Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Məğlub ölkənin beynəlxalq missiya avantürası

Məğlub ölkənin beynəlxalq missiya avantürası

25.01.2023 [10:13]

Aİ-nin uzunmüddətli missiyası regionda çağırılmamış qonaq olacaq

Postmüharibə dövründə qalib Azərbaycanla məğlub Ermənistanın gündəliyi bir-birindən kəskin şəkildə fərqlənir. Ölkəmiz üstün mövqeyinə baxmayaraq heç bir şərt irəli sürmədən regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına güclü iradə nümayiş etdirir. Üç onillik ərzində təhdidlərlə üz-üzə qalan Cənubi Qafqaz regionu yeni müharibə risklərindən uzaq olmalıdır. Bunun yolu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından, sərhədlərin demarkasiya və delimitasiya olunmasından keçir.

Ancaq bu sözləri Ermənistan barədə demək mümkün deyil. Müharibədə acınacaqlı məğlubiyyət acısı yaşayan, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalan məğlub ölkə vasitəçilərin səyləri ilə aparılan danışıqlarda ardıcıl mövqe ortaya qoymur, vədlərini yerinə yetirmir. Belə manipulyativ davranışlar isə son nəticədə sülhyaratma prosesini ləngidir.

Məğlub ölkənin növbəti manipulyasiyası

Ötən ilin sentyabrında Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətsizliyi ucbatından iki ölkə arasındakı şərti sərhədlər boyunca baş verən hərbi toqquşmalardan sonra bu ölkənin lideri Nikol Paşinyan və digər yüksəksəviyyəli rəsmiləri növbəti manipulyasiya cəhdinə əl atdılar. Onlar ayrı-ayrı ölkələrə, beynəlxalq təşkilatlara üz tutaraq iki ölkə arasındakı sərhədlərə beynəlxalq müşahidə missiyalarının göndərilməsini istədilər. Ermənistanın çoxsaylı yalvarışlarından sonra Avropa İttifaqı regiona mülki missiya göndərməyə razılıq verdi. Bu barədə razılaşma ötən il ilin oktyabrında Praqada aparılan müzakirələrdə əldə olundu. Azərbaycan tərəfi Aİ-nin missiyasının ölkəmizin ərazisinə gəlməsinə razılıq vermədi. Əldə olunan razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də şərti sərhədlərin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirildi. Prezident İlham Əliyev bir qədər bundan əvvəl yerli televiziya kanallarına müsahibəsində sözügedən məsələyə də diqqət çəkib və iradlarını bildirib.  Dövlət başçımız vurğulayıb ki, Praqa görüşündə Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Aİ-nin müşahidə missiyasının göndərilməsi çox geniş müzakirə edilib: “Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır”.

Daha uzunmüddətli missiya tələbi

Sözügedən missiyanın Praqa razılaşmasına zidd olaraq regionda daha uzun müddətdə saxlanılması cəhdi baş tutmadı. Azərbaycan missiyanın Ermənistanda nəzərdə tutulan müddətdən artıq qalmasına etirazlarını bildirdikdən sonra bu fəaliyyət dayandırıldı. Əslində, missiyanın fəaliyyətinin heç bir səmərəsi olmadı. Azərbaycanın sərhədlərinin dəyişdirilməsi kimi bir niyyəti yoxdur. Sərhədlər boyunca təxribatlar törədən Ermənistan silahlı qüvvələridir. Azərbaycan Ordusu ötən il sentyabrın 12-dən 13-nə keçən gecədə də məhz onların təxribatlarının qarşısını almaq məcburiyyətində qalmışdı. Ordumuzun cavabı düşmən üçün ağır oldu. Ermənistan şərti sərhədlərin müşahidəsinə beynəlxalq missiyalar cəlb etmək əvəzinə, təxribatlara əl atmağı dayandırmalı və ölkəmizin sülh təkliflərinə cavab verməlidir.

