Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana inam və etimad böyükdür

Azərbaycana inam və etimad böyükdür

21.06.2023 [10:00]

Ədalətə əsaslanan enerji siyasəti...

Uğurlu xarici siyasət, ölkənin müsbət mənzərəsi və dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi  Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. O cümlədən son vaxtlarda respublikamızla Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb.  Prezident İlham Əliyevin Brüsselə, Sofiyaya, Tirana, Belqrada, Sarayevoya, eləcə də Avropa Aİ-nin və quruma daxil olan müxtəlif ölkələrin yüksək səviyyəli rəsmilərinin Bakıya tez-tez baş tutan səfərləri, bu səfərlər çərçivəsində aktual müzakirələrin aparılması Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ikitərəfli iqtisadi əlaqələr də uğurla inkişaf edir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.

İntensivləşən enerji dialoqu

İndiki mərhələdə respublikamızla Aİ arasında getdikcə genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyi önə keçib ki, bu da təsadüfi deyil. Hazırda artan geosiyasi gərginliklər fonunda ənənəvi təchizat zəncirinin qırılması səbəbindən “qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “köhnə qitə”nin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu müqavilə 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Mütəxəssislər isə respublikamızın qaz ehtiyatlarının daha çox olduğu barədə proqnozlar verirlər.

“Şahdəniz “ Azərbaycanın yeganə qaz yatağı deyil. Ölkəmiz yaxın perspektivdə “Şahdəniz”in istismarını genişləndirməklə yanaşı, həm də daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil etməyə hazırlaşır. Beləliklə, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu daha da artacaq. “Biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik”, - deyə dövlətimizin başçısı bildirib.

Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən “qoca qitə”yə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.

Azərbaycanın üstünlükləri

Dünyada enerji resurslarına malik olan ölkələrin sayı çoxdur. Ancaq onların bir çoxu Avropa ilə enerji dialoqu qurmaq istəsələr də, buna nail ola bilməyiblər. Açıq deyək ki, satış bazarlarına çıxmaq və burada özünü təsdiqləmək elə də asan məsələ deyil. Bəs Azərbaycanın üstünlüyü nədədir? Hansı amillərə görə respublikamız qısa müddətdə Aropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən, bütövlükdə “qoca qitə”nin enerji xəritəsini yeniləyən ölkəyə çevrilib? Bəli, respublikamızın mövqeyini gücləndirən bir sıra fundamental amillər var. Resursların zənginliyi cəlbedici faktor olsa da, respublikamıza üstünlüklər qazandıran yeganə amil deyil. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti ədalət prinsipinə əsaslanır və bu da hazırkı və potensial patnyorlarda ölkəmizə inamı atırır.

Müasir nəql marşrutuna malik olması Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Azərbaycan bir sıra təchizatçı ölkələrdən fərli olaraq nəql infrastrukturuna malikdir. Prezident İlham Əliyevin strateji baxışları bu məsələdə də, necə deyərlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanının mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verilib. Hazırda respublikamız Avropadakı istehlakçılara qaz ixracını bu kəmər vasitəsilə həyata keçirir.

Genişlənən ixrac coğrafiyası

Ötən ilin yayında imzalanan memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz qoca qitəyə 8 milyard kubmetr qazı çatdırdı. 2023-cü il üçün hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etməkdir. Həmin həcm bu il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək.

Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Bu, o anlama gəlir ki, “qoca qitə”də ölkəmizin etibarlı tərəfdaş olduğuna böyük inam var. Xüsusilə də Balkan ölkələri Azərbaycanla enerji dialoqunu genişləndirməyə çalışırlar. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Cari ildən başlayaraq bu siyahıya Rumıniya da əlavə olunub. Əgər bütün lazımi interkonnektorlar olarsa, 2023-cü ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya da qaz təchizatına start verə bilər. “Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

OPEK-lə əməkdaşlıq

Azərbaycan özünün uğurlu enerji siyasətini beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirir. O cümlədən respublikamızın ədalətli enerji siyasəti Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən yüksək dəyərləndirilir. Prezidenti İlham

Əliyev iyunun 19-da OPEC-in Baş katibi Haysam Əl-Qaysı qəbul edib. Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir. Baş katib buna görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqlarında fəal iştirak edir və üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq qalır. Buna görə də ölkəmizlə qurum arasında qarşılıqlı inam getdikcə artır. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31