Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Daha bir sübut!

Daha bir sübut!

21.12.2022 [10:09]

Sülhməramlılar geri çəkilsələr də...

Etirazçılar onların yerini tutmağa və yaxud yolu bağlamağa cəhd göstərmirlər

Mübariz FEYİZLİ

Azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətlərinə və bunun törətdiyi ekoloji fəsadlara qarşı etirazları davam edir. Ermənistan hakimiyyəti və qondarma “DQR”in rəhbərləri özlərisayağı erməni hiyləgərliyinə əl ataraq Azərbaycan cəmiyyətinin haqlı etirazlarını dünya ictimaiyyətinə, necə deyərlər, əyri güzgüdən təqdim etməyə cəhdlər göstərirlər. Bu günlərdə Ermənistan rəsmilərindən ayrı-ayrı beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə edilən zənglərin sayı-hesabı yoxdur. Onlar iddia edirlər ki, guya Azərbaycan Laçın-Şuşa yolunu bağlayıb və bu səbəbdən də Xankəndidə humanitar fəlakət yaşanır. Əslində isə Azərbaycan cəmiyyətinin təmsilçilərinin Laçın-Şuşa yolunu hər hansı bir formada bağlamalarından söhbət belə gedə bilməz. Bunu bu günlərdə etirazların keçirildiyi ərazidən təqdim olunan foto və video materiallar da təsdiqləyir. Aydın şəkildə görünür ki, Xankəndidən Ermənistana və əks istiqamətə təcili tibbi yardım maşınları, eləcə də digər avtomobillərin gediş-gəlişinə heç bir maneə yaradılmır. Daha bir fakt. Təqdim olunan yeni video materialda Rusiya sülhməramlılarının etirazların keçirildiyi ərazidən geri çəkildikləri görünür. Sülhməramlılar geri çəkilsələr də, etirazçılar onların yerini tutmağa və yaxud yolu bağlamağa əsla cəhd göstərmirlər. Bu da Ermənistandan gələn “etirazçılar Laçın-Şuşa yolunu bağlayıblar” iddiasının heç bir əsası olmadığını növbəti dəfə sübut edir. Azərbaycanlı etirazçıların məqsədi heç də yolu bağlayaraq Xankəndidə və digər yaşayış məntəqələrində humanitar böhran yaratmaq deyil. Əvvəlcədən də bildirildiyi kimi, etirazların keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərdə qanunsuz iqtisadi fəaliyyətə və bunun nəticəsi olaraq yaranan ekoloji fəsadlara son qoyulmasıdır. Keçirilən aksiyalar hər hansı bir siyasi motivdən uzaqdır.

Qeyri-qanuni iqtisadi fəaliyyət

Otuz illik işğal dövründə indiki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Ermənistan tərəfindən yeraltı və yerüstü sərvətlərimizin vəhşicəsinə talanmasına və qanunsuz iqtisadi fəaliyyət nəticəsində külli miqdarda gəlir əldə olunmasına dair təkzibolunmaz faktlar aşkarlanıb. Bu barədə Baş Prokurorluğun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər qurumların hesabatlarında ətraflı bəhs olunub. Bundan başqa, zamanında Ermənistan mediasında da forpost dövlətin və qondarma “DQR”-in rəhbərlərinin Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən də təbii sərvətlərin talanması nəticəsində özlərinə böyük sərvətlər toplamalarına aid materiallar dərc olunub. Bəhs olunan ərazilərdə qeyri-qanuni fəaliyyətə cəlb olunan şirkətlər həm Ermənistana, həm də digər ölkələrə məxsus idi. Azərbaycanın Baş Prokurorluğunun 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna Metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlər, o cümlədən, Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.

Sərvətlərimizin talanması prosesində adı keçən əsas şirkətlərdən biri “Vallex Group” olub. İsveçrədə qeydiyyatdan keçən şirkət erməni biznesmen Valeriy Meclumyanın təsisçiliyi ilə fəaliyyət göstərib. Şirkətin maliyyə mənbələrindən biri kimi Rusiyanın “VTB” bankının da adı keçir. Qrupa Ermənistanda və Rusiyada, eləcə də işğal dövründə Qarabağda fəaliyyət göstərmiş şirkətlər də daxil olub.