Təəssüf ki, bu, baş vermir. Qısamüddətli missiya Azərbaycanın tələbi ilə fəaliyyətini dayandırdıqdan sonra Ermənistan tərəfi hələlik müəyyənləşdirilməyən sərhədlərə Aİ-nin növbəti, bu dəfə daha uzunmüddətli missiyasını çağırdı.  Aİ-də yenə də Ermənistan rəsmilərinin yalvarışlarına və göz yaşlarına inandılar və onların yeni missiya istəklərinə “hə” cavabını verdilər. Avropa İttifaqının bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcəyi gözlənilir. Ermənistan mediasında yayılan məlumata görə, missiyanın azı iki illik müddətə göndərilməsi nəzərdə tutulub. Qeyd olunur ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni bir qədər bundan əvvəl qəbul edib. Yanvarın 23-də isə Avropa İttifaqı Şurası Aİ-nin Ermənistanda mülki missiyasının yaradılmasına razılığını verib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək. Missiya üzvlərinin sayının 200 nəfərdən ibarət olacağı vurğulanır. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin açıqlamasından sitat: “Aİ Şurası Ermənistan hökuməti ilə razılaşıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasından Ermənistana yardım qrupu göndəriləcək. Bu qrup keçid dövrü üçün nəzərdə tutulub və uzunmüddətli missiya üçün hazırlıq aparacaq, həmçinin, regiondakı təhlükəsizlik vəziyyəti barədə Aİ-ni məlumatlandıracaq. Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən vasitəçilik edilən normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.

Böyük bacının revanş cəhdi

Təəssüf və təəccüb doğuran haldır ki, Azərbaycanla Ermənistan arasında başlanan sülhyaratma prosesində vasitəçi qismində fəallığını artırmaq istəyən Avropa İttifaqı bu cür birtərəfli razılaşmaya gedib. Nə üçün mötəbər qurum olan Aİ Ermənistan rəsmilərinin uydurduqları avantüralara asanlıqla aldanır? Yox, belə bir qərarın verilməsində günah yalnız Ermənistanda və Aİ-də deyil. Burada Fransanın da ayaq səsləri eşidilir. Özünün demokratik ənənələrindən uzaqlaşan, dəyərlərini asanlıqla lobbi maraqlarına satan Fransa özünü Ermənistanın böyük bacısı adlandırır və bu ölkəyə aşırı dərəcədə dəstək nümayiş etdirir. Xatırladaq ki, bu ölkə parlamentinin hər iki palatasında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olundu. Bütün bunlardan sonra Fransa BMT Təhlükəsizlik Şurasında respublikamızın əleyhinə qətnamə qəbul edilməsi təşəbbüsünü irəli sürdü. Ancaq lobbi maraqlarına görə demokratik ənənələrini ayaqlar altına atan Fransanın belə canfəşanlığı heç bir nəticə vermir və daim iflasa uğrayır. Buna ən əsas səbəb Azərbaycanın haqlı mövqeyi, beynəlxalq prinsiplərə əsaslanan siyasət həyata keçirməsidir. Ermənistanın və onun havadarlarının beynəlxalq birliyi aldatmaq cəhdləri bumeranq effekti verərək özlərinə zərər gətirir. Fransanın hər vəchlə sülhyaratma prosesində önə keçmək cəhdi də bir nəticə vermir. Azərbaycan Prezidenti müxtəlif auditoriyalarda bu ölkənin dövlət başçısı E. Makronun səsləndirdiyi cəfəng fikirlərə tutarlı cavablar verib. Azərbaycanın səyləri ilə proseslərdən kənarlaşdırılan Fransa  kiçik bacısının yolunu gedərək ölkəmizə qarşı revanş götürüb və manipulyasiyalara əl atır. Fransanın Azərbaycanla münasibətlərinin arzuolunmaz səviyyədə pisləşməsinin əsas səbəbi bu ölkənin hazırkı rəhbərliyidir. Bunu Prezident İlham Əiyev açıq mətnlə bildirib: “Mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək”.

Sülhyaratma prosesinə əngəllər yaratmaqda Ermənistana havadarlıq edən Fransanın torbada qara pişik gizlətdiyi bu ölkənin Avropa İttifaqı Şurasının məlum qərarına münasibətində də özünü aydın şəkildə büruzə verir. Fransanın xarici işlər naziri Ketrin Kolonna “Twitter” səhifəsində yazıb ki, ölkəsi Avropa İttifaqının Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazırdır. “Bu, çox mühüm qərardır və Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq”- deyə nazir əlavə edib.

