Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Region dövlətlərinin maraqlarına təhdidlər

Region dövlətlərinin maraqlarına təhdidlər

22.02.2023 [10:54]

Aİ missiyası Ermənistandadır

Mübariz ABDULLAYEV

Postmüharibə dövründə məğlub Ermənistan öz ənənəsinə sadiq qalaraq sülhyaratma prosesinə xələl gətirməyə hesablanan davranışlar sərgiləyir. Belə davranışların davamı olaraq bu ölkə missiya avantürasına əl atıb. Artıq Avropa İttifaqı (Aİ) Ermənistanın istəyini nəzərə alaraq bu ölkəyə coxtərkibli (200 nəfərdən ibarət) və uzunmüddətli (iki illik) missiya göndərməsi barədə qərar qəbul edib. Fevralın 20-dən başlayaraq Aİ öz missiyasını məğlub ölkədə yerləşdirməyə başlayıb.

Mülki, yoxsa hərbi missiya?

İlk növbədə onu vurğulayaq ki, Cənubi Qafqaza Aİ-nin missiyasının göndərilməsi yalnız Ermənistanın istəyi əsasında baş vermir. Ermənistanın istəyi ilə güc mərkəzlərinin regiona olan maraqları üst-üstə düşür. İndiki məqamda Aİ missiyasının Cənubi Qafqaz coğrafiyasına ayaq açmasına vasitəçilik edən Ermənistan bəhs olunan güc mərkəzlərinin əlində alətə çevrilib. Burada xüsusilə də Ermənistanı özünün kiçik bacısı qiyafəsində görən Fransanın canfəşanlığı mühüm rol oynayıb. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində fəal yer almaq niyyətindədir. Ancaq bu ölkənin özünü münaqişə tərəflərindən birinin - Ermənistanın himayəçisi kimi aparması bunu mümkünsüz edir. Vasitəçi gərək tərəf saxlamasın və ədalətli yanaşma ortaya qoysun. Biz bunu Fransanın timsalında müşahidə etmirik. Fransadan Ermənistana davamlı şəkildə təhrikedici siqnallar gəlir və bu da məğlub ölkəni revanşizmə ruhlandırır. Beləliklə də, sülh prosesi dalana sürüklənir. Azərbaycan Prezidenti İlham Əliyev Fransanın sülhyaratma prosesində yer almasının  mümkünsüzlüyünü son olaraq 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan plenar iclasda bəyan edib.

Digər tərəfdən, Avropa İttifaqı Ermənistana mülki missiya göndərilməsi barədə qərar qəbul edib. Ancaq missiyanın qarşısına “mülki” sözünün gözdən pərdə asmaq üçün əlavə edildiyi məlum olub. Belə ki, missiya əslində hibrid tərkibə malikdir. Verilən məlumatlara görə, burada Fransa jandarmeriyasının təxminən 70 üzvü təmsil olunacaq. Eyni zamanda, Ermənistana göndərilən Aİ missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək. Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib.  Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfində sərhəddə patrul edəcək. Göründüyü kimi, artıq söhbət yalnız mülki missiyadan getmir, onun tərkibində Avropanın ayrı-ayrı-dövlətlərinin güc strukturlarının nümayəndələri də təmsil olunacaqlar. Bu isə tamam fərqli anlama gəlir.  

Missiyanın göndərilməsi Azərbaycanla razılaşdırılmayıb

Aİ-nin məlum qərarında uzunmüddətli missiyanın Azərbaycanla Ermənistan arasındakı sərhədlər boyunca monitorinq aparacağı bildirilir. Sadə məntiqlə, burada Azərbaycanın razılığı alınmalı idi. Yeri gəlmişkən, Ermənistana Aİ-nin missiyasının göndərilməsi ilk dəfə ötən il Praqada baş tutan sammitdə müzakirə olunmuşdu. Praqada aparılan müzakirələrdə regiona Aİ-nin qısamüddətli mülki missiyasının gəlməsi Azərbaycanın siyasi rəhbərliyi ilə razılaşdırılmışdı. Ölkəmizin haqlı tələblərindən sonra qısamüddətli missiyanın fəaliyyəti ötən il dekabrın 19-da dayandırıldı. Bundan sonra Ermənistana uzunmüddətli missiyanın göndərilməsi məsələsi ortaya atıldı. Ancaq bu dəfə sülhyaratma prosesinin tərəfi olan Azərbaycanla müzakirələrin aparılmasına ehtiyac duyulmayıb. Bu isə Ermənistanın və Aİ-nin Praqa razılaşmasından uzaqlaşdıqlarını ortaya qoyur. Bu, Aİ və Ermənistan tərəfindən atılan yanlış bir addımdır. Sərhədlər boyunca monitorinqlərin aparılmasının zəruriliyini bildirən Aİ hər şeydən əvvəl Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsinin narahatlığını çəkməli idi. Hazırda iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Bəs Aİ-nin missiyası hansı sərhədlər boyunca müşahidələr aparacaq? Bu kimi reallıqları nəzərə alan Azərbaycan regiona Aİ-nin uzunmüddətli missiyasının göndərilməsinə müxtəlif səviyyələrdə etirazlarını bildirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, danışıqlar formatını sarsıntıya məruz qoymaq anlamına gəlir: “... Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq.

