Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Normallaşma prosesində yeni mərhələ...

Normallaşma prosesində yeni mərhələ...

11.05.2023 [10:19]

Vaşinqton görüşləri Brüssel razılaşması üçün əsas olacaqmı?

Yeni görüş yeri Brüsseldir

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar, başqa sözlə, sülh prosesi yeni mərhələyə qədəm qoya bilər. Nəzərə alınmalıdır ki, bu ilin mayın 1-dən 4-nə kimi davam etmiş Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında görüş bir sıra məqamları ilə yadda qalmışdı - ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində baş tutan danışıqlarda hazırki vəziyyətlə bağlı fikir mübadilələrinin aparılması önə çəkilmiş, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərin bildirildiyi qeyd olunmuşdu. Hətta nazirlərin və onları müşayiət edən nümayəndə heyətinin üzvlərinin Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə etdiyi və eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul edikləri də bəyan olunmuşdu. Ən əsası isə tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəlmişdilər.

ABŞ danışıqları prosesə nə qazandırdı?

Rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, yəni, sülh prosesinin Brüssel gündəliyi üzərindən inkişaf etdirilməsində maraqlı olduğunu hər zaman bəyan edib. Ümumiyyətlə, davam edən danışıqlar prosesində Brüssel xətti xüsusi olaraq diqqəti cəlb edir - 2021-ci ilin dekabrından başlayan bu sülh gündəliyi bir neçə istiqamətdə mühüm nüansları özündə əks etdirmişdi. Məsələn, Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın  tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın formalaşdırmağa çalışıdığı əməkdaşlıq platformalarının mühüm nəticələrini indidən görür desək, yanılmarıq. Bunun nəticəsidir ki,  Ağ Ev iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır.

Brüssel formatı özünün mühüm məqamları ilə göz oxşayır - məsələn, ötən ilin oktyabrında məhz bu format əsasında baş tutan görüşdən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmişdi. Digər tərəfdən, ikitərəli münasibətlərin inkişafı istiqamətində sülh gündəliyi mühüm üstünlüklərlə yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi prosesin inkişafına töhfələr verir.

Aİ Şurası bəyanat yayıb - yeni görüş planlaşdırılır...

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistan və Azərbaycan üzrə son bəyanatında bildirilir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamağa davam edib. Qeyd edilir ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüşü razılaşdırıblar. Onların müzakirələri, həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcək. Liderlər, həmçinin Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyi razılaşıblar.

Prezident Mişel 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti sammit çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.

Sülhün gecikməsinin səbəbləri...

Vurğulanmalıdır ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Bu dövlət iqtisadi cəhətdən “dizi üstədir” və hazırda yalnız ianələrlə “dolanır”. Sülhün əldə edilməsi isə onları asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bu mənada rəsmi İrəvan yaranan tarixi şansdan istifadə etməlidir.

Ümumiyyətlə, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər

Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.

Ermənistan özündə iradə tapmalıdır...

Beləliklə, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi irəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.

Prezident İlham Əliyev Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirdi ki, biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq: “Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

Hər bir halda Azərbaycan bir daha sülhpərvər və humanist mövqeyini ortaya qoyur. Ölkəmiz 2023-cü ilin tarixə həm də sülh ili kimi düşməsini arzulayır. Bunun üçün isə Ermənistan da özünə iradə tapmalı və regionun yeni, təhlükəsiz, yüksək inkişaf tempi qazanacaq gələcəyinin təminində yaxından iştirak etməlidir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31