Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəfər ayının müəllifləri

Zəfər ayının müəllifləri

06.11.2022 [10:00]

Mübariz ABDULLAYEV

Qalib Azərbaycan xalqına bayramlar yaraşır. 8 noyabr - Zəfər gününün astanasındayıq. Bütövlükdə, deyə bilərik ki, noyabr ayı Azərbaycan üçün bayramlar, əlamətdar tarixlər ayıdır. Bu aya təsadüf edən bayramlarımızın adları bir-birindən fərqlənsələr də, onların hamısı müstəqil dövlət quruculuğu ilə bağlıdır. Digər ümumiləşdirici amil isə ondan ibarətdir ki, bu bayramların xalqımızın və respublikamızın həyatına daxil olması bilavasitə ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin fəaliyyətləri sayəsində mümkün olub. Beləliklə, yaşadığımız noyabr ayına aşağıdakı əlamətdar tarixlər təsadüf edir.

8 noyabr - Zəfər Günü

9 noyabr - Dövlət Bayrağı Günü

10 noyabr - Üçtərəfli Bəyanatın imzalandığı gün

12 noyabr - Konstitusiya Günü

17 noyabr - Milli Dirçəliş Günü

21 noyabr - Yeni Azərbaycan Partiyasının yaranma günü

Son 200 illik tariximizin qızıl hərflərlə yazılan səhifəsi

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə respublikamızda hər il noyabrın 8-i Zəfər günü kimi qeyd olunur. Bu tarixin Zəfər bayramı kimi qeyd olunması Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza atması ilə bağlıdır. Zəfər günü son 200 illik tariximizin ən şanlı səhifəsidir. Xalqımıza sonsuz sevinc və qürur yaşadan Qələbənin memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

İndiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir.

Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər bu dəfə də Azərbaycandan yeni ərazilər qoparmaq istəyirdilər.

Ancaq bu dəfə ermənilər qarşılarında güclü Azərbaycanı və xalqına arxalanan güclü Lideri gördü. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dönəmlərindən başlayaraq ölkəni ərazi bütövlüyümüzün təmin olunması uğrunda haqq mübarizəsinə hazırladı - həm iqtisadiyyatı, ordunu gücləndirməklə, həm də ideoloji müstəvidə məqsədyönlü təbliğat aparmaqla, gənclərdə milli ruhu, qələbə əzmini möhkəmlətməklə. 44 günlük müharibədə qazanılan Qələbə tariximizdə əbədi qalacaq. Bu, xalqımızın sonsuz qürur mənbəyidir. Zəfər bayramının noyabrın 8-də qeyd edilməsi də təsadüfi deyildir. Qəhrəman hərbçilərimiz xalqımızın qəlbində xüsusi yeri olan əziz Şuşa şəhərini məhz 8 noyabr

2020-ci il tarixində düşmən tapdağından azad etməyə nail olmuşlar. Məhz Şuşanın işğaldan azad olunmasından sonra düşmən məğlubiyyətini dərk edərək iki gün sonra kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Başımız üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız

Dövlət rəmzləri heç də hər zaman insanların ürəyinə yatmır. Bəzən onlar bu rəmzləri məcburiyyət üzündən, diktə ilə qəbul edirlər. Məsələn, keçmiş sovet dönəmində insanlar saxta, qəlp rəmzləri qəbul etməyə məcbur idilər. Ürəklərdə isə onların heç biri üçün yer və sevgi hissləri yox idi.

Müstəqil Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağı isə yaşından, cinsindən, sosial statusundan və yer üzünün hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların hər zaman başlarının üstündə görmək istədikləri rəmzlərdən biridir. Bu bayraq hər birimizin mənliyinə, kimliyinə çevrilib.

Üçrəngli bayrağımızın Azərbaycanın dövlət rəmzlərindən biri kimi təsdiqlənməsinə gedən yol isə heç də hamar olmayıb. Tarixə nəzər salaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində bu bayraq ilk dəfə olaraq AXC Nazirlər Şurası tərəfindən rəsmi dövlət rəmzi kimi təsdiqlənib. Ancaq bəlli səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu.

