18 maydan 23 aprelə...
18.05.2023 [10:00]
Son nöqtəni İlham Əliyev qoydu!
Mübariz ABDULLAYEV
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Otuz bir il bundan əvvəl tarixin bu günündə - 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. Laçın rayonunun, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı.
İşğalın vurduğu ziyan
İşğal altına düşənədək Laçın zəngin təbii sərvətləri, maldarlığın inkişafı üçün geniş imkanları olan bir diyar kimi tanınırdı. Ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araza qovuşur
1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü var idi.
Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var idi.
İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Laçının süqutu doğma Azərbaycanımızın 1835 kvadratkilometr ərazisinin, 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 267 nəfər laçınlı öldürülüb, 66 nəfər girov götürülüb.
Laçın rayonunda yerləşən tarixi, mədəniyyət və memarlıq abidələri, o cümlədən Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb.
Laçında ucalan Azərbaycan bayrağı - Zəfərimizin rəmzi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi tam qətiyyətlə həm müharibənin, həm də diplomatiyanın qalibi kimi təqdim edə bilərik. Onun rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan Ordumuz cəmi 44 gün ərzində düşməni tar-mar etdi. İgid əsgər və zabitlərimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməyə nail oldular. Bundan sonra işğalçı Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Həmin öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları respublikamıza döyüşsüz geri qaytarıldı. Beləliklə də, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.
Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Prezident İlham Əliyev ermənilərin Laçında məskunlaşdırılmasını müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması kimi səciyyələndirib. “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Ötən il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”, - deyə vurğulayıb.
Ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları gün də yaxınlaşıb. Prezident İlham Əliyev Laçın şəhərinin, Sus və Zabux kəndlərinin sakinlərinin geri qaytarılmasına hazırlıq görülməsi barədə müvafiq qurumlara tapşırıqlarını verib. Hazırda nəzərdə tutulan layihələrin icrası intensiv şəkildə davam etdirilir. Hər ötən gün ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları anı yaxınlaşdırır.
Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması
Üçtərəfli Bəyanat imzalanarkən ermənilər Laçın dəhlizinin 20 kilometr enində olmasını və ora özlərinin nəzarət etməsini istəyirdilər. Bununla düşmən ölkə separatçıları qorumaq və Qarabağla bağlı iddialarını yenə də gündəmdə saxlamağı planlaşdırırdı. Ancaq döyüş meydanında Qələbəmizi təmin edən Prezident İlham Əliyev düşmənin niyyətini puça çıxardı və son nöqtəni qoydu. İlk növbədə, dövlətimizin başçısı dəhlizin 5 kilometr enində yaradıması təklifinin təsdiqlənməsinə nail oldu. Eyni zamanda, Prezident İlham Əliyev 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarını üçtərəli Bəyanata daxil etdirdi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib. Belə ki, birincisi, Laçının mərkəzi heç bir itki verilmədən azad olundu. İkincisi, yeni yolun istifadəyə verilməsi ilə “dəhlizin 5 kilometrlik eni” məsələsi də praktiki olaraq arxa plana keçirdi.
Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.
Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ötən il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar. Bundan sonra ermənilər Qarabağa Ermənistandan silah-sursat daşınmasını torpaq yollarla reallaşdırmağa cəhdlər gösdərdilər. Kosmostan çəkilən görüntülər onların bu çirkin əməllərini də ifşa etdi. Beləliklə, dəhliz manipulyasiyalarını dayandırmayan separatçıların və Ermənistandakı revanşistlərin suverenliyimizə xələl gətirən əməllərinin qarşısı qətiyyətlə alınmalı idi və bunu Azərbaycan etdi. Beynəlxalq hüquq normalarına istinad edən respublikamız cari il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Ermənilər sərhəd-keçid məntəqəsinin qurulmasını beynəlxalq ictimaiyyətə əyri güzgüdən təqdim etməyə çalışırlar. İddia olunur ki, guya Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşları blokadada saxlayır və burada humanitar fəlakət yaşanır. Belə iddiaların heç bir əsası yoxdur. Iki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Ölkəmiz, həmçinin Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlarının təhlükəsizliyinə də ən yüksək səviyyədə təminatlar verir.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

