Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əsas strateji məqsəd...

Əsas strateji məqsəd...

15.07.2023 [10:00]

Qarabağın və Şərqi Zəngəzurun bərpası

Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirdiyi strateji məqsədlər sırasında 44 günlük müharibədə işğaldan azad olunan ərazilərin bərpası, burada zəruri infrastruktur quruculuğu və Böyük Qayıdış beş mühüm prioritetdən biri kimi nəzərdə tutulub. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını tez və layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı Sərəncamla təsdiqlənən müvafiq Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərin bərpası məqsədilə ölkənin potensialının səfərbər edildiyini bildirərək vurğulayıb: “Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik”.

Böyük Qayıdış proqramının birinci mərhələsi

Müharibənin başa çatmasından cəmi iki il yarım vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Ötən il qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsi məskunlaşdırılıb. Sakinlər burada yaradılan şəraitdən çox məmnundurlar. Böyük Qayıdış proqramı cari ildə də uğurla davam etdirilir. Mart ayının 16-da - əziz Novruz bayramı ərəfəsində 20 ailənin Talış kəndinə köçürülməsi təmin olundu. Üç onillik ərzində ağır köçkünlük taleyi yaşayan soydaşlarımız 30 ildən sonra doğma yurd yerlərində Novruz tonqalları yandırmağın sevincini yaşayıblar.

Laçında Azərbaycan bayrağının ucaldılması və bura soydaşlarımızın köçürülməsinə start verilməsi də əlamətdar hadisədir. Son bir neçə ayda Laçına məcburi köçkün soydaşlarımızın mərhələlərlə köçü baş tutub. Prezident İlham Əliyev doğma yurd yerlərinə qayıdan ailələrlə görüşərək onlara Özünün xeyir-dualarını verib. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.

Belə layihələrin icrası  digər ərazilərdə də həyata keçirilir. Artıq bir neçə şəhərin tikinti layihəsi hazırlanaraq Prezident İlham Əliyevin iştirakı ilə geniş ictimaiyyətə təqdim olunub. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Hazırda mədəniyyət paytaxtımız olan Şuşa böyük quruculuq meydanını xatırladır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da - ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməlqoyma mərasimi keçirilib. Böyük Qayıdış proqramının ardıcıllıqla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Qalib Azərbaycanla məğlub Ermənistanın fərqi

Müharibədən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi. Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti sırf öz gücünə təmin etdi.

Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin həyatında yeni bir səhifə açılıb. Müharibənin kədərli mirasını aradan qaldırmaq, əraziləri yenidən dirçəltmək missiyası Azərbaycan dövlətinin üzərinə düşüb. Müharibə başa çatandan sonra  məğlub Ermənistanın mətbuatında belə bir tezis dövriyyəyə buraxıldı ki, Azərbaycanın geri qaytardığı əraziləri bərpa etməyə imkanları çatmayacaq və bunun üçün ən yaxşı halda onilliklər tələb olunacaq. Bu, ermənilərin yenə də xəstə təxəyüllərinin məhsulu idi. Onların Şuşaya, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, ümumiyyətlə Qarabağa, buradakı abidələrə heç bir bağlılıqları yox idi. Əgər olsa idi, belə genişmiqyaslı dağıntılar törətməzdilər. Xalqımızı isə doğma, əziz yerlərə güclü mənəvi tellər bağlayır. Bu yerlər əcdadlarımızın məskəni olub, gələcəkdə də burada əbədi olaraq azərbaycanlılar yaşayacaqlar.

Güclü Azərbaycan dövləti müharibə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlamaqla erməniləri növbəti dəfə məyus etdi. Burada da qalib Azərbaycanla məğlub Ermənistanın fərqi aydın şəkildə nəzərə çarpır. Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan heç bir iqtisadi inkişafa nail olmayıb. Azərbaycan isə geniş maliyyə imkanlarına malik ölkədir və tam müstəqil siyasət həyata keçirir. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasında da Azərbaycana kənardan yardım, kömək göstərilmir. “Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infras?ruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Maliyyə imkanlarımız genişlənir

Qarabağın və Şərqi Zəngəzurun bərpasının, Böyük Qayıdış proqramının həyata keçirilməsinin prioritetliyi gələn ildə də təmin olunacaq. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, vəsaitlərə qənaət edilməsinin zəruriliyinə də diqqət çəkib. Sitat: “Gələn ilin investisiya proqramı hazırlananda, - yaxın gələcəkdə biz artıq gələn ilin büdcəsini də müzakirə etməyə başlayacağıq, - əlbəttə ki, Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxacağıq və elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək. Yenə də deyirəm bizim maliyyə imkanlarımız genişlənir. Amma o demək deyil ki, bizim bu sahədə problemlərimiz yoxdur. Ölkə qarşısında duran bir çox vəzifələr var. İn?rastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində”.

Heydər Əliyev Fondunun töhfələri

Qarabağın və Şərqi Zəngəzurun bərpasına birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri də kifayət qədər böyükdür. Fond işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin təmsilçisi kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Dövlətimizin başçısı bildirib ki, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun işğaldan azad edilmiş ərazilərdə reallaşdırdığı layihələrin sayı kifayət qədər çoxdur. Məsələn, Heydər Əliyev Fondu tərəfindən Şuşada Mehmandarovların malikanə kompleksi bərpa olunub. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.

Mir Möhsün Nəvvab Qarabağinin məzarı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında həmçinin Yuxarı Gövhər Ağa məscidinin yenidən qurulması, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının bərpası layihələrini uğurla reallaşdırıb. Mayın 10-da isə dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin

Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31