Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Heydər Əliyev İli” sülh ili ola bilərmi?

“Heydər Əliyev İli” sülh ili ola bilərmi?

11.01.2023 [11:15]

Mübariz ABDULLAYEV

Ulu öndər Heydər Əliyevin Azərbaycanın həyatında yeri və rolu əvəzsizdir. Onun ölkəmiz və xalqımız qarşısında xidmətlərini sadalasaq, böyük bir siyahı alınar. Ulu Öndərimizin bu günümüz və gələcəyimiz üçün müstəsna önəm daşıyan xidmətlərindən biri barədə söhbət açmaq istərdik. Müdrik və uzaqgörən dövlət xadimi olan Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan az sonra – 1994-cü ilin mayında Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail oldu. “Bişkek Protokolu” adlandırılan atəşkəs müqaviləsi mayın 12-də qüvvəyə mindi.

2023-cü il isə Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu barədə Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində  Sərəncam imzalayıb. Sənəddə oxuyuruq: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Müqayisə aparmaq istərdik: Ulu Öndərin 1993-cü ilin yayında ölkəmizin siyasi rəhbərliyinə qayıdışı Azərbaycana sülh gətirdi. Bəs “Heydər Əliyev İli”ndə Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən və arzu edilən sülh müqaviləsi, nəhayət ki, imzalanacaqmı?

Atəşkəs Azərbaycana nə üçün lazım idi?

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanması Ulu Öndərin çox böyük səyləri və uzaqgörənliyi sayəsində baş tutdu. Bəs atəşkəs Azərbaycana nə üçün lazım idi? Suala cavab vermək üçün həmin dövrə qısa ekskurs etmək kifayətdir. Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıdanadək respublikamızın mənzərəsi çox acınacaqlı idi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı ölkəni sözün əsil mənasında uçurumun kənarına gətirib çıxartmışdı. Vətəndaş qarşıdurması, müstəqilliyin yenidən itirilməsi təhlükəsi tam real idi. Respublikamızda xaos hökm sürürdü, iqtisadiyyat dağılmışdı, sosial gərginlik pik həddə çatmışdı. Azərbaycandakı idarəolunmaz vəziyyətdən istifadə edən Ermənistan havadarlarının dəstəyi ilə ərazilərimizin işğal coğrafiyasını durmadan genişləndirirdi. Həmin dövrdə silahlı qüvvələrin düşmənə müqavimət göstərmək imkanları yox səviyyəsində idi. Onlar pərakəndə halda fəaliyyət göstərir və əslində bir-biri ilə ədavət aparan siyasi qüvvələrin, ayrı-ayrı “liderlərin” əlində alətə çevrilmişdilər.

Belə bir şəraitdə cəbhədə açıq-aşkar üstünlüklərə malik Ermənistanla sülh müqaviləsinin imzalanması sıradan bir hadisə deyildi. Ulu Öndər dəyərləndirirdi:

-Azərbaycanın potensialını səfərbər etmək,

-iqtisadiyyatını dirçəltmək,

-ölkənin investisiya cəlbediciliyini artırmaq,

-cəmiyyətdə konsensusa nail olmaq, vətəndaş həmrəyliyini təmin etmək,

-nizami, vahid komandanlığa tabe olan ordu yaratmaq və digər ümdə məsələləri həll etmək üçün vaxt və münbit şərait lazım idi.

Heydər Əliyev əsaslandırırdı ki, bütün bu strateji məqsədlərə nail olmaqdan ötrü mütləq Ermənistanın aramsız hücumlarının qarşısı alınmalıdır.  Qeyd etdiyimiz kimi, xalqımızın Ümummilli Lideri buna özünün müdrik siyasəti sayəsində nail oldu. Heydər Əliyev bir sıra zəruri siyasi gedişlər etdi. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu Öndər müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi. Beləliklə, Heydər Əliyev ilk növbədə cəmiyyətin sabaha olan ümidini, milli gücə inamını geri qaytardı, ipə-sapa yatmaq istəməyən marginal siyasi dəstələri ram etməyə başladı, iqtisadi islahatların anonsunu verdi. Təbii ki, həmin dövrdə öz üstünlüyündən istifadə edən düşmən ağır şərtlər irəli sürürdü. Ancaq Heydər Əliyevin atdığı addımlar və verdiyi qərarlar sayəsində düşmən, necə deyərlər, atəşkəs sənədini imzalamaq məcburiyyətində qaldı. Ölkədə Ümummilli Liderin səyləri ilə qısa müddətdə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. 1994-cü il yanvarın əvvəllərindən etibarən həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alındı və Azərbaycan Ordusu əks-hücuma keçərək 21 min hektar ərazini - Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Bütün bunlar Ermənistanda yaranan “permanent qələbə” eyforiyasına son qoydu. Gözü qorxan düşmən atəşkəs müqaviləsini imzaladı.

Atəşkəsdən sonra qazanılan ən böyük nəticə

“Bişkek Protokolu”nin qüvvəyə minməsi ilə Azərbaycan strateji məqsədlərini reallaşdırmaq imkanı qazandı. “Atəşkəs Azərbaycana nə verdi” sualının cavabında aşağıdakıları sadalamaq mümkündür:

- Atəşkəsin əldə olunması xarici investorlarda Azərbaycana yönəldəcəkləri sərmayələrin qorunacağına inamı artırdı. 1994-cü ilin sentyabrında transmilli şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair”Əsrin müqaviləsi” imzalandı.

