Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm /  Növbəti diplomatik qələbə

 Növbəti diplomatik qələbə

18.07.2023 [10:25]

Sülhün şərtlərini Azərbaycan müəyyənləşdirir

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində vasitəçilik edən Brüssel formatı çərçivəsində növbəti görüş baş tutub. İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşdə söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Daha bir beynəlxalq dəstək

Vətən müharibəsində qazandığı inamlı Qələbə sayəsində regionda yeni reallıqlar yaradan və əsas söz sahibinə çevrilən qalib Azərbaycan postmüharibə dövründə diplomatik müstəvidə də respublikamızın mövqelərinin möhkəmlənməsini hədəfləyən əməli addımlar atır. Biz son vaxtlarda müxtəlif platformalarda aparılan danışıqlarda ölkəmizin mövqeyinin və Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin dəstəkləndiyinin şahidi oluruq ki, bu da təsadüfi deyildir. Dünyanın gözü qarşısında iki fərqli nümunə var. Məğlub Ermənistanın sülhyaratma prosesinə yanaşması perspektivi olmayan revanşizmə, arqumentsiz iddialara əsaslanır və bu kimi səbəblərə görə də qəbuledilməzdir. Qalib Azərbaycan isə bunun qarşılığında səbrlə davranır, postmüharibə dövründə sülhyaratma prosesinin irəliləməsinə böyük səy göstərir və buna özünün töhfələrini verməyə çalışır. Respublikamızın yanaşması kifayət qədər ədalətli və obyektivdir. Dünya təcrübəsindən bəllidir ki, müharibənin qalib tərəfi olan dövlətlər bir qayda olaraq qarşı tərəfə öz şərtlərini diktə edir, imtiyazlar istəyir. Qalib Azərbaycan isə sülhyaratma prosesini şərtlər diktə etməklə yox, beynəlxalq hüquqa və prinsiplərə əsaslanmaqla irəli aparmaq istəyir. Ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Cənubi Qafqaza, nəhayət ki, sülh gəlməli, sabitliyə, təhlükəsizliyə təhdid hallarına son qoyulmalıdır. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, artıq Qarabağ problemi tarixdə qalıb. Postmüharibə dövründə bütün səylər Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına fokuslanmalıdır və bundan ötrü mümkün qədər tez bir zamanda sülh sazişi imzalanmalıdır. Ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan belə obyektiv yanaşması bütün dünyada qəbul olunur və təqdir edilir.

Ən əhatəli və mürəkkəb mərhələlərdən biri...

Brüssel formatı isə postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində mühüm əhəmiyyət daşıyır. İndiyədək bu platforma çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin müxtəlif məkanlarda bir neçə görüşü baş tutub. İyulun 15-də Brüsseldə keçirilən görüş sayca altıncıdır. Xatırladaq ki, Brüssel formatında liderlərin ilk görüşü 2021-ci il dekabrın 14-də baş tutub.

İndiyədək Brüssel formatında aparılan bütün müzakirələrdə olduğu kimi, son üçtərəfli görüşdə də Azərbaycanın reallığa, tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi dəstəklənib. Şarl Mişelin  üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasının müddəalarına istinadən deyə bilərik ki, respublikamız növbəti diplomatik uğura imza atıb. Məğlub Ermənistan isə bu görüşün də autsayderi qismində çıxış edib. Ermənistan rəsmilərinin və Fransa başda olmaqla bu ölkənin havadarlarının müxtəlif manipulyasiyalarla sülhyaratma prosesinə pəl vurmaq cəhdləri bir nəticə vermir. Sülhə gedən yolda proseslər dönməzdir, artıq geriyədönüş mümkün deyil. Şarl Mişel aparılan son müzakirələri mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamı kimi səciyyələndirib. Avropa İttifaqı Şurasının Prezidentinin mətbuata açıqlamasından da göründüyü kimi, Azərbaycanın davamlı sülhün təmin olunmasına yönələn səyləri beynəlxalq səviyyədə təqdir edilir, o cümlədən də Ermənistanın özü də respublikamızın mövqeyini qəbul etmək məcburiyyətindədir. Çətin olsa da, proses irəliləyir və artıq yolun müəyyən hissəsi arxada qalıb, keyfiyyətcə yeni bir fazaya keçid ərəfəsindəyik. “Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim”, - deyə Şarl Mişel vurğulayıb.

