Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan sülh prosesinə sadiqdir

Azərbaycan sülh prosesinə sadiqdir

19.07.2023 [10:00]

Ermənistan isə öhdəliklərin icrasından yayınır

Mübariz ABDULLAYEV

Üçtərəfli Bəyanatın yerinə yetirilməmiş maddələri - Rusiya İrəvana niyə çağırışlar etmir?

Qonşu Rusiya 44 günlük müharibənin bitməsini bildirən üçtərəfli Bəyanatın imzalanmasında xüsusi vasitəçilik missiyası həyata keçirib. Həmin sənəddə qalib Azərbaycanla məğlub Ermənistan arasında postmüharibə mərhələsində münasibətlərin tənzimlənməsi ilə bağlı bir sıra mühüm müddəlar yer alıb. Üçtərəfli Bəyanatla Rusiyanın da məsuliyyət dairəsi müəyyənləşdirilib və bu ölkə də üzərinə müəyyən öhdəliklər götürüb. Təəssüfləndirici haldır ki, bəyanatın imzalanmasından ötən dövrdə Ermənistan üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməyib. Bu məsələdə vasitəçi rol alan Rusiya isə rəsmi İrəvanı öz öhdəliklərini yerinə yetirməyə çağırmaq yerinə... İyulun 15-də Brüssel sülh gündəliyi çərçivəsində aparılan danışıqlarla eyni vaxtda Moskvadan səslənən bəyanat bir sıra hallarda birmənalı qarşılana bilməz. Ölkəmizin Rusiyanın vasitəçilik misyasını təqdir etdiyini, həmçininüçtərəfli Bəyanata sadiq qaldığını Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə ifadə edib - amma Rusiya tərəfindən ifadə olunan bəzi fikirlər qonşu dövlətin vasitəçilik missiyası ilə uyğun gəlmir.  

Sülhyaratma prosesindəki yeni reallıqlar...

Son dövrlərdə bir sıra məqamlar üzrə Ermənistanın mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur - rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımaqla münasibətlərin normallaşması prosesinə mühüm bir irəliləyiş qazandırıb. 2022-ci ilin oktyabrında Praqada səsləndirilən, 2023-cü ildə baş tutan son Brüssel görüşlərində də təkrar edilən və daha detallı şəkil alan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması, 1991-ci il Almatı Bəyannaməsinə sadiqlik kimi addımlar mühüm əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə daxili auditoriyası qarşısında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını açıq mətnlə ifadə edib. N.Paşinyanın daxili auditoriya qarşısında Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi isə bütün suallara cavab verir. Son Brüssel görüşündə sonra mətbuata açıqlamasında Aİ Şurasının Prezidenti Şarl Mişel də “Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər”, - deyə bildirib.

Bu kimi faktlar sülhyaratma prosesində yeni reallıqlar yarandığını əyani şəkildə təsdiqləyir Ancaq belə görünür ki, Rusiya bəzi hallarda bu reallıqları, müşahidə edilən müsbət dinamikanı görmək istəmir. Bu mənada, Rusiya XİN-in regionumuzdakı vəziyyətlə bağlı yaydığı bəyanatda həqiqətdən və reallıqdan uzaq məqamlar yer alıb. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur. Qeyd olunub ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.  

Ardıcıllıq müşahidə olunmur... Qalib Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh prosesinin irəliləməsi istiqamətində əməli addımlar atır. Qeyd edildiyi kimi, ölkəmiz üçtərəfli bəyanata daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi sənədin bir çox müddəalarını yerinə yetirməyib. Bunun qarşılığında Rusiya tərəfi də Ermənistanın öhdəlikləri yerinə yetirməməsinə yumşaq şəkildə desək, göz yumub. Halbuki...

Hələ müharibə dövründə prezident Putin birmənalı şəkildə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq mətnlə dəfələrlə ifadə etmişdi. Rusiya platformasında baş tutan görüşlərdə isə bunun əksi ifadə edilməyib. Düzdür, bəzi hallarda rəsmi Moskvanın müəyyən manipulyasiya cəhddləri nəzərə çarpıb ki, bunun qarşısı Azərbacyan tərəfindən qətiyyətlə alınıb. Bəzi hallarda siyasi manevrlə fərqli tezislərə əsaslanan fikirlərə istinad müşahidə olunsa da, Azərbaycanın dəyişməz mövqeyi bu kimi halları istisna edib.

