Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz

Heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz

30.03.2023 [10:19]

Ölkəmiz haqsız mövqedən çıxış etmir, özünün haqq mövqeyindən geri çəkilmir!

Mübariz FEYİZLİ

Azərbaycan uğurla inkişaf edən ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi zirvələrə yüksəldib. Hazırda respublikamızın mənzərəsi hər cəhətdən müsbətdir. Ölkədə sarsılmaz iqtidar-xalq həmrəyliyi hökm sürür, cəmiyyətin dövlət başçısına inamı yüksək səviyyədədir. Qısa müstəqillik tarixində güclü iqtisadi dayaqlar qurulub, valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar da Azərbaycanın siyasi müstəqilliyini şərtləndirir. Bu gün Azərbaycan bütün dünya miqyasında özünün milli maraqlarını qətiyyətlə qoruyan və müəyyənləşdirdiyi hədəflərinə doğru inamla irəliləyən azsaylı ölkələrdən biridir. Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha diqqətə çatdırıb: “Bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq”.

Birinci Qarabağ müharibəsinin dərsləri

Azərbaycan dövləti və xalqı milli iradəyə sahibdir. Ümummilli məsələlər bizi yumruq kimi birləşdirir. Dövlətimiz və xalqımız son üç onillik ərzində bunu keçmiş Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir neçə mərhələdə sərgiləyib. Birinci mərhələ kimi, 44 günlük müharibəyədək olan dövrü fərqləndirə bilərik. Bəhs olunan dövrdə ötən əsrin doxsanıncı illərinin əvvəllərində AXC-“Müsavat” xəyanətar cütlüyünün satqınlığının və yarıtmaz siyasətinin nəticəsində işğala məruz qalan torpaqlarımızın geri qaytarılması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Azərbaycana müxtəlif imperialist güc mərkəzlərindən təzyiqlər göstərilirdi ki, biz torpaqlarımızın işğal altına düşməsi faktını unudaq. Həmin qüvvələr, eləcə də ATƏT-in Minsk qrupu işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdılar. Ancaq bütün bunlar əbəs idi. Azərbaycan cəmiyyətinin məlum səbəblərdən işğal altına düşən torpaqlara - Şuşaya,  Zəngilana, Füzuliyə, Laçına, Kəlbəcərə, Ağdama və digər ərazilərə güclü mənəvi bağlılığı var idi.  Biz həmin ərazilərin düşmən tapdağında qalmasına necə razılaşa bilərdik? Bu, mümkün deyildi! Eyni zamanda, Prezident İlham Əliyevin siyasəti də torpaqlarımızın işğaldan azad edilməsinə hədəflənmişdi. Dövlət başçımız müxtəlif beynəlxalq auditoriyalarda birmənalı şəkildə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq və özünün ərazi bütövlüyünü istənilən yolla təmin edəcək. 

Azərbaycanafob dairələrin və keçmiş Minsk qrupunun münaqişənin sonsuzluğadək uzadılmasına hesablanan cəhdləri nəticəsiz qaldı. Beləliklə, keçmiş Dağıq Qarabağ münaqişəsinin həllində ikinci - aktiv faza başladı. Bu mərhələdə Azərbaycan işğalçı dövlətin yeni torpaqlar ələ keçirmək iddialarına və təxribatlarına hərbi güclə cavab vermək məcburiyyətində qaldı. Məlum olduğu kimi, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altına alan Ermənistan özünün silahlı birləşmələri barəsində “məğlubedilməz ordu” mifi yaratmışdı. Bu mif 2016-cı ilin Aprel döyüşləri zamanı tar-mar oldu. Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.  Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq sonradan sözündən geri çəkildi. Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. İşğalçı dövlət “Cünnüt” və Tovuz əməliyyatlarından da nəticə çıxartmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Düşmən cəmi 44 gün ərzində kapitulyasiyaya məruz qaldı.

Azərbaycan Vətən müharibəsində böyük qələbəni asanlıqla qazanmayıb. Düşmən üç onillik ərzində işğal altındakı ərazilərimizdə istehkamlar qurmuşdu. Silahlı Qüvvələrimiz bu istehkamları mərdliklə yardı, döyüşlərin davam etdiyi 44 gün ərzində doğma torpaqlarımız əsgər və zabitlərimizin qanı ilə suvarıldı.

Lakin Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə döyüşlər aparmırdı, həm də xaricdən, işğalçı dövlətin havadarlarından gələn təzyiqləri dəf etmək məcburiyyətində idi. Qlobal məsələlərlə bağlı bir-birinə qarşı daim antoqonist mövqe tutan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdilər. Onlar bu mövqeləri ilə əslində, Azərbaycanı işğalın nəticələri ilə barışmağa, xalqımızın iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.

Vətən müharibəsinin davam etdiyi günlərdə ölkəmizə qarşı xarici təzyiqlər səngimədi. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatlarından narahat olan vasitəçilər, xüsusilə Fransa cidd-cəhdlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı iflasdan tam qurtarmaq idi. Prezident İlham Əliyevin təbirincə desək, oradan deyirdilər dayanın, buradan deyirdilər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara “dayanın!” deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!” deyən olmadı!  Azərbaycan dayanmağa hazır idi. Bunun üçün Prezident İlham Əliyev yalnız bir şərt irəli sürürdü: Ermənistan ərazilərimizi boşaltması ilə bağlı ölkəmizə cədvəl təqdim etməlidir! 2020-ci il noyabrın 10-da müharibə məhz bu şərtin işğalçı dövlət tərəfindən qəbul edilməsindən sonra dayandırıldı.  Müzəffər Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Üçtərəfli Bəyanatda isə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmaqla bağlı öhdəlik götürdü. Beləliklə, Azərbaycan xaricdəki bəlli dairələrdən gələn təzyiqlərə baxmayaraq, özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməyə nail oldu. Bu, ölkəmizin gücünün, sarsılmaz xalq-iqtidar vəhdətinin təntənəsidir!