1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi ilə üçrəngli bayrağımız digər atributlarımız kimi dövlət rəmzləri sırasından çıxardılaraq sovet bayrağı ilə əvəzləndi. Ancaq həmin rejimin sərt qadağalarına baxmayaraq, üçrəngli bayrağımız heç vaxt unudulmadı.

Üçrəngli bayrağımızın yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarlarla yaşadı. Sessiyada Ulu Öndərin təşəbbüsü əsasında  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, Ulu Öndərin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu, qılıncının dalının da, qabağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Son 18 ildə respublikamızda üçrəngli bayrağımıza həm dövlət, həm də cəmiyyət səviyyəsində münasibət daha da möhkəmlənib. Buna Prezident İlham Əliyevin imzaladığı sənədlər öz müsbət təsirini göstərib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. Bəhs olunan sonuncu sənədə əsasən ölkəmizdə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün təsis edilməsi Prezident İlham Əliyevin  müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin ifadəsidir.

Məğlub Ermənistan üçün kapitulyasiya aktı

Üç onillik ərzində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan və yeni ərazilər tutmaq iddialarından çıxış edən işğalçı dövləti cəzalandırmaq lazım idi və bunu Azərbaycan 44 günlük Vətən müharibəsində etdi. Yuxarıda bəhs olunan Sərəncamda oxuyuruq: “Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu”.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması ilə nəticələndi. Həmin sənədə əsasən məğlub Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarmağa məcbur oldu.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya

12 noyabr 1995-cı il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyası (Əsas Qanunu) ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilib. Bu Əsas Qanun hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınıb. Əsas Qanunun qəbul edilməsi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi. Komissiya Ulu Öndərin Sədrliyi ilə fəaliyyət göstərirdi. Ulu Öndər müstəqil Azərbaycanın ilk Konstitusiyasının ən təkmil formada hazırlanmasını qarşıya məqsəd qoymuşdu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə ən böyük xidmətlərindən biridir. Sənədi dəyərləndirən Heydər Əliyev deyirdi: “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir”.

Ölkəmizin Əsas Qanununun müəllifi olan Heydər Əliyev, həm də Konstitusiyanın qəbul olunduğu 12 noyabrın ölkədə bayram kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Onun  1996-cı il 1 noyabr tarixində imzaladığı Fərmana əsasən hər il noyabrın 12-si müstəqil Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.

Xalqın milli ideyalar uğrunda ayağa qalxdığı gün

Ümummilli lider Heydər Əliyev Azərbaycana müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik edib - keçmiş sovet dönəmində və müstəqillik illərində. Lakin bu iki formasiya arasındakı ideoloji fərqliliyə baxmayaraq, Azərbaycan xalqının milli maraqları və özünüdərki həmişə Ulu Öndərin fəaliyyətinin mərkəzində dayanıb. Müdrik və uzaqgörən siyasətçi olan Heydər Əliyev keçmiş sovet dönəminin sərt qadağalarına baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirirdi. Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəkdilər. Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır.

Ulu Öndərin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq cücərməyə başladı. Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsalarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil.

Bəhs olunan dövrdə keçmiş ittifaq məkanında bir sıra proseslər başladı. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. 1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana  birləşdirməsini tələb edirdilər. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keçmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yonəldi.

Müstəqil Azərbaycanda Milli Dirçəliş Gününə böyük dəyər verilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərlərindən birini məhz Milli Dirşəliş Günü ərəfəsində - 16 noyabr 2020-ci il tarixində Füzuli və Cəbrayıl rayonlarına getməklə ediblər. Həmin səfər çərçivəsində Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin, həm də milli qürur məsələsi idi.

Səhərisi gün - noyabrın 17-də isə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instagram səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”.

Dünənin, bu günün, gələcəyin partiyası

Yaxın günlərdə 30 illik yubileyini qeyd edəcəyimiz Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi sayılan Yeni Azərbaycan Partiyası  “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradıldı.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri

Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.

Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.

1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə,

2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.

773 min nəfərdən çox üzvü olan YAP dünənin, bu günün, gələcəyin partiyasıdır.

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31