Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesi yeni mərhələdə...

Sülh prosesi yeni mərhələdə...

20.05.2023 [10:20]

Separatçı rejim nədən qorxuya düşüb?

İrəvan anlayır ki, tək çıxış yolu Bakı ilə sülhün imzalanması, münasibətlərin normallaşmasıdır

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi yeni mərhələyə qədəm qoyub. Mayın 14-də Brüsseldə keçirilmiş üçtərəfllti görüş bir neçə istiqamətdə mühüm əhəmiyyəti ilə seçilir. Belə ki, danışıqlarda pozitiv nəticələrlə bağlı ümid yaradan mühüm nüanslar nümayiş etdirilməklə yanaşı, hər iki dövlət Alma-Ata deklorasiyası üzərindən bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu isə onu deməyə əsas verir ki, Ermənistan artıq danışıqlar prosesində Qarabağla bağlı hər hansı bir manipulyasiya etmək imkanlarını itirdiyini etiraf edir. Təbii ki, bu amil Azərbaycan dövlətinin dəyişməz və qəti mövqeyinə əsaslanır. Azərbaycan hər zaman bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və hər hansı bir danışıq mövzusu ola bilməz.  

Separatçı rejimin “arzuları: “müdafiə komitəsi” oyunu...

Amma, deyəsən, Ermənistanın sülhyönümlü davranışı Xankəndidəki separatçı rejimin “ürəyincə” deyil. Son proseslər onu deməyə əsas verir ki, Cənubi Qafqazda sülhə mane olmağa çalışan qüvvələr indi də separatçıların arasındakı “öz adamları”nın əli ilə bu işi yerinə yetirməyə niyyətləniblər. Bunun nəticəsidir ki, separatçı rejimin “başçısı” Araik Arutyunyan belə istefaya çağırılır, yeni “oyunlar” planlaşdırılır. Məsələn, separatçı rejimin “spikeri” Artur Tovmasyanın Araik Arutyunyanı istefaya çağırması, Qarabağda “müdafiə komitəsi” yaratmaqla bağlı təklifi birmənalı qarşılanmır. Bəziləri bu “təklifi” Ermənistanın Qarabağdakı qanunsuz rejimin sonunu gətirmək üçün yeni planı adlandırır, digərləri isə yenidən ara qarışdırmaq və nələrəsə nail olmaq istəyindən irəli gəldiyini deyirlər. Hər bir halda, separatçı rejimin və onun dəstəkçilərinin yeni təxribatlar axtarışında olduğu aşkar şəkildə sezilir. İnformasiya resurslarında yer alan xəbərlərdən bəlli olur ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir:

- Separatçılar arasındakı qruplaşmaların daxili çəkişməsi;

- Və Samvel Babayanın qondarma rejimin “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyanın aktivləşməsi. Xatırladaq ki, Ermənistanın “Past” qəzeti Samvel Babayanın qondarma rejimin “dövlət naziri” vəzifəsinə təyin olunmaq istəyindən yazmışdı.

Qarabağ Azərbaycan torpağıdır - bunu bütün dünya təkrarladı...

Əslində qondarma rejim daxilində gedən “mübarizə”nin mahiyyəti ortadadır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı bir çox suallara cavab verib. Eyni zamanda, Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesində vasitəçilik edən Aİ şurasının prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirmişdi ki, Brüssel görüşündə Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələr davam etdirilib: “Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir”.

Beləliklə, artıq məsələyə münasibət ortadadır. O baxımdan, hazırda separatçı rejim bir tərəfdən qorxuya düşüb, digər tərəfdən isə dialoq məsələsinə kölgə salmaq üçün cəhdlər göstərməyə çalışır. Hələ mart ayında Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarımızla təması və sonradan yeni görüşə dəvət göndərməsi qondarma rejimi olduqca narahat edib. Onlar anlayırlar ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və ölkəmizdə yaşayan bütün vətəndaşlarla eyni hüquqa malikdirlər. Eyni zamanda, onların Azərbaycana reinteqrasiyası mütləq şəkildə baş verəcək...

Separatçı rejim panikada...

