Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın qalibiyyət düsturu...

Azərbaycanın qalibiyyət düsturu...

25.06.2023 [10:00]

Güc - Zaman - Beynəlxalq hüquq  

44 günlük Vətən müharibəsi xalqımızın son 200 illik tarixinin ən şanlı səhifəsini təşkil edir. Əvvəlki dövrlərdə Azərbaycan daim torpaq itkilərinə məruz qalıb. XX əsrdə İrəvan da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulub və bu dövlətin əraziləri yenə də respublikamızdan heç bir tarixi-hüquqi əsaslar olmadan alınan yeni-yeni yaşayış məntəqələri, o cümlədən də Qərbi Zəngəzur hesabına daha da genişləndirilib. Ermənistan ötən əsrin sonlarında Azərbaycana qarşı yeni ərazi iddialarını gündəmə gətirdi və havadarlarının köməyi ilə ərazilərimizin 20 faizinin işğalına nail oldu. Bu işğal düz üç onilliyi əhatə etdi. Hətta beynəlxalq təşkilatların, güc mərkəzlərinin heç bir qınağı ilə üzləşməyən Ermənistanın yüksək səviyyəli rəsmilərinin iştahaları o qədər artmışdı ki, onlar “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdilər. 44 günlük müharibədə isə Azərbaycan şanlı Zəfər qazandı və ərazi bütövlüyünü təmin etməyə nail oldu. Tarixi Zəfərimizi şərtləndirən bir sıra mühüm məqamları sadalaya bilərik -Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu amillləri müharibədən əvvəlki mərhələdə qətiyyətli siyasi iradə və müdriklik nümayiş etdirməklə məharətlə uzlaşdıra bildi.

İqtisadi müstəqilliyin təmini

İşğal illərində xoş məram nümayiş etdirərək sülh danışıqlarında fəal iştirak edən Azərbaycan paralel şəkildə müharibə hazırlıqları aparırdı. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində Döyüş bayrağını təqdimetmə mərasimində çıxışında Azərbaycanın zamanında müharibə hazırlıqları apardığına diqqət çəkərək vurğulayıb: “Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, düşmən bu günə qədər özünə gələ bilmir”.

Prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən müəyyənləşdirdiyi kursa əsasən müharibə hazırlıqları çərçivəsində ölkə iqtisadiyyatının gücləndirilməsini diqqət mərkəzində saxlayırdı. Dövlətimizin başçısı əsaslandırırdı ki, güclü iqtisadiyyat qurulmadan ordunun döyüş qabiliyyətini artırmaq da mümkün deyil. Ardıcıl şəkildə reallaşdırılan islahatlar sayəsində son 20 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.

Maliyyə imkanları artdıqca...

Eyni zamanda, ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycan təxminən 65 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Dünyada yaşanan çətinliklər fonunda öz maliyyə imkanlarını genişləndirmək, valyuta ehtiyatlarını artırmaq hər bir ölkə üçün strateji önəm daşıyır. Məlumdur ki, hazırda ayrı-ayrı dövlətlər getdikcə artan xərclərini qarşılamaqda ciddi çətinliklər çəkirlər və bu səbəbdən də nəzərdə tutulan sosial layihələrini belə ixtisar etmək məcburiyyətində qalırlar. Respublikamızın mənzərəsi isə tamamilə fərqli rakursdan diqqəti cəlb edir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində özünün strateji valyuta ehtiyatlarını ilbəil artırmağa nail olub. Bu gün Azərbaycan iqtisadiyyatı özünü yüksək səviyyədə təmin edən iqtisadiyyatdır.

Bu gün güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir. İqtisadi-maliyyə imkanları getdikcə artan Azərbaycan özünün milli maraqlarını daha qətiyyətlə qoruyur. “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İstənilən vəzifəni icra etməyə qadir ordu

Müharibədən əvvəlki mərhələdə güclü iqtisadiyyatına əsaslanmaqla müasir ordu quruculuğuna nail olması Azərbaycanın böyük uğurudur. Dövlətimizin başçısı yuxarıda bəhs olunan tədbirdəki çıxışında 44 günlük müharibədən əvvəlki mərhələdə respublikamızda həyata keçirilən ordu quruculuğundan bəhs edərək bildirib: “Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır”.

