər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir. Ancaq cidanı çuvalda gizlətmək mümkün deyil. İranın prezidenti regionda təhlükəsizliyin onun ölkəsi üçün çox önəmli olduğunu bildirib. Bəs onda nə üçün İran 30 il ərzində regionda işğalçılıq siyasəti aparmaqla təhlükəsizliyə təhdidlər yaradan Ermənistana öz yerini göstərməyib? Bəs onda nə üçün İranın özü də postmüharibə dövründə regional əməkdaşlığın genişlənməsi üçün açılan pəncərələri bağlamağa çalışır? Nəyə görə yeni əməkdaşlıq formatı yaradacaq Zəngəzur dəhlizinin açılması bu ölkədə qırmızı xətt elan olunmalıdır?

Görüşlərdən sonra mətbuata verdiyi bəyanatda Ermənistan lideri bildirib: “Biz iki ölkə arasında iqtisadi və siyasi əlaqələri və onların gizli imkanlarını araşdırmağın zərurətini vurğuladıq”. N.Paşinyan hansı gizli imkanlardan danışır, görəsən? Onun “gizli imkanlar” ifadəsi dəvəquşu misalını yada salır. Əslində, gizli olan bir şey yoxdur. Ermənistan liderinin İrana dost axtarışına getməsi silah sövdələşməsi kimi deşifrə olunmalıdır. Revanşist mövqe tutan Ermənistanın lideri ölkəsinin silah axtardığını dəfələrlə dilə gətirib. Bəli, indiki dövrdə Ermənistan silah tədarükündə problemlərlə üzləşib. Bu ölkənin ənənəvi silah təchizatçısı Rusiya olub. Şimal qonşumuzdan işğalçı dövlətə müxtəlif silahlar ya pulsuz, ya da çox ucuz qiymətə göndərilib. Hazırda məlum səbəblərdən belə imkanlar məhdudlaşıb. Digər tərəfdən, bir sıra ölkələr imiclərinin qeydinə qalaraq işğalçı ölkəyə silah satmaq istəmirlər. Belə olan halda Ermənistan İran İslam Respublikasının hərbi-sənaye kompleksinin imkanlarından bəhrələnmək istəyir. Aydın görünür ki, sanksiyalar səbəbindən dərin maliyyə sıxıntıları yaşanan İranda Ermənistanın bu istəyi rədd edilmir.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması fonunda bu ölkə ilə Ermənistan arasında işğal dövründə mövcud olmuş “narkotik trafik” mövzusu da gündəmə gəlib. Ehtimal olunur ki, N.Paşinyanın səsləndirdiyi “gizli imkanlar”ın siyahısında yalnız silah sövdələşməsi yer almır, bura narkotik daşınması marşrutunun bərpa edilməsi məsələsi də daxildir. Sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərindən keçən bu marşrutla yalnız narkotik daşınmırdı. “Narkotik trafiki” ilə həm də sanksiyalar altında olan İrandan qaçaqmal daşınırdı. Azərbaycan 44 günlük müharibədə qazandığı Qələbə sayəsində dövlət sərhədinə çıxdıqdan sonra bu marşrutun fəaliyyətinə də son qoyulub və beləliklə də, hər iki ölkə ciddi maliyyə itkilərinə məruz qalıb.

Beləliklə, Ermənistan-İran dostluğunun pərdəarxası məqamları ortadadır. Yaxşı deyiblər ki, taylı tayını tapar.

Paylaş:
Baxılıb: 689 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31