Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İran terror yuvası...

İran terror yuvası...

31.01.2023 [10:44]

Azərbaycan səfirliyi hücuma məruz qalan növbəti diplomatik korpusdur...

1829-cu ildən İran terroru açıq şəkildə himayə edən və dəstəkləyən ölkə kimi çıxış edir

Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücum bir həqiqəti yenidən təsdiqlədi - İran artıq region üçün terror təhlükəsi mənbəyinə çevrilib. İllərdir ki, distabil davranışları, dünyada terrorun dəstəklənməsinə və himayə olunmasına yönəlik addımları rəsmi Tehranın gizlətməyə çalışdığı “terror üzü”nü tam şəkildə ortaya qoyur. Belə demək mümkündürsə, İranın artıq yaxın qonşuları ilə münasibətdə də terrora “müraciəti” bu ölkə haqqında təsəvvür yaratmağa imkan verir.

Amma baş verənlərin həm də məntiqi bir açıqlaması var. O baxımdan ki, İran son dövrlərdə Ermənistan ilə “qardaş” münasibətini açıq şəkildə nümayiş etdirir. Nəzərə alsaq ki, Ermənistan da 30 ilə yaxın Azərbaycana qarşı terror, işğalçılıq siyasəti yürüdüb, İran-Ermənistan yaxınlaşmasının məntiqini başa düşmək olar. Eyni zamanda, İrandakı səfirliyimizə edilən hücum bu ölkədəki diplomatik korpuslara qarşı edilən ilkin hücum deyil. Hətta bu hücumlar 1979-cü ildən sonra daha da intensivl?şib desək, yanılmarıq. Molla rejiminin dünya birliyinə qarşı münasibəti məhz bu amildən - terror amilindən “bəhrələnib”...

1829: Qriboyedov və 38 səfirlik əməkdaşı Tehranda qətlə yetirildi...

Hətta tarixin 200 illik məsafəsində belə İran ərazisində səfirliklərə edilən hücumlara rast gəlinir. Məsələn, 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən rus-fars müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi.

1829-cu il yanvarın 30-da (11 fevral) Əliyar xan başda olmaqla tehranlılardan ibarət izdiham Rusiya səfirliyinə hücum edir. Hücumun təşəbbüskarı mücahid Mesih olub. Yazılı mənbələrə görə, həmin gün səfirlikdə yüz minə yaxın adam toplaşmışdı. Sui-qəsdin liderləri onlara nəzarəti tez itirdilər. Qriboyedov düşdüyü təhlükəni qabaqcadan gördüyündən hücumdan bir gün əvvəl şaha nota göndərmişdi. Notada bildirilirdi ki, daimi təhdidlər üzündən hökumətindən öz missiyasını Qacar dövlətindən geri çəkməyi xahiş etmək məcburiyyətində qalıb. 35 kazakdan ibarət missiyanın mühafizəsi müqavimət göstərdi, lakin qüvvələr qeyri-bərabər idi. Döyüşdə missiyanın bütün tərkibi və Qriboyedov öldürüldü. Onun tanınmaz halda parçalanmış cəsədi səfirlik mundiri və  1818-ci ildə Aleksandr Yakuboviçlə dueldə aldığı köhnə yara ilə müəyyən edildi. Səfirlik üzvlərindən yalnız gizlənməyi bacaran missiyanın katibi Maltsov sağ qala bildi. Onun dediklərinə görə, hücum nəticəsində səfirlikdəki 38 nəfərin hamısı və 19 nəfər hücum edən şəxs həlak olmuşdu. Vladimir Kosoqovskinin arxivinə görə, təkcə Qriboyedov hücum edənlərə atəş açaraq 18 nəfəri öldürüb. Qriboyedovun nəşi Rusiya imperiyasına aparılaraq Tiflisdə Mtatsminda dağındakı panteonda dəfn edilib.

Tehran səfirliyində baş verən qətliam diplomatik qalmaqala səbəb oldu. Şah Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xozrəv Mirzəni Sankt-Peterburqa göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Onun Rusiya imperatoru I Nikolaya təqdim etdiyi zəngin hədiyyələr arasında məşhur “Şah” almazı da var idi. Qırğın Rusiya ilə İran arasında münasibətlərdə ciddi fəsadlar yaratmadı və təzminat ödənilməsi beş il müddətinə təxirə salındı.

1979-1981: “İran Girov Böhranı” - 66 diplomat 444 gün girov saxlanıldı...

