Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Reallıqları hər kəs qəbul etməlidir!

Reallıqları hər kəs qəbul etməlidir!

28.03.2023 [09:57]

İlham Əliyev: İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq

Mübariz ABDULLAYEV

Azərbaycan öz siyasətində ardıcıllıq nümayiş etdirir, daim milli maraqları və beynəlxalq hüquq normalarını əsas tutur.

2020-ci ildə 44 günlük müharibəni şanlı Zəfərlə başa vuran respublikamız yeni mərhələdə də özünün ədalətli və prinsipial yanaşmalarına sadiqdir. Ölkəmiz, şəxsən Prezident İlham Əliyev o mövqedən çıxış edir ki, nəhayət, regionda müharibə səhifəsini bağlamaq, gələcəyə baxmaq dövrü çatıb. Bunu müharibədə kapitulyasiyaya məruz qalan Ermənistan və bu ölkəyə dəstək verən qüvvələr də anlamalıdırlar. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində ölkəmizin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb. Bəlli qüvvələrə sərt mesajlar ünvanlayan dövlətimizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. “Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Çoxəsrlik tariximizin ən parlaq səhifəsi

Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi ki, bunu da Azərbaycan öz gücünə reallaşdırdı. Bu böyük Qələbəyə aparan yol isə heç də asan olmayıb. Bu gün biz torpaqlarımızın işğaldan azad olunmasından sonsuz qürur duyuruq. Ancaq unutmamalıyıq ki, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. İşğal dövrü üç onilliyi əhatə etdi. Otuz ilə yaxın müddət ərzində Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb, qaçqın, köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı soyqırımı, hərbi cinayətlər törədilib. Təbii ki, biz bunu heç vaxt unutmayacağıq.

Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Ölkəmiz xoş məram nümayiş etdirərək aparılan sülh danışıqlarında daim konstruktivlik göstərirdi. Paralel şəkildə, Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi, Ordunun maddi-texniki təchizatının gücləndirilməsi, peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılırdı.  Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Vətən müharibəsinin nəticələrini dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın iştirakı ilə martın 18-də bayram tonqalı alovlandırılan Talış kəndinin 2020-ci il oktyabrın 3-də işğaldan azad edilməsi strateji əhəmiyyət daşıyırdı. Bu, Vətən müharibəsinin başlamasından cəmi bir həftə sonra baş verdi. Müharibənin ilk günlərində Talışın, Suqovuşanın və digər yaşayış məntəqələrinin işğaldan azad edilməsi Ordumuzun gücünü nümayiş etdirirdi. Bu qələbələr sayəsində bir tərəfdən əsgər və zabitlərimizin özünə inam hissi artdı. Digər tərəfdən isə Ordumuzun irəliləməsi üçün yeni imkanlar yarandı.

Otuz il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə daşı-daş üstündə qoymayıb. Həmin ərazilərdəki bütün tikililər, tarixi mədəni-dini irs vəhşicəsinə dağıdılıb. Postmüharibə dövründə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Artıq bir sıra infrastruktur obyektləri istifadəyə verilib. O cümlədən bərpa olunan yaşayış məntəqələrinə otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın köçürülməsinə start verilib. Quruculuq işləri, həmçinin  Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada həyata keçirilir. “Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Ermənistana xəbərdarlıq

Müharibənin qalib tərəfi olan Azərbaycan sülhyaratma prosesini sürətləndirmək və bu prosesə real töhfələr vermək niyyətindədir. Azərbaycanın mövqeyi səmimidir, qərəzsizdir, manipulyasiyalardan tamam uzaqdır. Postmüharibə dövründə məhz Azərbaycan ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və sərhəd komissiyalarının yaradılması kimi təkliflərlə çıxış edib. Respublikamız indiyədək beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim edib. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, müharibənin qalib tərəfi olmasına baxmayaraq, Azərbaycan özü üçün hansısa üstün şərtlər diktə etmir. Respublikamızın yeganə niyyəti regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaqdır. Ölkəmizin sülh gündəliyi Prezident İlham Əliyev tərəfindən Moskvada, Soçidə, Brüsseldə, Praqada və digər məkanlarda dəfələrlə aydın şəkildə müxtəlif auditoriyaların diqqətinə çatdırılıb.

