Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ötən 80 il və dəyişməyən BMT

Ötən 80 il və dəyişməyən BMT

06.07.2023 [10:00]

Prezident İlham Əliyev: Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq

Mübariz ABDULLAYEV

Son illər dünyanın geosiyasi mənzərəsinin sürətlə dəyişməsinə şahidlik edirik. Amansız müharibələrin, münaqişə ocaqlarının sayı durmadan artır. Beynəlxalq birlik yeni dünya müharibəsi təhdidi ilə üz-üzədir. Nüvə silahının düyməsinin basılacağı da bir an məsələsinə çevrilib. Qlobal miqyasda sülhə və təhlükəsizliyə davamlı çağırışlar edilsə də, buna sanki məhəl qoyulmur. Artan qlobal gərginliklər fonunda nəzərlər mötəbər beynəlxalq təşkilatlara, ilk növbədə isə dünyanın əksər ölkələrini öz çətiri altında birləşdirən Birləşmiş Millətlər Təşkilatına (BMT) dikilir. Bu da onunla bağlıdır ki, təsəvvürlərdə “BMT dünya nizamına cavabdeh qurumdur” obrazı formalaşıb. Reallıqda isə biz bu “cavabdeh qurum”un zəruri məqamlarda adekvat fəaliyyətlər sərgiləmədiyinin, bir sıra hallarda proseslərə, bəşəriyyət üçün taleyüklü məsələlərə belə seyirçi qaldığının şahidi oluruq. Dünyanın müxtəlif bölgələrində  milli, irqi, dini zəmində alovlanan münaqişələrin fonunda BMT-nin, necə deyərlər, heyrət doğuran susqunluq nümayiş etdirməsi təzadlı mənzərə yaradır və suallar doğurur. Əgər BMT zəruri anlarda müvafiq qərarlar qəbul etməyəcəksə və yaxud Azərbaycanın nümunəsində olduğu kimi, qətnamələrinin icrasını taleyin ümidinə buraxacaqsa, onda bu qurumun mövcudluğunun və dövlətlərin burada bir çətir altında birləşməsinin nə faydası var?

Yeni reallıqlar və tarixi zərurət

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılıb. Hazırda dünyanın 193 ölkəsi, bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Təşkilatın Nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib.  Qurumun əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Respublikamız təşkilata 1992-ci ildə qəbul olunub.

BMT-nin tarixinə aid bu kimi faktları təsadüfən xatırlamadıq. Qurumun yaranmasından 80 ilə yaxın vaxt ötüb. Səkkiz onillik ərzində yalnız zaman dəyişməyib, həm də dövlətlər dəyişib, dünyada yeni reallıqlar yaranıb. BMT-nin zamanında qəbul olunan Nizamnaməsi isə dəyişən dünyanın tələblərinə əsla cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda “dünya hökuməti” adlandırılan BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir.  Yaranan yeni reallıqlar və müasir çağırışlar fonunda BMT-də islahatların aparılması tarixi zərurətə çevrilib. BMT-də elə bir mexanizm yaradılmalıdır ki, onun qlobal güc və maliyyə mərkəzlərindən asılılığı aradan qalxsın. Mövcud Nizamnamə və TŞ-nin hazırkı strukturu ilə BMT “dünya hökuməti” funksiyasını həyata keçirmək iqtidarında deyil, daha çox “siyasi alət” qismində çıxış edir. Buradan da dünya nizamının tənzimlənməsində ikili standartlar ortaya çıxır, bütün qlobal proseslər BMT-nin iradəsi ilə deyil, əsasən güc mərkəzlərinin diktəsi ilə yönləndirilir.

Dünya beşdən böyükdür”

Analitiklər BMT-nin qlobal geosiyasi proseslərin arxasında getməsini, dişsiz quruma çevrilməsini ilk növbədə onun strukturu ilə əlaqədar olduğunu bildirirlər.  BMT TŞ-na beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Qərarların qəbul olunmasında daimi üzvlərin mövqeyi həlledicidir. Daimi üzvlərdən hansısa birinin veto hüququndan istifadə etməsi ilə zəruri qərarların təsdiqlənməsi mümkünsüz olur. Aydın məsələdir ki, daimi üzvlərin hər birinin dünyanın müxtəlif regionlarında müxtəlif maraqları var. Bu amil də prinsipial məsələlərdə fikir ayrılığı yaradır, obyektiv qərarların qəbul olunmasını əngəlləyir.  

