Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropada ölkəmizə artan maraq...

Avropada ölkəmizə artan maraq...

18.02.2023 [10:00]

Münhen Təhlükəsizlik Konfransı: Coğrafiya və gündəlik genişlənir

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin həqiqətlərini və imkanlarını dünyaya çatdırmaq üçün nüfuzlu beynəlxalq qurumların tribunalarından fəal şəkildə istifadə edir. Belə qlobal platformalardan biri də Münhen Təhlükəsizlik Konfransıdır (MTK). Dövlətimizin başçısı ənənəvi oaraq MTK-da fəal iştirak edir. Bunun nəticəsidir ki, Münhen Təhlükəsizlik Konfransı ölkəmiz üçün sözün əsl mənasında diplomatik təşəbbüslər platformasına çevrilib.

MTK: Tarix nə deyir?

Bu gün bütün dünyada mühüm qlobal diskussiya platformalarından biri kimi qəbul olunan Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən keçirilir. Konfransın təsisçisi zamanında Adolf Hitlerə qarşı formalaşan alman müqavimət hərəkatının fəal üzvlərindən olan və sonralar Almaniyanın aparıcı naşirlərindən və siyasi xadimlərindən biri kimi şöhrət tapan Evald fon Klaystdır. O, 1963-1998-ci illərdə MTK-nın dəyişməz sədri kimi fəaliyyət göstərib.

İlk onillikdə konfransın əhatə dairəsi məhdud olub. Burada alman siyasətçiləri və hərbçiləri ABŞ və NATO-ya üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsi aparmaq üçün toplaşırdılar.  Soyuq müharibənin başa çatması ilə Münhen Təhlükəsizlik Konfransının da coğrafi əhatəsi genişləndi. Belə ki, MTK ənənəvi Qərb dünyasından kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, eləcə də Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz ətrafında birləşdirdi.

Münhen Təhlükəsizlik Konfransı hər dəfə “Dialoq vasitəsilə sülh” (Peace through Dialogue) şüarı altında toplaşır. Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir.

Hazırkı sessiya MTK-nın yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilir və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə səciyyələnir. Prezident İlham Əliyevin də qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət alıb. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər.

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münhen şəhərində təşkil edilən konfrans öz əhatə dairəsini yalnız coğrafi baxımdan genişləndirməyib. Həmçinin əsas konfransda və panel iclaslarında müzakirəyə çıxarılan məsələlərin sayı da artıb. Trans-Atlantik və Avropa məkanında təhlükəsizlik məsələləri ənənəvi qaydada konfransın gündəliyinin mərkəzində dayanır. Bununla yanaşı, son illərdə müzakirələrdə qlobal əhəmiyyətli məsələlərə də geniş yer verilir. Eyni zamanda, bu gün Münhen Təhlükəsizlik Konfransı yalnız ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq özündə hərtərəfli təhlükəsizlik konseptini ehtiva edir. Yəni əvvəllər burada sırf siyasi, milli və hərbi təhlükəsizliklə bağlı təşəbbüslər irəli sürülürdüsə, artıq iqtisadi, ətraf mühit və s. məsələlər də konfransın gündəliyinə daxil edilir.

Azərbaycan Prezidentinə dəvət...

Dünyada yüzlərlə dövlət var. Ancaq ərazisinə və əhali sayına görə kiçik olan Azərbaycanın Lideri qoca qitənin və hazırda bütün dünyanın təhlükəsizlik üzrə əsas dialoq platformalarından biri  sayılan  MTK-na dəvət alan 40 ölkənin dövlət və hökumət başçıları sırasında yer alır. Bu, özlüyündə xüsusi önəm daşıyan və diqqət çəkən bir məsələdir. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti ilk dəfə baş tutan “Avropa siyasi birliyi” Zirvə Toplantısına (Praqa),  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə görüşünə (Əlcəzair), Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə (Səmərqənd) dəvət almışdı. Dövlətimizin başçısı həmin tədbirlərə qatılaraq ölkəmizin reallıqlarını, gündəliyimizin əsas məsələlərini geniş auditoriyaya çatdırdı.

Münhen Təhlükəsizlik Konfransında da Azərbaycan Liderinin iş cədvəli çox sıxdır. Artıq Prezident İlham Əliyev Münhendə bir sıra görüşlər keçirib.  

Bəs nüfuzlu MTK-dan Azərbaycan Prezidentinə dəvət hansı anlama gəlir? Sualın cavabı olaraq iki mühüm faktoru qeyd edə bilərik:

1. Qlobal liderlik keyfiyyətlərinə malik olan Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinə bütün dünyada marağın artması. Prezident İlham Əliyev qlobal kataklizmlər şəraitində belə dinamik inkişaf templərini qoruyub saxlayan və XXI əsrin müharibəsində qalib gələn dövlətin rəhbəridir. Azərbaycan bu uğurları məhz

İlham Əliyevin liderliyi sayəsində qazanıb. Buna görə də beynəlxalq birlik Prezident İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir. Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, İlham Əliyev kimi uğurlu Liderin baxışlarını bölüşməsi beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir.