İran susur, Rusiya kəskin etiraz edir

Avropa İttifaqının mülki missiya adı altında regiona hərbiləşmiş heyət göndərməsi təkcə Azərbaycanın deyil, digər region dövlətlərinin də maraqlarına təhdidlər yaradır. Burada söhbət ilk növbədə İranın və Rusiyanın maraqlarına yaranan təhdidlərdən gedir. Kollektiv Qərbin hər iki dövlətlə problemlər yaşadığı hər kəsə bəllidir. Aİ həm Şimal, həm də Cənub qonşumuzu sanksiyalar altında saxlayır. Belə görünür ki, kollektiv Qərb İrana və Rusiyaya təzyiqləri artırmaq və onların Ermənistan üzərində təsirlərini tamam aradan qaldırmaq niyyətindədir. Hələlik İran Aİ-nin planlarına seyirçi qalır. Bu, Cənub qonşumuzun Ermənistan sevdasının, yoxsa Qərbin qarşısından geri çəkilməsinin təzahürüdür? Hər halda proseslərin sonrakı gedişində sualın cavabına aydınlıq gələcək.

Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsinə Rusiyanın münasibəti isə, gözlənildiyi kimi, kifayət qədər sərt olub. Şimal qonşumuzun regionda, xüsusilə də Ermənistanda maraqları var və bunu heç kimlə bölüşmək niyyətində deyil. Rusiya uzun illər ərzində Ermənistanı ayaqda saxlayıb, bu ölkəyə hərtərəfli dəstək verib. İndi məlum geosiyasi proseslər fonunda Rusiya ətrafında fərqli vəziyyət yaranıb. Ermənistan yaranmış vəziyyəti Rusiyanın tabeçiliyindən çıxıb Qərbin çətiri altına sığınmaq üçün bir fürsət kimi dəyərləndirir. Rusiya çətin ki, bunu bağışlasın. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər yüksəksəviyyəli rəsmiləri dəfələrlə açıq mətnlə Aİ missiyasının Ermənistana göndərilməsindən narazılıqlarını dilə gətiriblər. “İrəvan Avropa İttifaqının Ermənistanın sərhəd rayonlarında mülki monitorinq missiyası ilə bağlı Bakının mənfi yanaşmasına məhəl qoymur”. Bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistanın sərhəd rayonlarında mülki monitorinq missiyasının fəaliyyətə başlaması ilə bağlı suala cavabında söyləyib.

Rusiyalı diplomat yeni missiyanın mülki xarakter daşımasına şübhə ilə yanaşıb. “Avropa İttifaqının və bütövlükdə Qərbin bizim müttəfiqimiz olan Ermənistanda öz mövqeyini bütün vasitələrlə gücləndirməyə can atmasının şahidi olmağımız təəssüf ki, artıq ilk dəfə deyil. Biz bu cəhdlərin müstəsna olaraq Cənubi Qafqazda münasibətlərin real normallaşdırılması maraqlarından uzaq geosiyasi fonunu görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və onun təhlükəsizliyin əsas zəmanətçisi kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bu təşəbbüsə dair Bakı tərəfindən açıq şəkildə ifadə olunan mənfi qiymətləndirməyə də məhəl qoyulmur”, - deyə M.Zaxarova qeyd edib.

RF XİN-in rəsmisi əmin olduğunu bildirib ki, regionda sabitliyin və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksidir. O qeyd edib: “Regionda şəraitin sağlamlaşdırılması istiqamətində birbaşa yol onların hərtərəfli həyata keçirilməsi, o cümlədən kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, cəmiyyətlər, ekspertlər, dini dairələr, iki ölkənin parlamentariləri arasında əlaqələrin yaradılması, həmçinin sülh sazişinin hazırlanmasına dair danışıqlardır. Rusiya Federasiyası gələcəkdə də bu məsələyə hər cür dəstək göstərməyə hazırdır”.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31