Suverenlik və ərazi bütövlüyü

Dövlətlərin suverenliyi və ərazi bütövlüyü Azərbaycan üçün qırmızı xəttdir. Son 30 il ərzində respublikamız keçmiş “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı aparılan bütün müzakirələrdə suverenlik və ərazi bütövlüyü məsələsini qəti və dəyişməz şərt kimi irəli sürüb, heç vaxt öz mövqeyindən geri çəkilməyib. Təəssüf ki, biz əvvəlki dövrlərdə keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nə yanaşmalarda ikili standartlara şahidlik edirdik. Danışıqlar prosesində hər şey heç də öz adı ilə çağırılmırdı, təcavüzkarla işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyulurdu, suveren ölkənin ərazilərini zor gücünə öz nəzarəti altına keçirən, burada ağlasığmaz vandalizm əməlləri törədən Ermənistana qarşı sanksiyalar tətbiq olunmurdı. Belə cəzasızlıq mühitində işğalçı dövlət BMT TŞ-nin dörd məlum qətnaməsini yerinə yetirməməyə özündə cəsarət tapdı, hətta bir qədər də qabağa gedərək “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməyə başladı. Təcavüzkar cəzalandırılmalı idi və bunu Azərbaycan öz gücünə etmək məcburiyyətində qaldı. 44 günlük müharibənin nəticəsi olaraq respublikamız suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Bu Qələbə son 200 illik tariximizin ən parlaq Zəfəridir. Qalib Azərbaycan postmüharibə dövründə ardıcıl səylər hesabına Ermənistanın suverenliyimizi və ərazi bütövlüyümüzü diplomatik müstəvidə də tanımasına nail olur. Postmüharibə mərhələsinin ilk vaxtlarında reallıqla barışmaq istəməyən Ermənistan yenə də havadarlarından, müxtəlif beynəlxalq təşkilatlardan dəstək almaq üçün çabalar nümayiş etdirirdi. Ancaq belə çabaların hansısa bir əsasları yoxdur. Beynəlxalq səviyyədə küncə sıxışdırılan Ermənistan lideri Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmək məcburiyyətində qalıb. O, son vaxtlarda  bir neçə dəfə, o cümlədən də daxili auditoriya qarşısında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını açıq mətnlə ifadə edib. N.Paşinyanın daxili auditoriya qarşısında Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi bu ölkənin reallıqla barışmaq məcburiyyətində qaldığını açıq şəkildə ortaya qoyur. Son Brüssel görüşündə liderlər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə dəstək ifadə ediblər. Bunu diqqətə çatdıran Şarl Mişel “Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər”, - deyə bildirib.

