Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yenidən dirçələn şəhər

Yenidən dirçələn şəhər

04.05.2023 [09:39]

Ağdama həyat qayıdır

Postmüharibə dövründə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gələn xarici jurnalistlər Ağdamda şahidi olduqları dəhşətli mənzərədən - hər şeyin viran qoyulmasından, bütün tikililərin vəhşicəsinə dağıdılmasından heyrətə gələrək buranı “Qafqazın Xirosiması” adlandırıblar. Reallıqda isə vəziyyət Xirosimadan da pisdir. Zamanında Xirosima nüvə faciəsi yaşayıb, atom silahı ilə dağıdılıb. Prezident İlham Əliyevin Ağdama səfərlərinin birində qeyd etdiyi kimi, oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Ağdamı azad edəndə Prezident İlham Əliyev şəhərdəki evlərin birinin üzərində Azərbaycan Bayrağının ucaldılmasını tapşırıb. Ancaq orada bayraq ucaltmağa bir dənə də olsun salamat bina tapılmayıb. Təkcə bu fakt Ağdamda törədilən dağıntıların, erməni vandallığının miqyası barədə konkret təsəvvür yaradır.

İşğala qədərki abad Ağdam

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda zəbt olunan ərazilərdən qovulan insanlar Ağdama üz tuturdular. Qaçqınlıq taleyinin uzun çəkməyəcəyini düşünən soydaşlarımız buranı ümid yeri hesab edirdilər. Ağdamlılar da onlara canıyananlıqla qucaq açaraq rahatlıqlarının təmin olunması üçün hər şeyi etməyə çalışırdılar. 23 iyul 1993-cü il tarixində isə Ağdamın özü də süqut etdi və rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçdi.

Ötən əsrin əllinci illərindən başlayaraq aparılan arxeoloji qazıntılar Ağdamın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb.  Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi.

İşğaldan əvvəlki dövrdə Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı. Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi var idi. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz- furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

Xoşbəxt çağlar geri qayıdacaq

Azərbaycan dövləti və cəmiyyəti Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə böyük bağlılıq nümayiş etdirir. Müharibənin başa çatmasından sonrakı iki il yarım ərzində həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri bunu əyani şəkildə təsdiqləyir. Digər yaşayış məntəqələrində olduğu kimi, Ağdamda da həyat canlanır. Burada görülən işlərə istinadən belə bir inamımızı ifadə edə bilərik: Bütün Qarabağ kimi, Ağdamın da sevincli, xoşbəxt, çal-çağırlı günləri tezliklə özünə qayıdacaq. Çünki azadlığına qovuşmuş bu şəhər artıq onu sevən, əzizləyən, bütün işğal illərində xəyalında canlandıran doğma insanların əlindədir. Vətən müharibəsində şanlı Qələbəmizin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev digər ərazilərdə olduğu kimi, Ağdamda da bərpa və yenidənqurma işlərini şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı postmüharibə dövründə Ağdama etdiyi çoxsaylı səfərlərində burada yaradılacaq bir sıra infrastruktur obyektlərinin təməlini qoyub və Özünün dəyərli tövsiyyələrini verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də növbəti dəfə Ağdamda səfərdə olublar.

2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə Ağdam tarixi anlara şahidlik etmişdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub. Qeyd edək ki, Baş plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Dövlətimizin başçısının Ağdama budəfəki səfəri çərçivəsində qatıldığı çoxsaylı təməlqoyma və digər tədbirlər ondan xəbər verir ki, bir il bundan əvvəl dövlət başçısına təqdim olunan Baş Planın icrası yüksək səviyyədə təmin edilir. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında, ümumilikdə, 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Ümumi sahəsi 17 hektara yaxın olan 3-cü yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.

Ağdam işığa qərq olacaq

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı enerji təminatı sisteminin qurulması burada intensiv şəkildə həyata keçirilən infrastruktur quruculuğunun mühüm bir istiqamətini təşkil edir. Ağdam rayonu ərazisində yerləşən infrastruktur və strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib, 7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Hazırda isə 35 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq “Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib. Hazırda 35/0,4 kV-luq “Kəlbəcər” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi işləri aparılır. Laçın rayonunda da bir çox işlər görülüb, o cümlədən Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində qurulan sərhəd-keçid məntəqəsini elektrik enerjisi ilə təmin etmək üçün 1,8 kilometr uzunluğunda 0,4 kV-luq kabel xətləri çəkilib və 160 kVA gücündə 2 transformator quraşdırılıb. Hazırda Kilsəlidağ, 6-cı rayon və Şəlvə əraziləri istiqamətində 66 kilometr uzunluğunda 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi və müxtəlif gücdə komplekt transformator məntəqələrinin quraşdırılması işləri aparılır.

İşğaldan azad edilmiş ərazilərin, o cümlədən də Ağdamın dayanıqlı enerji təchizatı siteminin qurulması məqsədilə yeni layihələrin icrası da nəzərdə tutulub. Prezident İlham Əliyev Ağdama budəfəki səfəri çərçivəsində “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq.

Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir.

Ağdamı muğamsız, muğamı da Ağdamsız təsəvvür etmək mümkün deyil

Tez-tez belə deyirlər ki, Ağdamı muğamsız, muğamı da Ağdamsız təsəvvür etmək mümkün deyil. Bu da ilk növbədə onunla bağlıdır ki, Ağdam Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş edib. Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. İndiyədək Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda və respublikanın bölgələrində bir neçə muğam mərkəzi yaradılıb. Təməli qoyulan Muğam Mərkəzi Ağdamda ikinci belə mərkəz olacaq. Ağdamda ilk Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğal dövründə rayonun Quzanlı qəsəbəsində yaradılmışdı. Həmin mərkəzin açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2018-ci il 5 noyabr tarixində baş tutmuşdu.

Yeni Muğam Mərkəzi isə Ağdam şəhərində yaradılır. Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək.

Bərdə-Ağdam dəmir yolunun tikintisi

Səfər çərçivəsində Prezident İlham Əliyevin tikintisi ilə tanış olduğu Bərdə-Ağdam dəmir yolu mühüm infrastruktur obyektidir. Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan Bərdə-Ağdam  dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.

İndiyədək dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir.

Bildirilib ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.

Dövlətimizin başçısına Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi barədə də məlumat verilib. Kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək.  Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31