43 il öncə isə İranda yeni bir səfirlik böhranı yaşandı. Söhbət 1979-1981-ci illərdə ABŞ ilə İran arasındakı baş verən və tarixə “İran Girov Böhranı” kimi düşən hadisədən gedir. Belə ki, 1979-cu ilin əvvəlində İranda baş vermiş İnqilabdan sonra şah Məhəmməd Rza Pəhləvi ölkədən qaçdı və hakimiyyət müvəqqəti İran hökumətinin əlinə keçdi. İnqilab nəticəsində İranda islam respublikası elan olundu. İnqilabi kütlələr “Qərbin hökmranlığı” (ilk növbədə ABŞ-ın) və İranın tətbiq etdiyi “Qərbləşmə” kursunu sosial-iqtisadi və mədəni böhranın səbəbi hesab edərək, Qərb ölkələrinə düşmən münasibət bəsləyirdilər. 1979-cu il noyabrın 4-də isə Müsəlman Tələbə Təşkilatı ABŞ-ın Tehrandakı səfirliyini zəbt etdi. 66 amerikalı diplomat girov götürüldü - altı amerikalı diplomat isə qaça bildi. Sonradan həmin diplomatlar Kanada səfirliyinin köməyi ilə İrandan çıxarıldılar. ABŞ səfirliyinə hücum edənlər girovlar qarşılığında Nyu-York xəstəxanasında müalicə olunan devrilmiş şah Məhəmməd Rza Pəhləvini İrana təhvil verilməsini tələb edirdilər. ABŞ prezidenti Cimmi Karter hücumu beynəlxalq qanunların pozulması və terror aktı kimi qiymətləndirərək İrandan Amerika səfirliyini və saxlanılan diplomatları dərhal azad etməyi tələb etdi. Ayətullah Xomeyninin rəhbərlik etdiyi hökumət ABŞ-ın tələbini rədd etdi və səfirliyi ələ keçirən radikalları dəstəklədi. 1979-cu il noyabrın 19-20-də 13 girov - qadınlar və qaradərili səfirliyin əməkdaşları azad olundu. 1980-ci ildə şah Məhəmməd Rza Pəhləvinin ölümü və sentyabrda başlayan İran-İraq müharibəsi İran hökumətini ABŞ-la danışıqlara başlamağa sövq etdi. Bu işdə Əlcəzair və Böyük Britaniya vasitəçi qismdə çıxış etdilər. Girovlar azad edilsə də, ABŞ İranın bank hesablarına qoyulan qadağanı götürmədi və ticarət sanksiyalarını ləğv etmədi.

1981-ci il yanvarın 20-də girovluqda qalan 52 diplomat 444 gün həbsdə saxlandıqdan sonra sərbəst buraxıldı.

2006: Danimarka səfirliyinə edilən hücum polis tərəfindən izlənildi

2006-cı il fevralın 7-də İslam dünyasında narahatlığa səbəb olan karikaturaların dərcinə etiraz səbəbilə Tehranda yerləşən Danimarka səfirliyi hücuma məruz qalmışdı. Həmin vaxt səfirlik qarşısında toplaşan 300-dən çox nümayişçi səfirliyə daş və molotof kokteyli ilə hücum etmiş, bəzi nümayişçilər isə səfirliyin divarına dırmaşaraq təhdid yaratmışdı. Xarici mətbuatın yazdığına istinad etsək, həmin vaxt da səfirliyin işçilərinə qarşı təhdidlər yağdıran, hətta əllərindəki silahlarla yanğınlar törədən kütləni polis kənardan izləmişdi - Danimarkanın bayrağının endirilməsi və yandırılmasına belə reaksiya verilməmişdi. Həmin vaxt Danimarka hökuməti bununla bağlı Aİ-yə müraciət etmişdi və İranda diplomatik korpusun məruz qaldığı hücum pislənilmişdi.

Maraqlı fakt isə ondan ibarətdir ki, bir neçə gün öncə də vaxtilə Danimarkada baş verənlər başqa bir skandinav ölkəsində təkrar edildi - İsveçdə siyasi partiya sədri Quran kitabını yandırdı. Amma rəsmi Tehran buna qarşı heç bir reaksiya götərmədi - tam əksinə, müsəlman dövləti olan Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu təşkil olundu...

2011: Böyük Britaniya səfirliyinə hücum edildi, 6 əməkdaş girov götürüldü

2011-ci ildə isə Böyük Britaniyanın Tehrandakı səfirliyi böyük hücuma məruz qalmışdı. Hücumda “Bəsic” yaraqlıları, xüsusilə də tələbə qanadı fəallıq göstərmişdi. Hücum zamanı Böyük Britaniya bayrağı yandırılmış, cırılmış, Kraliça II Elizabetin portretləri tapdalanmış, səfirlikdəki ofislərə molotov kokteyli atılmışdı. Hətta səfirliyin 6 əməkdaşı ilk zamanda girov götürülmüşdü - sonradan diplomatik polisin vasitəçiliyi ilə azad edilmişdilər.