Postmüharibə dövrünün reallıqları

Bəlli ölkələr və mərkəzlər eyni ssenarini postmüharibə mərhələsində də davam etdirməyə cəhdlər göstərirlər. Bu mərhələdə əsas məsələ regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Qalib Azərbaycanın mövqeyi belədir ki, nəhayət, müharibə səhifəsi bağlanmalı və əməkdaşlığa yol açılmalıdır. Ölkəmizin şanlı Qələbəsi sayəsində formalaşan reallıqlar buna yeni fürsətlər yaradıb. Ancaq yaxın və uzaq regionlarda yerləşən məkrli qüvvələr Azərbaycanın Qələbəsini, regionda şərtlər diktə edən dövlətə çevrilməsini həzm edə bilmirlər və Ermənistana revanşist ideyalar ötürürlər. Burada ayrı-ayrı ölkələrin, o cümlədən Fransanın, Rusiyanın və İranın manipulyasiya cəhdləri xüsusi nəzərə çarpır. Açıq şəkildə görünür ki, bu və digər ölkələr yenə də Azərbaycana təzyiq göstərmək niyyətindədirlər. Yenə də bir neçə fakta nəzər salaq. Müharibənin başa çatmasından sonra ilk vaxtlarda məğlub Ermənistan sülhyaratma prosesinə hazır görünürdü. Moskva, Brüssel və Praqa görüşlərində sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılmış və müəyyən razılaşmalar əldə olunmuşdu. Gözlənilirdi ki, Soçi sammiti bu istiqamətdə irəliyə doğru atılmış daha bir addım olacaq. Ümidlər boşa çıxdı. Praqa görüşündən sonra baş tutan Soçi sammiti ərəfəsində Rusiya rəsmiləri “münaqişənin həlli ilə bağlı bəzi məsələlərin gələcəyə saxlanılması” kimi mücərrəd “tezisi” gündəmə gətirdilər. Prezident İlham Əliyev bu barədə danışanlara elə Soçi görüşündəcə sərt cavabını verdi və bildirdi ki, gələcəyə saxlanılası hansısa bir məsələ yoxdur, Dağlıq Qarabağ münaqişəsi həllini tapıb.

Postmüharibə mərhələsində havadarlarından dəstək alan Ermənistan regiona beynəlxalq sülhyaratma missiyalarının cəlb edilməsinə nail olmağa çalışır. Təbii ki, böyük bacısı Fransanın xeyir-duası ilə. Fransanın cidd-cəhdi ilə bu məsələ Avropa İttifaqının gündəliyinə gətirildi. Ancaq Ermənistanın havadarları yenə də qarşılarında Azərbaycanın haqlı sərt növqeyini gördülər. Azərbaycan Qarabağ İqtisadi Rayonunda yaşayan erməniləri öz vətəndaşları hesab edir və onların təhlükəsizliyinə təminatlar verir. Ölkəmiz bununla bağlı nə Ermənistanla, nə də onun havadarları ilə müzakirələr aparmaq niyyətində deyil. Bu kimi səbəblərə görə də respublikamız Fransanı növbəti dəfə məyus edərək Aİ-nin missiyasının ərazilərimizə gəlməsinə birmənalı etirazını bildirdi.

Qonşu İranın canfəşanlığı barədə. Kəskin Azərbaycanafobiya yaşayan İran rejiminin ölkəmizə qarşı qısqanclığı hər addımda hiss olunur. Postmüharibə mərhələsində bu ölkə tez-tez Araz çayının sahillərində hərbi təlimlər keçirir. Son günlərdə SEPAH Naxçıvanla həmsərhəd regionda hərbi texnika cəmləşdirir. Azərbaycanın Tehrandakı səfirliyində qanlı terror aktı törədildi. Paralel şəkildə, İran Ermənistana siyasi və hərbi dəstəyini artırır. İrəvanla Tehran qardaşlaşıb. Qafanda tələm-tələsik konsulluq açılıb. İran Ermənistanın hərbi texnika ilə təchizatında rolunu artırır. Eyni zamanda, mollakratiya Azərbaycan üçün strateji önəm daşıyan Zəngəzur dəhlizinin açılmasına maneələr yaratmağa çalışır. 30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman İran rejimi Zəngəzur dəhlizini sərhədlərin dəyidirilməsi anlamında təqdim edir və bunu “qırmızı xətt” adlandırır.

Göründüyü kimi, Ermənistanın böyür-başında, arxasında yer alan qüvvələr, ölkələr fərqli olsalar da, onların məqsədi Azərbaycana təzyiq göstərib güzəştlərə nail olmaqdır. Bu, baş verməyəcək! Azərbaycan heç vaxt haqsız mövqedən çıxış etmir, eyni zamanda, heç vaxt özünün haqq mövqeyindən geri çəkilmir!

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31