Öhdəliklərin yerinə yetirilməməsi...

Rusiyanın ötən ilin sonunda, bu ilin əvvəlində Ermənistandan Qarabağa daşınan silahlarla bağlı məsələyə loyal münasibəti, Ermənistanın isə öhdəlikləri nəinki yerinə yetirməməsi, hətta onu kobudcasına pozması Azərbaycanı bir sıra addımlar atmağa sövq etdi.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda hələ də qalan erməni silahlıları bəhs olunan ərazidə bir neçə dəfə silahlı təxribatlar törədiblər. Onlar, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərində postmüharibə dövründə də mina terrorunu davam etdiriblər. Ötən iki il yarımda Laçın dəhlizi ilə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşınıb və həmin sursatlar ən ağlagəlməz yerlərdə basdırılıb. Bütün bunlardan başqa, Moskvadan Xankəndinə xüsusi gündəliklə göndərilən Ruben Vardanyan bu gün də ölkəmizə qarşı əsassız iddialar səsləndirir, faktiki olaraq erməni əsilli Azərbaycan vətəndaşlarını itaətsizliyə çağırır. Son günlərdə Xankəndidəki separatçı rejimdə yer alan cinayətkar ünsürlər tərəfindən Azərbaycana qarşı aqresiya çağırışları intensivləşib. Keçirilən mintinqlərdə hətta növbəti təxribatların, silahlı qarşıdurmaların, revanş cəhdlərinin anonsu edilir. Bütün bunlar Rusiya sülhməramlı kontingentinin komandanlığının gözləri önündə baş verir. Bu kimi hallar isə  birmənalı şəkildə Ermənistanın üzərinə götürdüyü, Rusiyanın isə buna nəzarət etməli olduğu öhdəliklərin havada qalmasından qaynaqlanır.

Qanunsuz erməni hərbi birləşmələri niyə tərksilah edilmir?

Üçtərəfli Bəyanatın 4-cü maddəsində qeyd olunub: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Rusiya sülhməramlı kontingenti artıq iki ildən çoxdur ki, Azərbaycan ərazilərində müvəqqəti qaydada yerləşiblər. Ancaq Xankəndi və bir sıra digər yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin mövcudluğu davam edir. Bu silahlı birləşmələr özlərini o qədər sərbəst hiss edirlər ki, hətta təxribatlara əl atmaqdan belə çəkinmirlər. Həmin quldur dəstələri iki il yarım ərzində niyə tərksilah edilməyib? Bunun əvəzində biz hansı prosesləri müşahidə edirik? Sülhməramlı kontingent separatçılara daşınan silah-sursatı, silahlı quldur dəstələrinin yerdəyişmələrini təmin etməsini və bu kimi digər mənfi prosesləri müşay?ət edir. Və ardından da...

Azərbaycan özünün suveren hüququndan istifadə etməklə Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi qurub. Bunsuz təhlükəsizliyə nəzarət etmək, separatçıların silah-sursat daşımasının qarşısını almaq mümkün deyil. Rusiya tərəfi isə üçtərəfli Bəyanatın müddəalarına zidd davranışlar ortaya qoyaraq özünün bəyanatlarında “Laçın dəhlizi” ilə bağlı əsassız iddialar səsləndirir.  

Kommunikasiyaların açılmasına məsuliyyətsiz münasibət...

Üçtərfli Bəyanatın doqquzuncu bəndində bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Azərbaycan postmüharibə dövründə dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Respublikamız, həmçinin Naxçıvanla kommunikasiya əlaqələrinin bərpasına qısa müddətdə nail olmaq üçün Zəngəzur dəhlizinin avtomobil və dəmir yolları seqmentləri üzrə layihələrin reallaşdırlmasına start verib. Biz burada da Ermənistanın məsuliyyətsiz davranışlarının şahidi oluruq.  İndiyədək bu ölkədə kommunikasiyaların açılması istiqamətində hansısa bir addım atılmayıb. Üzərinə öhdəliklər götürən Rusiya nə üçün üçtərfli Bəyanatın bu və ya digər şərtlərini pozan Ermənistana qarşı məcburetmə mexanizmlərini işə salmayıb? Azərbaycana qarşı əssasız fikirlər səsləndirməmişdən öncə Rusiya ilk növbədə öz məsuliyyəti barədə düşünməlidir.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31