Gələcəyə doğru...
07.02.2023 [10:23]
Komanda şəklində fəaliyyət
Prezident İlham Əliyev: Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır
Bakı növbəti mötəbər tədbirə - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarına ev sahibliyi edib. Məşvərət Şurası Cənub Qaz Dəhlizinin uğurlu istismarı və fəaliyyəti üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Xatırladaq ki, ilk belə toplantı 2015-ci il fevralın 12-də keçirilib və həmin tarixdən etibarən ənənəvi olaraq hər il davam etdirilib. Hər toplantıda səmərəli müzakirələr aparılıb, gələcək üçün planlar və koordinasiyalı fəaliyyətin istiqamətləri müəyyənləşdirilib. Beləliklə də, komanda şəklində əlaqələndirilmiş fəaliyyət yaxşı nəticələr verib - bir vaxtlar çoxlarının skeptik yanaşdıqları Cənub Qaz Dəhlizi qısa müddətə inşa olunaraq 2020-ci ilin sonlarında tamamlanıb. İndiki geosiyasi reallıqlar fonunda Avropa İttifaqı (Aİ) məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə ortaya qoyur. Hazırda Azərbaycan Avropa üçün yeni resurs mənbəyi, Cənub Qaz Dəhlizi isə yeni nəql marşrutu sayılır. Məşvərət Şurasının Bakıda baş tutan sonuncu iclasında da gələcək üçün yeni planlar müəyyənləşdirilib. Prezident İlham Əliyev toplantının açılışındakı çıxışında yeni planların da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edərək vurğulayıb: “Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq”.
Tərəfdaşlığın yaxşı ruhu
İndiyədək reallaşdırılan layihələr üzrə böyük uğurların qazanılmasını şərtləndirən əsas amillərdən biri Cənub Qaz Dəhlizi ətrafında Azərbaycanın liderliyi ilə formalaşan əzmkar komanda üzvlərinin qarşılıqlı etimadıdır. Burada tərəfdaş ölkələrin hökümətlərinin səylərini və rolunu xüsusi qeyd edə bilərik. İndiyədək komandada yer alan ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya olublar. Rumıniya, Moldova və Macarıstan kimi ölkələr isə komandaya yeni qoşulublar.
Avropa Komissiyası bütün mərhələlərdə Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsinə öz dəstəyini göstərib. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub. 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədi Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen imzalayıblar. Artıq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının yol xəritəsi sayılan Memorandumun icrasına start verilib. Ölkəmizdən təbii qaz ixracı artır - 2021-ci ildə ixrac həcmi təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr təşkil edib. Cari ildə qaz ixracının 24,5 milyard kubmetrə çatacağı gözlənilir. Əlamətdar haldır ki, Azərbaycanın Avropada qaz tədarük etdiyi ölkələrin coğrafiyası da genişlənir. Bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir.
Azərbaycan Prezidenti çıxışında Cənub Qaz Dəhlizi layihəsinə göstərdikləri dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürümü ifadə edib. Hər iki ölkə Azərbaycanın təşəbbüsünə davamlı şəkildə siyasi dəstək verib. Bu ölkələr, həmçinin investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin ediblər.
Prosesdə iştirak edən şirkətlərdən SOCAR və BP arasında formalaşan əməkdaşlığı xüsusi qeyd edə bilərik. Bu şirkətlərin əməkdaşlığı strateji səciyyə daşıyır. Başlanğıcda Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsində mühüm rol oynayan BP enerji dialoqunun sonrakı mərhələlərinin də fəal iştirakçılarından biri qismində çıxış edir. Bu əlaqələr bundan sonra da ən azı 30 il davam edəcək.
Cənub Qaz Dəhlizinin irəliləməsini beynəlxalq maliyyə qurumlarının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bu sırada Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnfrastruktur və İnvestisiya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının adını çəkmək mümkündür. Siyahıdan da göründüyü kimi, dünyanın ən aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizi ətrafında cəm olublar.
Azərbaycanla Avropa Komissiyası arasında ötən ilin yayında yeni memorandumun imzalanması ilə enerji dialoqunun növbəti səhifəsi açılıb. Şübhə yoxdur ki, əvvəlki mərhələlərdə formalaşan əməkdaşlıq perspektiv üçün möhkəm bünövrə təşkil edəcək və daha böyük uğurlar qazanılacaq. Buna əminliyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur”.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi
Xəzər sahillərindən Avropayadək 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizi cəmi iki il bundan əvvəl istifadəyə verilsə də, onun genişləndirilməsinə tələbat yaranıb. Məşvərət Şurasının toplantısında bildirldiyi kimi, Avropada Azərbaycan qazını almaq istəyən ölkələrin sayı getdikcə artır. Hazırda Cənub Qaz Dəhlizinin qoca qitədə şaxələndirilməsi və digər nəql marşrutlarına inteqrasiya edilməsi ilə bağlı ciddi müzakirələr aparılır və konkret tədbirlər görülür. 2022-ci il oktyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur və Avropa Komissiyası layihənin icrasına dəstək verib. Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırmağa hesablanıb. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetrə bərabərdir. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Azərbaycan qazı Bolqarıstanla yanaşı, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olacaq. Eləcə də Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və bu ölkə ilə də qaz tədarükünə dair danışıqlar aparılır. İonika-Adriatik dənizi layihəsi reallaşdırılarsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək. Paralel şəkildə Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlanıb.
Avropada yeni interkonnektorların inşası və qarşıya qoca qitədə mavi yanacaq ixracı coğrafiyasının genişləndirilməsi hədəfinin qoyulması
TANAP və TAP-ın ötürücülük imkanlarının artırılması zərurətini gündəmə gətirib. Bu barədə Məşvərət Şurasının toplantısında ətraflı fikir mübadiləsi aparılıb. “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Avropaya qaz ixracının həcmini artırmağa hazır və qadir ölkədir. Respublikamız 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatlarına malikdir. Proqnozlaşdırılan ehtiyatlar isə bundan xeyli çoxdur. Azərbaycanda böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb. 2023-cü ildə “Abşeron” yatağından, gələn il isə hər hansı bir fors-major halı yaşanmasa “Azəri-Çıraq-Günəşli” yatağından “dərin qaz” (“deep gas”) hasilatına başlanılması tam realdır. Perspektivdə, həmçinin “Ümid”, “Babək”, “Qarabağ” və digər yataqların da istismarı həyata keçiriləcək. “Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Yaşıl enerji: Hələlik komanda kiçik olsa da...
Bakının ev sahibliyi etdiyi budəfəki toplantıda həm də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib. Yaşıl enerji Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni səhifəsidir və tərəflərin strateji baxışlarını ifadə edir. Hələlik heyət nisbətən kiçikdir - burada cəmi 4 ölkə var. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Məşvərət Şurasının ilk iclasında konseptual məsələlərlə bağlı ciddi müzakirələr aparılıb. Bir sıra məsələlər həllini tapmalıdır. Suallar çoxdur: Qarşılıqlı fəaliyyət necə qurulacaq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, - bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır. “Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda burada 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə layihələrin icrasına start verilib. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə ilk böyük layihələrə sərmayələr yönəldirlər. Hazırda respublikamızda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına start veriləcək. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində ölkəmizdə bu həcmdə bərpaolunan enerji istehsalı imkanı yaranacaq. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək. “Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürüləcək. Yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Layihənin perspektivlərinə böyük inamını ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49