2. Azərbaycanın Avropa üçün artan önəmi. Qeyd etdiyimiz kimi, MTK öz gündəliyini həm ənənəvi qaydada, həm də meydana çıxan yeni çağırışlara uyğun müəyyənləşdirir. Son vaxtlada məlum geosiyasi gərginliklər fonunda Avropada və bütün dünyada dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi heç vaxt olmadığı qədər artıb. Hazırda enerji təhlükəsizliyi nəinki yalnız kiçik və resursları az olan ölkələr, həmçinin geniş iqtisadi və maliyyə imkanlarına malik olan dövlətlər üçün də təhdidlər yaradır. O cümlədən enerji təhlükəsizliyi ənənəvi və genişlənmiş Avropa üçün böyük aktuallıq daşıyır. Bütün bu reallıqlar nəzərə alınmaqla enerji təhlükəsizliyi MTK çərçivəsində müxtəlif aspektlərdən dəyərləndirilir, yeni mənbələr və marşrutlar araşdırılır, proqnozlar irəli sürülür. İndiki vəziyyətdə Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr yüksək dəyərləndirilir. Respublikamız 2,6 trilyon kubmetr həcmində təsdiqlənmiş qaz ehtiyatlarına malikdir. Eyni zamanda, Azərbaycan güclü səylər göstərərək Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan 3500 kilometr uzunluğunda Cəub Qaz Dəhlizinin inşasının 2020-ci ildə tamamlanmasına nail olub. Bu, ehtiyatlarla zəngin olan hər bir ölkənin malik olmadığı böyük üstünlükdür. Burada da Prezident İlham Əliyevin strateji yanaşması mühüm rol oynayıb. Məhz Onun liderliyi sayəsində Avropa şaxələndirilmiş təchizat marşrutu qazanıb. Artıq üçüncü ildir ki, bu marşrutla qoca qitəyə respublikamızdan mavi yanacaq ötürülür və gələcəkdə tədarük həcmləri daha da artacaq.

Azərbaycanın MTK-da bölüşə biləcəyi digər bir üstünlüyü ölkəmizin geniş nəqliyyat-logistika imkanları ilə bağlıdır. Hazırkı geosiyasi gərginliklər fonunda bu məsələnin də aktuallığı artıb. İndi qoca qitə həm də yeni nəqliyyat marşrutları axtarışındadır. Azərbaycan bu sahədə də diqqət mərkəzinə gəlir. Respublikamızda Avrasiya məkanı üzrə daşımaların intensivliyinin artırılması üçün geniş imkanlar var. Ölkə coğrafi baxımdan Şərq-Qərb, Şimal-Cənub marşrutlarının ən mühüm halqalarından biri sayılır. Eyni zamanda, son 19 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün istiqamətlərdə müasir yol-nəqliyyat və logistika infrastru qurulub. Azərbaycan Xəzər sahilində ən böyük limana, güclü dəniz-yükdaşıma donanmasına və hava nəqliyyatı parkına malikdir.  Yenə də Azərbaycanın lideliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Respublikamızın ərazisində Orta Dəhliz uğurla inkişaf etdirilir. Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin açılmasına güclü siyasi iradə sərgiləyir və praktiki müstəvidə konkret addımlar atır. Ölkəmizin təqdim etdiyi bu imkanlar Münhen Təhlükəsizlik Konfransına qatılan ölkələr üçün həyati vacib məsələlərdir.

Münhen dərsi”ni unutmayan Paşinyan

Münhen Təhlükəsizlik Konfransı deyəndə həm də yada Azərbaycan Prezidentinin 2020-ci ildə MTK-nın növbəti müzakirələri çərçivəsində Ermənistanın lideri Nikol Paşinyana verdiyi diplomatiya dərsi yada düşür. Bəli, 2020-ci ilin fevralında MTK çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan lideri arasında canlı debat baş tutdu. Debatda hər iki liderə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini ifadə etmələrinnə imkan yaradıldı. Bu debat Azərbaycan və Ermənistan liderləri arasında keçirilən ilk və hələlik yeganə canlı debatdır. Canlı debatda auditoriya iki fərqli keyfiyyətlərə malik liderlərin təqdimatlarını eşitdi. Ermənistan lideri müzakirələrə dərsini bilməyən tənbəl, səliqəsiz şagird timsalında qatılmışdı. N.Paşinyanın pis ingilis dili, zəif məntiqi, yalan üzərində qurulan arqumentsiz cavabları auditoriyada ironiya yaratdı. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Bu, 2020-ci ildə Ermənistanın baş nazirinin Azərbaycan Prezidentindən aldığı ilk dərs idi. Münhen toplantısından cəmi bir neçə ay sonra isə 44 günlük müharibə başladı. Müharibədə Azərbaycanın şanlı Qələbə çalması N.Paşinyana verilən ikinci bir dərs oldu. Ermənistan dövləti bu dərsləri unutmamalı və nəticə çıxartmalıdır. Tarix öyrənməyi və öyrəndiklərini qulağında sırğa edib saxlamağı sevir. Yeri gəlmişkən, aldığımız bəzi məlumatlara görə, sonuncu panel müzakirəyə Ermənistanın baş naziri Nikol Paşinyan dəvət olunsa da, o, iştirakdan imtina edib. Görünür ki, N.Paşinyan 2020-ci ilin onun üçün utanverici olan fevral dərsinin acısını bir daha yaşamaq istəməyib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31