Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İnkişafın əsas amili...

İnkişafın əsas amili...

01.12.2022 [10:03]

Korrupsiyadan azad mühit

İlham Əliyev: Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır

Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olub və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır.

Çox doğru olaraq korrupsiya dövlət quruculuğunun əsaslarına, idarəçiliyin səmərəliliyinə zərbə vuran, qanunun aliliyinə və sosial ədalətə təhlükə yaradan, əlverişli biznes mühitinin formalaşmasına maneçilk törədən və digər mənfi təzahürlərə yol açan ciddi sosial bəla kimi səciyyələndirilir. Cəmiyyətlərdə korrupsiya və vətəndaş məmnunluğu əks qütblərdə dayanır. Korrupsiyanın, rüşvətxorluğun geniş yayıldığı ölkələrdə vətəndaş məmnunluğu bir qayda olaraq aşağı səviyyədə olur.

Azərbaycanın səmərəli antikorrupsiya platforması

Korrupsiyaya qarşı mübarizədə gözlənilən nəticənin əldə olunması üçün ilk növbədə ortada dövlətin qətiyyətli siyasi iradəsi və səmərəli antikorrupsiya platforması olmalıdır. Azərbaycanın neqativ hallara qarşı mübarizə strategiyası məhz bu iki fundamental amillə dəstəklənir. Son illərdə respublikamızda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Aparılan islahatların mühüm bir qolu isə ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlıdır. Respublikamızda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkəmizdə korrupsiyaya və rüşvətxorluq kimi xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparıldığını diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Ölkədə yaradılan səmərəli antikorrupsiya platforması Azərbaycan dövlətinin bu sosial bəlanın əhatə dairəsinin daraldılmasına və kökünün kəsilərək cəmiyyətimizdən tamamilə kənar edilməsinə münasibətdə dəyişməz qətiyyətli mövqeyini tamamlayır. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Qeyd edək ki, son illərdə respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik daha da zənginləşdirilib, bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, o cümlədən “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında”, “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında”, “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında”, “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında”, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” sənədlər ölkəmizdə güclü antikorrupsiya platformasının formalaşması üçün zəruri hüquqi bazanı təmin edir. Dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə əlaqədar qurumların koordinasiyalı fəaliyyəti təmin edilir. Qeyd edək ki, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Yeni mərhələ, yeni baxış

 Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində həyatın bütün sahələrində böyük uğurlara imza atıb, özünün iqtisadi və siyasi müstəqilliyini tam təmin edib. Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi başlayıb. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Sənəddə vurğulandığı kimi, korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir. Burada respublikamızın hazırkı inkişaf mərhələsinin reallıqları əsas götürülməklə qabaqcıl dünya təcrübəsi nəzərə alınıb. Sənəddə oxuyuruq: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır”.

Sərt mübarizə tədbirləri

Ölkəmizdə Prezident İlham Əliyevin birmənalı mövqeyinə və yeni Milli Fəaliyyət Planında müəyyənləşdirilən hədəflərə uyğun olaraq korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə tədbirləri görülür. Biz müşahidə edirik: Heç bir rüşvətxorluq faktı diqqətdən kənarda qalmır və korrupsiyaya bulaşmış məmurlar layiq olduqları cəzaları alırlar. Təkcə son vaxtlarda ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairələri müəyyənləşdirilərək onlar məsuliyyətə cəlb olunublar. Baş Prokurorluqdan verilən məlumata əsasən, 2022-ci ilin birinci yarısında ölkədə korrupsiya hüquqpozmasına yol vermiş 139 şəxs barəsində 102 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 2 milyon 203 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 1 milyon 618 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub. Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə icraatına xitam verilmiş  cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 42 milyon 449 min manat məbləğində maddi ziyan tam olaraq ödənilmiş, eyni zamanda həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 18 milyon 874 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 115 təqdimat verilib. Həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən azad olunub və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb, 4 halda xəbərdarlıq olunub, 24 işçiyə töhmət və ya şiddətli töhmət verilib.

İctimai iştirakçılığın artırılması

Korrupsiya cəmiyyətin əsaslarını zədələdiyi kimi, onun aradan qaldırılmasında da bütün cəmiyyət - mən, sən, o, biz hamımız iştirak etməliyik və fəal vətəndaş mövqeyimizi ortaya qoymalıyıq. Sənəddə vurğulanır ki, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

Son vaxtlarda müxtəlif dövlət qurumları yanında ictimai şuraların yaradılması respublikamızda idarəçilikdə cəmiyyətin təmsilçiliyinin təmin olunması istiqamətində atılan mühüm addımdır. Respublikamızda 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasında ilk vaxtlarda müəyyən problemlər yaşanırdı. Bu istiqamətdə yeni mərhələ 2021-ci ildən başlayıb. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında cəmi 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar yaradılıb və onlara seçkilər keçirilib. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir. Həmçinin yerli icra strukturları yanında da ictimai şuralar təşkil olunur. Təcrübədən bəlli olur ki, ictimai şuraların təşkili müxtəlif mərkəzi və yerli icra hakimiyyəti qurumlarının fəaliyyətində şəffaflığın artmasına, hesabatlılığın təmin olunmasına, son nəticədə səmərəliliyin yüksəlməsinə müsbət təsir göstərir. Paralel şəkildə, cəmiyyətdə mərkəzi və yerli icra hakimiyyəti strukturlarına inam və rəğbət artır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28