Bu hadisə iki ölkə arasında diplomatik əlaqələrin demək olar ki, tamamilə dayanmasına səbəb oldu: İngiltərə İran rəsmilərini ölkədən çıxardı, İran geniş beynəlxalq qınaqla üzləşdi, Almaniya, Fransa, İtaliya və Hollandiya Britaniya hökuməti ilə məsləhətləşmələr aparmaq və həmrəylik nümayiş etdirmək üçün Tehrandan səfirlərini geri çağırdı. Rəsmi London rejiminin bu məsələdəki səssizliyini belə qiymətləndirdi: hücum rəsmi Tehranın razılığı əsasında həyata keçib. Hücumdan dərhal sonra Avropa İttifaqı İranın bank sektoruna qarşı bir sıra sanksiyalar tətbiq etdi. Tam 4 ildən sonra diplomatik əlaqələr bərpa edildi - rəsmi Tehran Britaniya səfirliyinin binasına dəymiş ziyanı ödədi. Demək ki, bu hücum da rəsmi Tehranın diqqəti və himayəsi ilə edilmişdi...

2016: “Ən Nimr olayı” - Səudiyyə Ərəbistanının səfirliyi yandırıldı...

İranda genişmiqyaslı hücuma məruz qalan səfirliklərdən biri isə Səudiyyə Ərəbistanın diplomatik korpusu olub. Vaxtilə 10 il İranda təhsil almış Ən-Nimrin və daha 46 nəfərin “terrorçuluq və terrora təhrikdə” ittiham edilərək Səudiyyə Ərəbistanında edam olunması iki ölkə arasında vəziyyəti gərginləşdirmişdi. Edam olunanların çoxu 2003-2006-cı illərdə “əl-Qaidə” terror qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham olunurlar. İran Məclisi (parlamenti) isə Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini Ər-Riyadla diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırmışdı - Nimr ən-Nimrin edamına etiraz olaraq Məşhəd şəhərində Səudiyyə Ərəbistanının konsulluq binası, Tehrandakı səfirlik hücuma məruz qalmışdı. Hücum 2016-cı il yanvarın 2-də reallaşmışdı və hücumda İranın ali dini lideri Əli Xameneinin tərəfdarları və “Bəsic” üzvləri iştirak edirdilər. Həmin dövrdə yayılan görüntülərdə mülkün, inzibati sənədlərin, kompüterlərin və telefonların talan edildiyi, səfirliyin binasına yanğın bombalarının atıldığı əks olunurdu. İran Baş Prokurorluğu Səudiyyə Ərəbistanı səfirliyinin binasına daxil olan 50 nəfərin həbs edildiyini və hücumun arxasında kimin dayandığını öyrənmək üçün araşdırmalara başlanıldığını açıqlasa da, sonradan bu araşdırma dayandırılmışdı - məlumata görə, hücumdan bir neçə saat əvvəl İnqilab Keşikçiləri Korpusunun xəbər saytları Səudiyyə Ərəbistanı səfirliyinin ünvanını da əlavə edərək tərəfdarlarını səfirliyin qarşısında toplaşmağa çağırmışdı. Hücumdan sonra İran diplomatik missiyası Səudiyyə Ərəbistanından qovuldu və Tehranla əlaqələr kəsildi. Körfəz ölkələri də Tehrandan səfirlərini geri çağırdılar.

2023: Bu dəfə hədəf Azərbaycan oldu...

Və nəhayət... son olaraq Azərbaycan səfirliyinə qarşı yanvarın 27-də edilən xain terror hücumu. Hücumun səbəbləri “məişət zəmininə” tərəf istiqamətləndirilsə də, həm səbəblər, həm də baş verənlər tam aydındır - İran artıq Azərbaycana qarşı davranışda terrora əl atır. Hətta bir insanı qətlə yetirən, iki nəfəri isə yaralayan terrorçu SEPAH tərəfindən sadəcə “müşahidə olunur”. Ardından isə terrorçunun televiziya kanallarına müsahibəsi yayılır.

Azərbaycan baş verənləri terror aktı kimi qiymətləndirdi. Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır. Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur. Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq. Nə üçün bunu deyirik? Çünki dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var.

Görünən budur ki, İran baş verənlərdən nəticə çıxarmadı - gözləyirdik ki, rəsmi Tehran Azərbaycan ictimaiyyətindən, dövlətindən açıq kontekstdə üzr istəsin. Amma bu, baş vermədi... Baş verən isə İranın terror ölkəsi olduğunu bir daha təsdiqlədi...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31