- Sonrakı mərhələdə ölkəmizə daxil olan böyük həcmlərdə neft gəlirləri iqtisadiyyatın dirçəldilməsinə və şaxələndirilməsinə, insan kapitalının formalaşdırılmasına, irihəcmli infrastruktur və sosial layihələrin reallaşdırılmasına yönəldildi,

- Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Dövlət proqramları qəbul olundu və onların icrası təmin edildi,

- Ölkə boyunca genişmiqyaslı quruculuq işlərinə başlanıldı, milyonlarla yeni iş yerləri yaradıldı,

- Hakimiyyətlə cəmiyyətin sıx həmrəyliyinə nail olundu.

- Atəşkəs illərində Azərbaycan siyasi revanşlar sayəsində Ermənistanın yalan üzərində qurulan təbliğatını darmadağın etdi. Xatırlayaq ki, Heydər Əliyev xaricə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin ən xırda məqamlarını belə auditoriyaların diqqətinə çatdırmaqdan usanmırdı, hətta bir sıra hallarda xəritə önünə keçərək Ermənistanın işğal altına aldığı ərazilərimizi əyani şəkildə göstərirdi. Beynəlxalq arenada aparılan belə məqsədyönlü fəaliyyət öz nəticəsini verdi - Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin və beynəlxalq təşkilatların sayı artdı, erməni lobbisinin yalan üzərində qurulan təbliğatı, necə deyərlər, küncə sıxışdırıldı.

28 ili əhatə edən atəşkəs dövründə Azərbaycanın əldə etdiyi daha bir uğur barədə isə ayrıca söhbət açmaq istərdik. Bu uğur yüksək səviyyəli ordu quruculuğu ilə bağlıdır. Atəşkəs dövründə əvvəlcə Heydər Əliyevin, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan müasir ordu quruculuğuna nail oldu. Respublikamızda vahid komandanlığa tabe olan ordunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev son 19 il ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.

Atəşkəs dövründə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsinin və bu əsasda güclü Ordu yaratmasının ən böyük nəticəsi 44 günlük müharibədə qazanılan şanlı Qələbəmiz oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində yeni əsrin yeni müharibə modelini tətbiq etdi. Ordunun yüksək döyüş hazırlığına, innovativ tətbiqlərə, şəxsi heyətin vətənpərvərliyinə əsaslanan bu müharibə modelinin tətbiqi sayəsində Azərbaycan üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarını geri qaytarmağa və özünün ərazi bütövlüyünü təmin etməyə nail oldu.

 Ermənistan manipulyasiyalara son qoyarsa…

Azərbaycanın şanlı Qələbə sayəsində yaratdığı yeni reallıqlar regionda sülh, təhlükəsizlik, əməkdaşlıq üçün münbit zəmin  və real imkanlar formalaşdırıb. Bəs “Heydər Əliyev İli”ndə bu imkanları gerçəyə çevirməklə sülhə əldə etmək mümkün olacaqmı? Bu, mümkündür, bir şərtlə ki, müharibənin məğlub tərəfi olan Ermənistan manipulyasiyalara son qoysun.

Müharibənin başa çatmasından ötən iki ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında müəyyən yol keçilib. Belə ki, indiyədək Moskvanın və Brüsselin vasitəçiliyi ilə iki ölkənin liderləri və digər yüksəksəviyyəli rəsmiləri  müxtəlif məkanlarda çoxsaylı görüşlər keçiriblər. Azərbaycanın postmüharibə dövrünün gündəliyində Ermənistanla sülh razılaşmasının əldə olunması prioritet istiqamətlərdən birini təşkil edir. Üç onillik ərzində qarşıdurmalardan əziyyət çəkən respublikamız müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyir.  Əslində, qalib Azərbaycanın müharibə başa çatandan sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün nümayiş etdirdiyi davranışların dünya tarixində analoqu yoxdur. Döyüş meydanında düşməni diz çökdürən, onu kapitulyasiya sənədini imzalamağa məcbur edən respublikamız qarşısına bundan hansısa imtiyazlar qazanmaq məqsədi qoymayıb. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu paket hansısa subyektiv istəklər nəzərə alınmaqla hazırlanmayıb, əksinə sırf beynəlxalq normalara istinad olunub. Sənəddə  beynəlxalq hüququn beş əsas prinsipi,  xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması müddəaları öz əksini tapıb. Bunlar iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər.

Azərbaycanın real məzmunlu sülh gündəliyi təqdim etməsinə rəğmən, Ermənistan hələ də revanşizm cəhdlərindən geri çəkilmək istəmir. 2022-ci ilin birinci yarısında bu ölkənin baş naziri N.Paşinyan və digər rəsmiləri Azərbaycanın sülh çağırışlarına müsbət yanaşdıqlarını bildirirdilər. Sonradan müəyyən güclərin, xüsusilə də Ermənistanı özünün bacısı adlandıran Fransanın təhriklərinin nəticəsi olaraq forpost dövlət qeyri-məqbul şərtlər diqtə etməyə başladı. Dünya tarixində müharibədə uduzan tərəfin sülh prosesində hansısa şərtlər irəli sürməsi praktikası olmayıb, belə ölkələr məhz sülhə məcbur ediliblər. Məğlub Ermənistan qalib Azərbaycanın xoş niyyətini, sülh təkliflərini dəyərləndirməli və özü üçün nəticələr çıxartmalıdır. Əks halda bu ölkə sülhəməcburetmə tədbirləri ilə üzləşə bilər. Bunun fəsadları isə məğlub ölkə üçün daha ağır olacaq.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28