Qeyd edək ki, respublikamızda vahid komandanlığa tabe olan ordunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu, necə deyərlər, taleyin ümidinə buraxılmışdı. O dövrdə respublikamızda mövcud olan silahlı birləşmələr ayrı-ayrı siyasi partiyaların və yaxud “lider”lərin təsiri altında idi və tapşırıqları da məhz onlardan alırdılar. Ordudakı pərakəndəlik və texniki təchizatın aşağı səviyyədə olması öz növbəsində, düşmənin yeni-yeni ərazilərimizi ələ keçirməsinə şərait yaradırdı. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ordumuzun döyüş qabiliyyətinin artırılmasına hesablanan bir sıra mühüm qərarlar qəbul etdi. Onun qətiyyəti və müdrikliyi sayəsində vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev son 20 il ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi.

Müdafiə sənayesi inkişaf etdirildi...

Qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi də son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir.

Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə, getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi.

Zaman seçimi - Nəyi, necə, nə vaxt etmək lazımdır...

44 günlük müharibədə Qələbənin təmin olunmasında zamanın düzgün seçilməsi amili müstəsna rol oynadı. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu fikirləri Prezident İlham Əliyev ifadə edib. Biz son 20 ildə ölkəmizin qazandığı böyük uğurlara istinadən deyə bilərik ki, bütün starteji məqsədlərə çatılması yolunda həmişə uyğun zaman seçilib. Prezident İlham Əliyev düşmənə layiqli cavab vermək üçün uyğun zaman gözləyirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, genişmiqyaslı müharibəyə bir il əvvəl başlamaq tez, bir il sanra başlamaq isə gec ola bilərdi.

Xatırladaq ki, 44 günlük müharibəyədək Azərbaycan bir neçə dəfə öz iradəsini və gücünü düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da ermənilərə dərs olmadı.

Azərbaycanın ədalətli mövqeyi...

Biz müasir dünyada bəzən münaqişələrin həllinə həm də selektiv yanaşmanın şahidi oluruq. Bir sıra hallarda təcəvüzkar dövlətə qarşı sərt sanksiyalar dərhal işə düşür, digər hallarda isə işğalçı özünü əmin-arxayın sanır və beynəlxalq qurumlar, güc mərkəzləri onunla loyal davranırlar. Otuz ili əhatə edən işğal dövründə biz də belə ədalətsizliklə üzləşmişdik.

Bu gün biz torpaqlarımızın işğaldan azad olunmasından sonsuz qürur duyuruq. Ancaq unutmamalıyıq ki, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Otuz il ərzində beynəlxalq təşkilatlar, güc mərkəzləri, artıq dəfn olunan Minsk qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atdımı? Yox! Əslində, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT təcəvüzkar dövləti məcbur edib işğal altına aldığı ərazilərimizdən çıxartmalı idi. Bu, edildimi? Yenə də yox! Bəhs olunan qurumlar otuz il ərzində Ermənistana gözün üstdə qaşın var demədilər, onların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmədi. Ermənistan və bu ölkənin xaricdəki havadarları birləşərək işğalı əbədiyyətə qədər davam etdirməyə çalışırdılar, bundan ötrü min cür ssenarilər hazırlayırdılar. Məlumdur ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxardılmasına dair dörd qətnamə qəbul etmişdi. Həmin qətmnamələr də yerinə yetirilmədi.

44 günlük müharibədə Azərbaycan ədaləti və beynəlxalq hüququ məhz öz gücünə təmin etdi. Ermənistanın havadarları, ayrı-ayrı beynəlxalq təşkilatlar müharibə dövründə Azərbaycana müxtəlif yollarla təzyiqlər etməyə çalışırdılar. Bu sırada Fransanın canfəşanlığı xüsusilə nəzərə çarpırdı. Ancaq işğalçının yanında yer alan qüvvələr Azərbaycanı dayandıra bilmədilər. Çünki respublikamız süverenlik və ərazi bütövlüyü mövqeyindən çıxış edərkən beynəlxalq hüquq və prinsiplərə əsaslanırdı. Bizim heç bir qonşu dövlətə qarşı ərazi iddiamız yoxdur, apardığımız müharibə də ədalətli müharibə idi. Elə müharibə dövründə Azərbaycana qarşı iftiralar yağdıran, ölkəmizə sanksiyalar tətbiq edilməsini istəyənlərin əl-qolunu bağlayan da beynəlxalq hüquq, Azərbaycanın ədalət mövqeyindən çıxış etməsi oldu və ölkəmiz strateji hədəfinə çatdı. Bu gün də bizim bütövlükdə fəaliyyətimiz beynəlxalq hüquqa əsaslanır. Azərbaycan hər zaman ədalətin və həqiqətin tərəfdarı olub. Dövlət başçısı öz çıxışında bildirib ki, biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur: “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31