Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Möhkəm təməl üzərində yeni uğurlara doğru

Möhkəm təməl üzərində yeni uğurlara doğru

30.12.2022 [10:03]

2022-ci ilin iqtisadi yekunları

Mübariz ABDULLAYEV

Daha bir il başa çatmaq üzrədir. Adətən, illərin qovşağında keçilmiş yola nəzər salınır, uğurlar və nöqsanlar saf-çürük edilir, gələcək üçün proqnozlar müəyyənləşdirilir. Biz də istərdik ki, 2022-ci ilin sonuna sayılı günlər qaldığı bir vaxtda milli iqtisadiyyatımızın vəziyyətinə qısa nəzər salaq. 2022-ci ildə Azərbaycan iqtisadiyyatında hansı mühüm proseslər müşahidə edilib? Göstəricilər qənaətbəxşdirmi? Qarşıda inkişaf perspektivləri necə görünür?

Xarici iqtisadi mühit

Elə bir dövrdə yaşayırıq ki, hazırda hansısa bir ölkənin öz siyasətini xarici amilləri nəzərə almadan qurduğunu heç təsəvvürə gətirmək belə mümkün deyil. Azərbaycan da uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edən, o cümlədən də ayrı-ayrı dövlətlərlə sıx iqtisadi partnyorluq münasibətləri quran ölkədir. Bu baxımdan respublikamızda iqtisadi inkişaf proqnozları və hədəfləri müəyyənləşdirilərkən mütləq yeni qlobal trendlər və çağırışlar nəzərə alınır.

Təəssüf doğuran haldır ki, sərt iqtisadi qapanmalarla səciyyələnən qlobal pandemiya dövründən sonrakı mərhələdə, həmçinin 2022-ci ildə dünya üzrə iqtisadi meyillər heç də ürəkaçan olmayıb. Belə ki, il ərzində qlobal iqtisadi mühit geosiyasi və geoiqtisadi gərginliyin təsirləri ilə daha da mürəkkəbləşib. Qlobal iqtisadiyyatda əhəmiyyətli paya malik olan ölkələrdə müşahidə edilən  iqtisadi zəifləmə onların ticarət tərəfdaşlarına da mənfi təsir göstərib. Yüksək qeyri-müəyyənliklər fonunda dünyada iqtisadi aktivlik göstəriciləri il ərzində azalma  meyilli olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üzrə pandemiya məhdudiyyətlərinin yumşaldılmasının ardından geosiyasi gərginliyin artması İstehlakçı İnam İndeksi (İİİ) və Biznes İnam İndeksinə (Bİİ) neqativ təsir göstərib.

Öz növbəsində dünya iqtisadiyyatındakı son meyilləri nəzərə alan beynəlxalq reytinq təşkilatları qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində müəyyənləşdiriblər. Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ilin oktyabrında dərc etdiyi hesabatında il ərzində müşahidə edilən arzuolunmaz qlobal iqtisadi meyilləri nəzərə almaqla 2023-cü ildə qlobal artımın 2.7% olacağını proqnozlaşdırıb ki, bu da aprel və iyul hesabatındakı proqnozlardan müvafiq olaraq 0.9 və 0.2 faiz bəndi aşağıdır. BVF-nin oktyabr hesabatında İnkişaf Etmiş Ölkələr (İEÖ) qrupu üzrə iqtisadi artım proqnozu 2022-ci ildə 2.4% olmaqla iyul proqnozuna nəzərən 0.1 faiz, 2023-cü ildə isə 1.1% olmaqla 0.3 faiz bəndi aşağı salınıb.

