Qitələr Azərbaycanda birləşir!
20.05.2023 [10:00]
Çin ölkəmizdən keçən nəqliyyat dəhlizlərinə dəstək nümayiş etdirir
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti multiregional və strateji xarakterlidir, özündə böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, bütün istiqamətlərdə, o cümlədən də iqtisadi sahədə yeni hədəflər müəyyənləşdirir. Bu kontekstdə Azərbaycanla Çin arasında möhkəm siyasi platformaya əsaslanmaqla müxtəlif istiqamətlərdə əlaqələrin genişlənməsi də mühüm əhəmiyyət daşıyır. Xüsusi diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Çində iki ölkə arasında əlaqələrin genişlənməsində Prezident İlham Əliyevin təşəbbüsləri və fəaliyyəti, həmçinin respublikamızın fəal iştirakı ilə reallaşdırılan layihələr yüksək dəyərləndirilir. Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısını ölkəsinin böyük dostu adlandırıb. “Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir”. Bu fikri isə Çin lideri Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşündə deyib. Çinin rəhbəri ölkəsinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını da bildirib. O, əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib qovşaq olma əsaslarına, şərtlərinə və üstünlüklərinə malik olduğunu vurğulayıb, ölkəsinin Çin-Avropa yük qatarlarının fəaliyyəti üçün nəqliyyat hablarının inşasını sürətləndirəcəyini deyib
Çinin qlobal məsuliyyəti
Çin dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Milli Statistika Bürosunun (UIB) məlumatına görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) ötən il 2021-ci illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuan (təxminən 18 trilyon dollar) təşkil edib. Qeyd edək ki, 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf tempində müəyyən azalmalar müşahidə edilsə də, Çində əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 5,1 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Geosiyasi gərginliklərin, qlobal pandemiyanın, sərt qapanmaların yaratdığı çətinliklərə baxmayaraq, ölkə perspektiv üçün də yüksək hədəflər müəyyənləşdirib. Sonuncu Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He ölkəsinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan edib. Bu isə o anlama gəlir ki, arzuolunmaz mənfi xarici amillərin gözlənilən təsirlərinə baxmayaraq, Çin yenə də iqtisadi imkanlarını artırmağa çalışacaq. Ötən illərin təcrübəsinə istinadən deyə bilərik ki, bu, yalnız vəd deyildir. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün itisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir. Prezident İlham Əliyev cari il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində vurğuladığı kimi, Çin bu uğurlara xalqın və ölkə rəhbərliyinin müdrikliyi, nəticəyönümlü səyləri sayəsində nail olub. Çinin dünyada ən çox uğur qazanmış ölkələrdən olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Çinin qazandığı uğurları və qlobal iqtisadiyyata verdiyi töhfələri yüksək dəyərləndirərək deyib: “Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır - artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir”.
Müxtəlif sahələrdə genişlənən əməkdaşlıq
Hər iki tərəfin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Azərbaycanla Çin arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq genişlənir. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Son 20 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 34 dəfədən çox artıb və bu tendensiya davam etməkdədir. Çin şirkətləri respublikamıza investisiya qoyuluşuna böyük maraq göstərirlər. Hazırda respublikamızda Çin investisiyalı 200-dən çox şirkət uğurla fəaliyyət göstərir. Azərbaycan, həmçinin dost Çinin şirkətlərinin sərmayələrindən bərpaolunan enerji sektorunda da faydalanmaq niyyətini ifadə edib. Qeyd edək ki, Çin bərpaolunan mənbələrdən enerji alınmasında bir dünya lideridir. Bu ölkə son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. Çini fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu ölkə enerji transformasiyasında yeni texnologiyaların tətbiqini daim diqqət mərkəzində saxlayır. Dost Çin bərpaolunan mənbələrdən enerji alınmasında qazandığı təcrübəni və qabaqcıl texnologiyalarını Azərbaycanda da tətbiq edə bilər. “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Nəqliyyat marşrutlarının şaxələndirilməsi prioriteti
Hazırda böyük idxal və ixrac potensialına malik olan Çinin qarşısında duran əsas prioritetlərdən biri daha çox nəqliyyat bağlantılarına çıxış imkanları qazanmaqdır. Sian şəhərində keçirilən Çin-Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşündə Si Cinpin ölkəsinin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasına dəstəyini ifadə etməsi də təsadüfi deyil. İndiki geosiyasi reallıqlar fonunda bəhs olunan marşrutun - Çin-Qazaxıstan sərhədlərindən başlayaraq Mərkəzi Asiya ölkələrindən keçməklə Avropayadək uzanan Orta Dəhlizin önəmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bu marşrutun açar ölkələrindəndir. Bütövlükdə respublikamız son illərdə Avrasiyada nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsinə mühüm töhfələr verib.
Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə intensiv şəkildə davam etdirilir.
Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Hazırda bu həcmin 25 milyon tona qədər artırılması üçün layihələr reallaşdırılır.
Müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpək Yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Azərbaycandan keçəcək daha bir tranzit marşrutu isə Zəngəzur Dəhlizi olacaq. Beləliklə, Azərbaycan Çinin “nəqliyyat marşrutlarının şaxələndirilməsi” prioritetinin reallaşması üçün geniş imkanların olduğu bir məkan qismində çxış edir.
“Bir kəmər, bir yol” layihəsi
Dost ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Hazırda bu layihə dünyanın 150 ölkəsi tərəfindən dəstəklənir. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Prezident İlham Əliyev 2019-cu ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna qatılıb. Dövlətimizin başçısı forumdakı çıxışında bildirib ki, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Yeri gəlmişkən, Çinin təşəbbüsü ilə Orta Dəhlizin dəmir yolu seqmentinin inkişaf etdirilməsi layihəsinin də icrasına start verilib. Söhbət Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bağlantısının təmin edilməsindən gedir. Yeni layihə də Xəzər dənizi vasitəsilə Azərbaycana istiqamətlənib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