2001-ci ildə “Base Metals” şirkətini təsis edən “Vallex Group” işğal dövründə Kəlbəcərin “Heyvalı” yatağının qanunsuz istismarını həyata keçirib və yatağı tamamilə qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki, bu müddətdə emal həddi 150 min tondan yuxarı olmamalı idi. “Heyvalı”nı qurudandan sonra şirkət 2011-ci ildə keçmiş Ağdərə rayonundakı “Dəmirli” yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən, Avropa ölkələrinə ixrac edilirdi.

Danimarkanın “FLSmidt” şirkəti də 2006-cı ildən “Vallex Group” ilə əməkdaşlıq çərçivəsində işğal altındakı ərazilərdə yataqların istismarına cəlb edilib. Bu şirkət “Vallex Group”un avadanlıq və layihələndirmə ilə bağlı sifarişlərini yerinə yetirib, yerli işçilərə treyninqlər keçmək üçün mütəxəssislər təqdim edib, o cümlədən, 2008-ci ildə Ermənistanın Lori regionunda “Vallex”ə məxsus olan “Teghut” mis-molibden yatağında sifarişlə xidmətlər göstərib.

Rusiyanın “Gold Star” qapalı səhmdar cəmiyyəti isə Zəngilan rayonunun Vejnəli kəndində qızıl yataqlarının qanunsuz istismarını həyata keçirib. “Vejnəli” yatağı ilə yanaşı, Kəlbəcər rayonunun “Söyüdlü” (zod-qızıl-sulfid), “Qızılbulaq” (qızıl-mis-kolçedan), “Heydərə” (qızıl), “Qərbi Qızılitən” və “Ağzıbir” (qızıl) yataqları da işğal dövründə talanıb.

Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.

Baş Prokurorluğun 2020-ci ildə aparılan istintaqla bağlı müəyyən məlumatları da açıqlanıb. Məlumata görə, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan haqqında cinayət işi açılıb, onlar beynəlxalq axtarışa veriliblər.

Azərbaycan cəmiyyətinin haqlı etirazı

Təəssüf doğuran haldır ki, ermənilər postmüharibə dövründə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizi talamaqda davam edirlər. Söhbət Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarından gedir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yerləşən həmin yataqlar suveren Azərbaycanın mülkiyyətidir. Bu yataqların istismarı ancaq Azərbaycanın müvafiq qurumlarının icazəsi əsasında həyata keçirilə bilər. İndiyədək belə bir icazə alınmasa da , qodarma “DQR”in cinayətkar rəhbərlərinin xeyir-duası ilə xarici şirkətlər təbii sərvətlərimizin talanmasını davam etdirirlər. Belə qanunsuz fəaliyyət isə iqtisadi və ekoloji fəsadlara yol açır. Müşahidələr onu deməyə əsas verir ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarı zamanı heç bir norma və tələbə əməl olunmur, ağaclar qırılır, ərazi ölü zonaya çevrilir. Təbii ki, bunlar da Azərbaycan cəmiyyətində etirazlar yaradır. Cari il dekabrın əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşlər  keçirib.

Görüşlər zamanı faydalı qazıntı yataqlarına, xüsusilə də Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. İlk görüşdə Rusiya sülhməramlı kontingentinin rəhbərliyi Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə sözügedən yataqlara baxış keçirməyə şərait yaradacağına razılıq versə də, sonradan bu, mümkün olmadı. Daha dəqiq desək, Rusiya sülhməramlı kontingenti azərbaycanlı mütəxəssislərin yataqlara baxış keçirmələrinə şərait yaradılmasını təmin etmədi. İndiyədək bununla bağlı sülhməramlılardan hər hansı bir izah gəlməyib. Belə olan halda dekabrın 12-də qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyası keçirib. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Ekoloji fəallar çadırlar qurublar. Hər ötən gün aksiyanın miqyası daha da genişlənir. Ekoloqların etirazlarına, həmçinin KİV təmsilçiləri və cəmiyyətimizin digər təbəqələrinin nümayəndələri də qoşulublar.

Cəmiyyətimizin narahatlığı sərvətlərimizin talanması və qeyri-qanuni iqtisadi fəaliyyətin ekoloji fəsadları ilə bağlıdır. Bu aksiyalar bəhs olunan yataqlarda Azərbaycanın müvafiq qurumlarının monitorinqlər aparmalarına şərait yaradılmasınadək davam etdiriləcək. Aksiyalar dinc şəraitdə keçir. Bu günlərdə ekoloqların səmaya 44 göyərçin uçurması isə Azərbaycan cəmiyyətinin və dövlətinin sülh istəyinin ifadəsidir.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28