Azərbaycan iqtisadiyyatının genişlənməsi

Azərbaycanın güclü potensialı və yeni məzmunlu islahatlar yolu ilə preventiv tədbirlərin görülməsi ölkənin iqtisadi siyasətində xarici mənfi təsirləri önləməyə və yaxud bu təsirləri azaltmağa imkan verib. Nəticədə, milli iqtisadiyyatımızda 2021-ci ildəki bərpadan sonra cari ildə genişlənmə prosesləri müşahidə edilib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2022-ci ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 5.6% artıb və nominal olaraq 98.1 mlrd. manat təşkil edib. Adambaşına düşən ÜDM-in həcmi 9748.9 manat olub. Bütövlükdə, 2022-ci ildə ölkəmizdə ÜDM-in nominal həcminin 130 milyard manata çatması gözlənilir ki, bu, tariximizdə ən yüksək göstəricidir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər nominal ifadədə 47.8 mlrd. manat olub. Onun ÜDM-də xüsusi çəkisi 48.7% təşkil edib. Dövr ərzində 24.4 milyon ton əmtəəlik xam neft, 25.7 milyard kub metr əmtəəlik təbii qaz hasil olunub. Qeyri neft-qaz sektorunda 2022-ci ilin 9 ayı ərzində yaradılan əlavə dəyər ötən ilin müvafiq dövrünə nəzərən real ifadədə 10.1% artıb və nominal olaraq 50.3 mlrd. manat təşkil edib. Sənayenin qeyri neft-qaz sektorunda ümumi məhsul buraxılışı 7.8% artıb. Məhsul buraxılışı kompüter, elektron və optik məhsullar üzrə 23%, mebel istehsalı üzrə 42.8%, kağız və karton üzrə 16.4%, tikinti materialları üzrə 17%, geyim istehsalı üzrə 44.7%, qida məhsulları üzrə 9.3%, metallurgiya sənayesi üzrə 7.5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı üzrə 93.7%, elektrik  avadanlıqları üzrə 43%, kimya sənayesi üzrə 5.5%, ayaqqabı istehsalı 63.1%, əczaçılıq məhsulları üzrə 38.1% və poliqrafiya məhsulları üzrə 21.7% artıb. 

2022-ci ilin 9 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatında 3% artım qeydə alınıb. O cümlədən, heyvandarlıq məhsulları istehsalı üzrə 2.9%, bitkiçilik məhsulları üzrə isə 3% artım baş verib.

İqtisadiyyatın xidmət sektorunda da 2022-ci ilin 9 ayında müsbət dinamika müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən yük və sərnişin daşımaları müvafiq olaraq 12.3% və 38.9%, informasiya və rabitə sektorunda 15.5%-lik artım qeydə alınıb.

İxracın artması

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on ayı ilə müqayisədə 16,2% artıb. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dollarına çatıb. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib.

Maliyyə imkanlarının genişlənməsi

Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini şərtləndirən əsas amillərdən biri ölkənin maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır. Əlamətdar haldır ki, hazırda respublikamız  heç bir beynəlxalq maliyyə qurumundan və yaxud kredit təşkilatından asılı deyil. Əksinə Azərbaycanın özü donor ölkə qismində çıxış edir və ayrı-ayrı xarici ölkələrdə aktiv investisiya siyasəti həyata keçirir. Ölkə daxilində irihəcmli investisiya layihələrinin reallaşdırılmasına, o cümlədən də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə baxmayaraq, valyuta ehtiyatlarımız artır. 2022-ci ildə strateji valyuta ehtiyatlarımız 55 milyard dollar səviyyəsinə çatıb ki, bu da Azərbaycan kimi bir ölkə üçün kifayət qədər yaxşı göstəricidir.

Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında xarici borcun azaldılması siyasətini 2022-ci ildə də davam etdirib. Hazırda ölkəmiz ÜDM-in cəmi 14 faizi həcmində ümumi dövlət borcuna malikdir. Respublikamızın ÜDM-in təxminən 11 faizi həcmində xarici borcu, 3 faizi həcmində isə daxili borcu var.

Manatın məzənnəsinin sabit qalması

Yola salmağa hazırlaşdığımız 2022-ci ilin ən mühüm sosial-iqtisadi göstəricilərindən biri manatın məzənnəsinin sabit qalmasıdır. Bir sıra yaxın-uzaq ölkələrdə milli valyutaların dəyər itirməsi fonunda Azərbaycan manatının dollara nəzərən kursu sabit olaraq qalır. FED-in son qərarından sonra da manatın ucuzlaşması prosesi müşahidə edilmir. İl ərzində respublikamızda 1 USD - 1.7000 AZN kursu kiçik dəyişmələrlə sabit qalıb.

Müşahidə edilən əsas məqamlardan biri isə son vaxtlarda manatın ayrı-ayrı valyutalara nəzərən daha yüksək dəyər qazanmasıdır. Bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması manatın nominal effektiv məzənnəsinə əlavə artırıcı təsir göstərib. Bunu həmçinin Dünya Bankı da təsdiqləyib. Qurumun sentyabr ayı üzrə hesabatında bildirilir ki, Azərbaycanın bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manatın nominal effektiv məzənnəsini 10,5 faiz artırıb. Hesabatda xüsusi olaraq vurğulanıb ki, manatın məzənnəsinin sabit qalması Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını artırıb.