Ancaq eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirirdi. Son günlərdə isə qarşı tərəfin verdiyi vədlərin üstündə dayanmadığı açıq-aşkar hiss olunur. Belə ki, N.Paşinyan növbəti manipulyasiyaya əl ataraq ölkəsinin sülh prosesinin irəliləməsi üçün hansısa sənəd hazırladığını iddia edir. Ermənistan liderinin hökumətin iclaslarında və parlamentdə səsləndirdiyi açıqlamalardan bəlli olur ki, onun haqqında danışdığı “sənəd”də beynəlxalq prinsiplərlə bir araya sığmayan absurd müddəalar yer alıb. Əgər bu ölkə sülh istəyirsə, onda çox təhlükəli ritorikadan əl çəkməlidir. Ötən il Praqa Sammitində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdılar. Respublikamız üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə, o cümlədən də Praqada imzalanan sənədə sadiqdir. Ermənistan isə özünü elə aparır ki, müvafiq səndlərdəki öhdəliklərin sanki bu dövlətə heç bir aidiyyətı yoxdur. Praqada respublikamızın ərazi bütövlüyünü tanıyan Ermənistanın rəsmiləri aradan cəmi bir neçə ay ötəndən sonra bildirirlər ki, onların ölkəsi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmir. Belə ziddiyyətli yanaşmaların hansısa bir məntiqi izahı varmı? Bu gün Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürür. Müharibənin məğlub tərəfinin şərtlər diktə etməsinin bir adı var: Erməni riyakarlığı! Prezidet İlham Əliyev Ermənistanın İkinci Qarabağ müharibəsində uğradığı acınacaqlı məğlubiyyətdən lazımi nəticələr çıxartmadığına diqqət çəkərək bildirib: “Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik”.

Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz

Postmüharibə dövründə revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın təlimatları ölkə hüdudlarından kənardan aldığı aydın şəkildə müşahidə edilir. Ayrı-ayrı beynəlxalq təşkilatlar və bəzi ölkələr yenə də öz amplualarında qalaraq Ermənistanı sülh prosesindən uzaqlaşmağa təhrik edirlər. Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünə öz gücü hesabına nail oldu. Üç onilliyi əhatə edən işğal dövründə beynəlxalq təşkilatlar, güc mərkəzləri, bu gün bəzi ölkələrin süni nəfəs verməyə çalışdıqları keçmiş Minsk qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atdımı? Yox! Əslində, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib işğal altına aldığı ərazilərimizdən çıxartmalı idi. Bu, edildimi? Yenə də yox! Beynəlxalq praktikada təcavüzkara qarşı sərt cəza tədbirləri görülür. Ermənistana münasibətdə də sanksiyalar tətbiq edilməli idi. Ancaq bəhs olunan qurumlar otuz il ərzində Ermənistana “gözün üstdə qaşın var” demədilər, onların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmədi. Budurmu beynəlxalq hüquq, ədalətli dünya nizamı? Ermənistan və bu ölkənin xaricdəki havadarları birləşərək işğalı əbədiyyətə qədər davam etdirməyə çalışırdılar, bundan ötrü min cür ssenarilər hazırlayırdılar. Dövlət başçımızın qeyd etdiyi kimi, otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi günlərində haqq işi uğrunda mübarizə aparan ölkəmizə qarşı edilən təzyiqləri xatırladıb. Ermənipərəst dairələr təkid edirdilər ki, Azərbaycan müharibəni dayandırsın. Ancaq bəlli mərkəzlərdən edilən belə təzyiqlər bizi dayandıra bilmədi.

İşğal dövründə və İkinci Qarabağ müharibəsi günlərində Ermənistana hərtərəfli dəstək verən qüvvələr postmüharibə mərhələsində də özlərinin çirkin əməllərini davam etdirirlər. Ölkəmizə qarşı savaş açan həmin qüvvələr ayrı-ayrı beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə sənədlər qəbul olunmasına çalışırlar. Biz nə qədər ikili standartlarla, riyakarlıqla üzləşəcəyik? Prezident İlham Əliyev həmin qüvvələrə sərt mesajlarını çatdırıb: “Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan - azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31