Növbəti vacib məsələ:  Delimitasiya

Azərbaycanın sülhyaratma prosesində israr etdiyi növbəti vacib məsələ sərhədlərin demarkasiya və delimitasiya olunmasıdır. Müharibədən sonrakı mərhələdə Ermənistan silahlı qüvvələrinin əl atdığı təxribatlar məsələnin aktuallığını bütün ciddiliyi ilə ortaya qoyur. Bu ölkənin işğal dövründə sərhədləri pozduğu, xətləri respublikamızın ərazilərinə doğru irəli çəkdiyi heç kəsə sirr deyil. 30 ilə yaxın davam etmiş işğal dövründə Ermənistan, həmçinin Azərbaycanın İranla olan 130 kilometrlik sərhədinə nəzarəti də özünə keçirmişdi. 44 günlük müharibədə qazanılan Qələbə sayəsində biz artıq dövlət sərhədlərimizə çıxmışıq və orada möhkəmlənirik. Son iki il yarımda respublikamız sərhədlər boyunca müasir zastavalar yaratmağa, yeni təminat yolları çəkməyə, bir sözlə təhlükəsizlik zolağı formalaşdırmağa nail olub. Ermənistan Azərbaycanın öz sərhədləri boyunca möhkəmlənməsini həzm edə bilmir və davamlı olaraq təxribatlara əl atır. Azərbaycan isə düşmənin təxribatlarının qarşısını qətiyyətlə alaraq yeni mövqelərdə möhkəmlənib. Qalib Azərbaycan həm güc yolu, həm də diplomatik vasitələrlə qarşı tərəfə anladır ki, təxribatlar ölkəmizin mövqeyinə əsla təsir göstərə bilməz. Sərhədlər mümkün qədər tez müəyyənləşdirilərək demarkasiya və delimitasiya olunmalıdır. Yenə də Bakının yanaşması beynəlxalq normalara əsaslanır. Yaxşı haldır ki, artıq bu istiqamətdə də Ermənistanın mövqeyində müəyyən dəyişiklikləri izləmək mümkündür. Xatırladaq ki, 2022-ci il 6 oktyabr tarixində  Praqada Brüssel formatı çərçivəsində keçirilən görüşdən sonra verilən bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqliklərini təsdiq edirlər. Praqa sammitində əldə olunan razılaşma sonrakı müzakirələrdə inkişaf etdirilib. Şarl Mişel mətbuata açıqlamasında bildirib ki,  hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər. “Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.

Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti əlavə edib.

İlk dəfə idi ki...

Şarl Mişel mətbuata açıqlamasında gündəliyin digər vacib məsələlərinə də diqqət çəkib. Bu sırada humanitar yardımlar, hüquq və təhlükəsizlik, saxlanılanlar kimi məsələlər yer alır. Şarl Mişel vurğulayıb ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımlarla bağlı müzakirələr aparılıb. Məlumdur ki, Ermənistan rəsmiləri Xankəndidə yaşayan ermənilərin “blokadaya alındığı” barədə süni gündəm yaratmağa cəhd göstərirlər. Belə iddiaların heç bir əsası yoxdur. Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün daim açıq olub. O başqa məsələdir ki, qarşı tərəf bu yoldan silah-sursat daşıyıb, qaçaqmalçılığa əl atıb. Azərbaycan Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurmaqla belə qanunsuz fəaliyyətlərin qarşısını alıb. Ermənistan tərəfindən bunun dünya ictimaiyyətinə “erməni əhalinin blokadaya alınması” anlamında təqdim etməsi isə tamam absurd iddiadır. Sərhəd-keçid məntəqəsi qurmaq Azərbaycanın suveren hüququdur və ölkəmiz də bu hüququndan istifadə edib. Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, Şarl Mişel Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini xüsusi vurğulayıb. İlk dəfədir ki, Avropa İttifaqı Şurasının rəsmisinin yaydığı sənəddə respublikamızın “Xankəndidə yaşayan erməni əhalinin təminatının Azərbaycan üzərindən həyata keçirilməsi” təklifi yer alıb. Şarl Mişel, həmçinin Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir və onların hüquqlarının qorunmasına təminatlar verir.

Gələcək nəqliyyat razılaşmalarının şərtləri...

Beynəlxalq platformalarda aparılan müzakirələrdə kommunikasiyaların açılması da mütəmadi olaraq müzakirəyə çıxarılır. Məsuliyyətli dövlət olan Azərbaycan regionda bütün kommunikasiyaların açılmasının tərəfdarıdır. Ölkəmiz bu məsələ ilə bağlı həssas yanaşma ortaya qoyur. Ermənistan isə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır. Deyə bilərik ki, masada Ermənistanın kommunikasiyalarla bağlı qeyri-konstruktiv mövqeyi də rədd edilir. Bunu Şarl Mişelin mətbuata açıqlamasından da görmək mümkündür. “Bu məsələyə gəldikdə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.

Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”, - deyə Avropa İttifaqı Şurasının rəsmisi bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31