Bir daha görünür ki, Avropa İttifaqı Şurası Ermənistana uzunmüddətli missiya göndərməklə bağlı qərarını məhz Fransanın təhriki ilə qəbul edib. Fransanın Aİ-nin missiyasının tərkibində regiona gəlmək istəyinin motivləri bəllidir -böyük bacı kiçik bacının yanında olmağa çalışır. Avropa İttifaqı Şurasının Fransanın, E.Makronun əlində alətə çevrilməsi isə təəccüb doğurur. Axı Avropa İttifaqı tək Fransadan ibarət deyil, onun sərhədləri daha genişdir. Sual yaranır: Avropa İttifaqı Şurası nə üçün Fransanın mətbəxində yazılan ssenaridən kənara çıxa bilməyib? 

Azərbaycanın haqlı iradları

Avropa İttifaqı Şurasının missiyanın yaradılmasına razılıq verməsi və bu xüsusda C.Borrelin bəhs olunan açıqlaması Ermənistanın və Aİ-nin Praqa razılaşmasından uzaqlaşdıqlarını ortaya qoyur. Praqada baş tutan müzakirələrdə regiona Aİ-nin missiyasının gəlməsi Azərbaycanın siyasi rəhbərliyi ilə razılaşdırılmışdı. Ancaq bu dəfə sülhyaratma prosesinin tərəfi olan Azərbaycanla müzakirələrin aparılmasına ehtiyac duyulmayıb. Bu, Aİ tərəfindən atılan yanlış bir addımdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın haqlı tələblərindən sonra qısamüddətli missiyanın fəaliyyəti ötən il dekabrın 19-da dayandırıldı. Bunun əvəzində Aİ-nin Ermənistana aralıq missiyası göndərməsi və yaxın gələcəkdə daha geniş heyətin ezam olunmasına qərar verilməsi sülhyaratma prosesini manipulyasiyalarla uzatmağa çalışan Ermənistana havadarlıq kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, danışıqlar formatını sarsıntıya məruz qoymaq anlamına gəlir. “... Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”. Rusiya nə deyir?

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Ötən iki ildə Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üçtərəfli formatda görüşlər keçirilib.

Ermənistanın hələ müəyyənləşdirilməmiş sərhədlərə Aİ-nin və yaxud digər qurumların missiyalarını dəvət etməsi Rusiyanın vasitəçilik səylərinə kölgə salır. Aİ-nin açıqlamasından görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarət olacaq. Məsələnin belə qoyuluşu da əlavə suallar yaradır. Bu günədək hərbi və təhlükəsizlik məsələlərində Rusiyaya bağlı olan Ermənistan artıq Aİ-nin çətiri altına keçmək istədiyini açıq nümayiş etdirir və Fransanı regiona gətirməyə çalışır. Təbii ki, hadisələrin bu məcrada inkişafı, Ermənistanın cəsarətlənməsi Moskvada məmnunluqla qarşılanmır. Bununla bağlı eyhamlarını  Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında diqqətə çatdırıb. “Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyi təmin etmək üçün KTMT missiyasının yaradılmasının zəruriliyini təbliğ edirlər. Və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq. Amma bunu qəbul etmək mümkün olmadı, çünki erməni həmkarlar bu sənəddə Azərbaycanın sərt şəkildə pislənməsini israr etməyə başladılar. İzah etdik ki, əgər söhbət qınaqdan, ritorikadan, mövqelərin təqdim olunmasından gedirsə, burada hər kəs istədiyini etməkdə azaddır. Amma əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, bu, mütləq hansısa xarici əlamətlər, bəzi bəyanatlar və daha çox sərt ifadələrlə bağlı deyil”.

S.Lavrov ardınca deyib ki, biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. “Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına (KTMT-nin missiyası nəzərdə tutulur)  baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıqlandırıcılar yarada bilər”, - deyə Lavrov bildirib.

Aİ missiyasının fəaliyyəti qarşılıqlı inam və etimadı sarsıtmamalıdır

“Azərbaycan Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Azərbaycan tərəfi Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.

Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 2022-ci il oktyabrın 6-da Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.

İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olunub. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesin?? etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Əslində isə Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.

Azərbaycan Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib.

Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28