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

A.Quttereşin etirafları

BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsi zərurəti artıq BMT-nin özündə də qəbul olunur. Bunu Baş katib Antonio Quterreş də etiraf edib. O, Xirosimada keçirilən G7 sammitində çıxış edərkən BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Baş katibin fikrincə, təşkilat artıq müasir reallıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib. Baş katib  rəhbərlik etdiyi təşkilatın strukturunu tənqid edərək deyib: “Mən çox açıq deyəcəyəm: Təhlükəsizlik Şurası Rusiya-Ukrayna  müharibəsinin qarşısını almaq və bitirmək üçün əlindən gələni edə bilmədi. Bu, böyük məyusluq və qəzəb doğurur”.

ABŞ mövqeyini dəyişir

Əvvəllər BMT TŞ-də təmsil olunan daimi üzv dövlətlər qurumun strukturunu bir tabu kimi beynəlxalq ictimaiyyətə qəbul etdirmək üçün canfəşanlıq göstərirdilər. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan reallıqlar belə israrları arxa plana keçirib. BMT TŞ-nin son iki ildə baş tutan ayrı-ayrı iclaslarında yaşananlar “dünya hökumətinin” təcavüzkarı cəzalandırmasına və yaxud A.Quttereşin etiraf ediyi kimi, müharibənin qarşısını almasına imkan verməyib.

Artıq TŞ-də təmsil olunan daimi üzv dövlətlər də o həqiqəti qəbul etmək məcburiyyətindədirlər ki, çıxış yolu strukturun yenilənməsindədir.  ABŞ Prezidenti Cozef Bayden və onun braziliyalı həmkarı Luiz İnasio Lula da Silva cari ilin əvvəlində baş tutan görüşlərində BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ideyasını dəstəkləyiblər. Bu barədə Ağ Evin mətbuat xidmətinin dövlət başçılarının Vaşinqtonda keçirilən görüşünün yekunlarına dair yaydığı birgə məlumatda bildirilib. “Liderlər BMT Təhlükəsizlik Şurasında əhəmiyyətli islahatların aparılması üçün birgə işləmək niyyətlərini ifadə ediblər”, - deyə sənəddə qeyd edilib

ABŞ və Braziliya prezidentləri Afrika, Latın Amerikası və Karib hövzəsi dövlətləri üçün daim üzv yerləri ayırmaqla BMT Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyə çağırış ediblər. Bunun BMT TŞ-nin sülh və təhlükəsizliklə bağlı ən aktual məsələləri səmərəli cavablandırmaq qabiliyyətini artıracağı gözlənilir.

Azərbaycanın israrlı islahat çağırışları

Azərbaycan BMT strukturunda islahatların aparılmasına israrlı çağırışlar edir. Bununla bağlı fikirlərini Prezident İlham Əliyev həm yerli auditoriyalarda, həm də beynəlxalq tədbirlərdəki çıxışlarında birmənalı şəkildə ifadə edib. Ölkəmizin BMT-də islahatlar aparılması ilə bağlı yanaşması heç də təsadüfi deyil. Bir neçə müqayisə aparaq: 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etdi, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başladılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt itirilmədən icra edilməsinə dair Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya,  Şərqi Timor, Ruanda təcrübəsini də xatırlada bilərik. Eyni zamanda, BMT tarixində keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı 4 qətnamənin yerinə yetirilməməsi təcrübəsi də var. Həmin sənədlər özündə Ermənistanın silahlı qüvvələrinin işğal altına alınmış Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Sənədlərin müddəalarının icrasının - işğalçı qoşunların torpaqlarımızdan çıxarılmasının təmin olunmasına 30 illik zaman lazım gəldi. Və həm də bunu BMT yox, Azərbaycanın özü 44 günlük müharibədə etdi.

Prezident İlham Əliyev BMT-də islahatların zəruriliyini növbəti dəfə iyulun 5-də Bakıda baş tutan  Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında diqqət mərkəzinə gətirib. Dövlətimizin başçısı o mövqedən çıxış edir ki, islahatlar çərçivəsində TŞ genişləndirilməlidir. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun formalaşmasında paritetlik, ədalət prinsipləri əsas götürülsün. Belə olan halda BMT hazırkı qlobal güc mərkəzlərinin inhisarından çıxa bilər və onun funksionallığı artar. Qurumda ciddi islahatların aparılmasını qaçılmaz sayan dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.

Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31