Bu mənada, sülh prosesinə zərbə vurmaq istəyən, yenidən hərbi gərginlik yaratmağa çalışanların hansı məqsədlərə xidmət etdiyi ortadadır. Onlar guya Qarabağdakı “rejimin” hazırlıq içində olduğu görüntüsü yaratmağa çalışırlar.  Məsələn, Samvel Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə” hazır olduqlarını bəyan edir. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, bu açıqlamaların panikadan qaynaqlandığı sirr deyil. Onlar prosesin onsuz da Azərbaycanın xeyrinə inkişaf edəcəyini dəqiq bilirlər- bu baxımdan hətta ordumuza qarşı hansısa təxribat hazırlığının aparıldığı görüntüsü yaratmağa çalışırlar. Məsələn, bir müddət öncə, Vardanyanın guya “gənclər təşkilatı” adı altında terror qrupları formalaşdırmağa cəhd göstərdiyi ortaya çıxmışdı. Onların guya “müdafiə” adı altında terror hərəkətlərinə yol verəcəkləri də istisna oluna bilməz. Bu isə yeni situasiyanın formalaşmasına yol aça bilər...

Tək çıxış yolu: Azərbaycanla sülh...

Bir sıra siyasi mütəxəssislər isə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağın Azərbaycan olduğunu etiraf etməsi faktını regionda sülhün formalaşdırılması üçün atılan addım kimi dəyərləndirirlər. Eyni zamanda, erməni baş nazirin bundan başqa çıxış yolu yoxdur. Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun fikrincə, Nikol Paşinyan bilir ki, Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh əldə etməkdir. Onun sözlərinə görə, Paşinyanın öz xalqını razı salmağı, havadarlarının məmnun etmək üçün vaxta ehtiyacı var. Yəni, Paşinyan bu cür sülhyönümlü açıqlamalar verməkdənsə bu istiqamətdə real addımlar atmalıdır ki, buna da gücü çatmır: “Paşinyan tam mənada xalqı və ordunu idarə etməyə qadir deyil. Ermənistanda fərqli ölkələrdən maliyyələşən qüvvələr mövcuddur. Bu güclər xalq arasında iğtişaş yaradırlar. Paşinyan Qarabağın Azərbaycan olduğunu qəbul edirsə, orada qanunsuz silahlı birləşmələri çıxarmalı, onlara silah-sursat daşınmasını dayandırmalı, hələ də mina döşənməsinə son verməlidir. Azərbaycanın da səbrinin həddi var”.

Erməni iddiası…

Amma Ermənistanın siyasi palitrasında sülhə qarşı bəzi qüvvələr də tapılır ki, hətta Paşinyanın ərazi bütövlüyünü tanıması məsələsi üzərindən manipulyasiya cəhdi etməyə çalışır. Məsələn, Ermənistanın “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki deputatı Akop Aslanyan “Hraparak” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qəribə deyil, lakin gələcəyə hesablanmış addımdır. “Birincisi odur ki, bəli, hər iki tərəf, mümkünsə, bir-birinin ərazi bütövlüyünü tanısın, ondan sonra beynəlxalq ictimaiyyətin qarşısında başqa bir məsələ qaldırılacaq. Çünki burada insan haqları, insanların azadlıqları, özünün mütləq hüququndan söhbət gedir. Bu halda beynəlxalq ictimaiyyət elə bir vəziyyət yaratmağa borcludur ki, Qarabağa hər hansı kütləvi məhv olma riski olmasın”.

Erməni deputat onu da deyib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmir. “Əlbəttə, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin bundan dərhal sonra beynəlxalq ictimaiyyət bilir və anlayır ki, həmin xalqın öz müqəddəratını təyinetmə hüququ bərqərar olmalıdır”.

Əlbəttə ki, erməni deputatın söylədiklərinin siyasi əsası yoxdur - bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.  Ölkəmiz prosesin dialoq müstəvisində inkişafının, problemlərin sülh və humanizm çərçivəsində həllinin tərəfdarıdır. Əks halda, Azərbaycan üçün hər hansı “silahlı tör-töküntü” problem yarada bilməz.

Cavab çətin deyil...

Yeri gəlmişkən, hərbi ekspert general-mayor Yücel Karauz mətbuata açıqlamasında bildirib ki, bizim beynəlxalq hüquqdan doğan haqqa sahib olduğumuz üçün onların bu fəaliyyətinə anti-terror fəaliyyəti ilə cavab verməyimizin mümkünlüyünü bildirib.

Əslində, hərbi ekspertin vurğuladığı məqam olduqca mühüm məqamdır - Ermənistanın bəzi “siyasətçiləri”nin, separatçıların davranışları sülhə qarşı olan təhdidləri ortaya qoyur. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət sülhlə uzlaşmır - tam əksinə, regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və istənilmədiyi halda belə antiterror məsələsini aktuallışdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28