Manatın kursunun sabit qalması milli valyutamız üçün mövcud olan əlverişli daxili və xarici amillərlə bağlıdır. Azərbaycan xarici bazarlara neft və qaz kimi strateji məhsullar çıxardır. Dollarla ticarət olunan bu məhsulların satışından ölkəmiz böyük həcmlərdə valyuta qazanır. Təsadüfi deyildir ki, 2022-ci il ərzində Mərkəzi Bankın təşkil etdiyi valyuta satışı hərraclarında dollara tələbat tam şəkildə ödənilib.

Proqnozlara görə, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq.  Bu kimi göstəricilər isə perspektivdə də manatın hazırkı kursunun dəyişməz saxlanılacağına böyük ümidlər yaradır..

Müstəqillik dövrünün ən böyük büdcəsi

Milli Məclis dekabrın 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir. Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilib

Dövlət büdcəsinin kəsiri 2 milyard 579,9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır.

Qanun layihəsinin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 000,0 min manat proqnozlaşdırılır. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində müəyyənləşdirilir.

Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 949 346,5 min manat müəyyən edilir.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat çoxdur. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Büdcəyə vergi və gömrük daxilolmalarının artması

Ölkədə həyata keçirilən islahatların, həmçinin neqativ halların əhatə dairəsinin daraldılması hesabına dövlət büdcəsinə daxilolmalar artır. İqtisadi artımın sürətlənməsi şəraitində dövlət büdcəsinin dürüstləşməsindən sonra yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 110,2 faiz icra edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə 970 milyon manat vəsait daxil olub. Noyabrın 1-nə isə vergilər üzrə illik proqnoz tam yerinə yetirilib. Cəmi vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 32,2 faiz artıb. Bununla yanaşı, sosial sığorta yığımlarında yüksək artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığortası üzrə daxilolmalara dair proqnoz 103,6 faiz icra edilərək, 3,3 milyard manat vəsait daxil olub. Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 108 faiz, icbari tibbi sığorta daxilolmaları üzrə isə proqnoz 105,9 faiz icra edilib.

Dövlət büdcəsinə gömrük daxilolmaları da artır. 2022-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 5 milyard 89 milyon 591 min manat daxil olub. 2021-ci ilin eyni dövründə komitənin xətti ilə dövlət büdcəsinə 3 milyard 937 milyon 478 min manat gömrük ödənişləri daxil olmuşdu. Beləliklə, 2022-ci ilin 11 ayı ərzində komitənin xətti ilə dövlət büdcəsinə daxil olan vəsait 1 milyard 152 milyon 113 min manat və ya 29,3% artıb.

Böyük Qayıdış proqramı

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanıb. Sözügedən Dövlət Proqramı Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənib.

Bəhs olunan Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənədin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Beynəlxalq iqtisadi tərəfdaşlıq

Enerji seqmenti 2022-ci ildə də Azərbaycanın beynəlxalq iqtisadi tərəfdaşlığında əsas istiqamətlərdən biri olub. Cari ilin yayında ölkəmizlə Avropa İttifaqı arasında enerji əməkdaşlığı üzrə yeni sənəd imzalandı. 2021-ci ildən etibarən respublikamız  Avropa İttifaqı bazarına təbii qaz ixracını həyata keçirir. Ötən il respublikamızdan qoca qitəyə mavi yanacaq ixracı 8,2 milyard kubmetr təşkil edib. Cari ildə bu rəqəmin 11,3 milyard kubmetrə çatacağı gözlənilir. Növbəti ildə ölkəmizdən Avropaya qaz ixracının həcmi ən azı 11,6 milyard kubmetrə qədər artacaq. 2027-ci ilədək isə respublikamızdan qoca qitəyə mavi yanacaq ixracının hazırkı səviyyəsinin iki dəfə artırılması hədəflənib. 2023-cü ildə Azərbaycandan mavi yanacaq ixracının həcmini təxminən 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Müqayisə üçün, bildirək ki, 2021-ci ildə ölkəmizin qaz ixracı 19 milyard kubmetr həcmində olub. Respublikamız Aİ məkanına daxil olan ayrı-ayrı ölkələrlə yanaşı, qonşu Gürcüstana və Türkiyəyə də mavi yanacaq ixracını həyata keçirir.

Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasiminə qatılıb. Respublikamız 2022-ci ildə ayrı-ayrı xarici şirkətlərlə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə əməkdaşlığını davam etdirib. Onların sırasında BP, “ACWA Power”, “Masdar” kimi  şirkətlər yer alırlar.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28