Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əsas nəqliyyat layihələrini tamamlayan Azərbaycan...

Əsas nəqliyyat layihələrini tamamlayan Azərbaycan...

17.01.2023 [10:19]

Zəngəzur dəhlizinin açılmasında da israrlıdır

M.ABDULLAYEV

Artan geosiyasi gərginliklər fonunda Azərbaycan üzərindən keçən beynəlxalq səviyyəli nəqliyyat dəhlizlərinə böyük maraq yaranıb. Hazırda Avrasiya məkanında bir sıra marşrutlar ciddi təhdidlər altındadır. Müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Azərbaycan Avropa ilə Asiya arasında ən əlverişli məkan kimi ölkələrin və daşıma şirkətlərinin diqqətini özünə çəkir.

Güclü müasir infrastruktur

Azərbaycandan keçən beynəlxalq səviyyəli nəqliyyat dəhlizlərinə marağın artması isə heç də təsadüfi deyil. Burada ən cəlbedici məqamlardan biri ölkə ərazisində yaradılan müasir infrastrukturdur.  Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxt­larda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca avtomobil yolları seqmenti üzrə bütün mühüm layihələrin icrasını yüksək səviyyədə tamamlayan Azərbaycan hazırda əsas diqqəti dəmir yollarının imkanlarını artırmağa yönəldib. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.

Orta Dəhlizin artan cəlbediciliyi

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Orta Dəhliz marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır. Azərbaycan ölkə ərazisindən keçən digər marşrutlar kimi Orta Dəhlizin də inkişaf etdirilməsinə böyük səy göstərir. Xatırladaq ki, beş il bundan əvvəl respublikamızın fəal töhfələri sayəsində indi bu dəhlizin mühüm seqmenti sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı baş tutdu. Bu layihənin təşəbbüskarı respublikamız olub. Başlanğıcda BTQ-nin həyata vəsiqə almasına maneçilik törədilirdi. Xüsusilə də bəzi böyük Qərb ölkələri layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr yaradırdılar.  Səbəb də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Ermənipərəstlik qlobal əhəmiyyət daşıyan bu layihənin icrasında da özünü göstərib və bir neçə il itirilib.  Digər problem maliyyə çatışmazlığı ilə bağlı idi. “Bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edirik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin əgər həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər bir görüşdə bu mövzu müzakirə edilirdi”, - deyə Prezident İlham Əliyev bildirib.

Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız iqtisadi və nəqliyyat layihəsi deyil

Artan yük həcmləri yeni yolların yaradılmasını tələb edir. Ən optimal variant isə Azərbaycanın əsas hissəsi ilə 30 il ərzində blokada şəraitində qalmış Naxçıvanı birləşdirəcək Zəngəzur dəlizinin yaradılmasıdır. Zəngəzur dəhlizinin açılması bir sıra nöqteyi-nəzərdən böyük önəm daşıyır. Yeni marşrutun aktuallığını şərtləndirən amillər sırasında onun region üçün əhəmiyyətini xüsusi qeyd edə bilərik. Burada əlbəttə ki, ilk növbədə Azərbaycanın maraqları təmin olunacaq. Ölkəmizin tranzit imkanları genişlənəcək, Naxçıvanın blokadasına son qoyulacaq.

Eyni zamanda bu dəhlizin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə Prezident İlham Əliyev bildirib.

Zəngəzur dəhlizinin digər bir önəmi bu marşrutun çoxistiqamətli dəhliz kimi inkişaf etdirilməsi perspektivləri ilə bağlıdır. Bəhs olunan dəhliz üzrə həm avtomobil, həm də dəmir yolları seqmentləri yaradılacaq. Dəhliz boyunca elektrik ötürücü xətlərin çəkilməsi də gündəlikdə duran məsələdir. Azərbaycanın işğaldan azad etdiyi ərazilər “yaşıl enerji” vadisi sayılır. Bütövlükdə, Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunun minimum yarısı tamamilə reallaşa bilər. Bəs istehsal olunacaq böyük həcmlərdə elektrik enerjisini hansı xətlərlə istehlakçılara ötürmək daha məqsədəuyğundur? Sualın cavabı olaraq nəzərlər yenə də Zəngəzur dəhlizinə yönəlir. Zəngəzur dəhlizi üzərindən elektrik enerjisinin nəql edilməsi perspektivlərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və bu, tam reallaşa bilər. Çünki Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər, əlbəttə ki, hər şeyi ölçüb-biçiblər. Onlar tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, - indi Azərbaycandakı iqtisadi vəziyyət belədir ki, bu, onları qane edir, - eyni zamanda, ixrac üçün imkanlar yaranacaq”.

Transxəzər layihəsi reallaşacaqmı?

Uzun illərdir ki, Transxəzər marşrutunun yaradılması da müzakirə mövzusudur. Hələlik müzakirələrdə hər hansı bir konkret nəticəyə gəlinmədiyi bu marşrutun ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Layihənin icrası üçün bir neçə aktual məsələ həllini tapmalıdır. Bunlardan biri layihənin kimin maliyyələşdirəcəyi ilə bağlıdır. İndiyədək Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan layihələrdə heç bir mücərrədlik olmayıb. İstər Bakı-Tbilisi-Ceyhan olsun, istər Cənub Qaz Dəhlizi, burada hər şey aydın idi. Azərbaycan hər iki transmilli enerji layihəsi üzrə təşəbbüslərlə çıxış edib və tərəfdaş ölkələrdən, şirkətlərdən ibarət komanda formalaşdırmağa nail olub. Eyni zamanda, layihələrin icrasına beynəlxalq maliyyə qurumları cəlb olunub. Dünyanın ən aparıcı maliyyə qurumları sayılan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa İnfrastruktur və İnvestisiya Bankı bəhs olunan layihələrin icrasına özlərinin maliyyə töhfələrini veriblər. Transxəzər layihəsi ilə bağlı isə hələlik bir sıra ciddi suallar açıq qalır. Azərbaycanın sözügedən layihəyə dəstək verdiyini diqqətə çatdıran Prezident

İlham Əliyev vurğulayıb: “Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil”.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28