Yeni bir Qarabağ, yeni bir Zəngəzur formalaşır
02.08.2023 [10:10]
Cəbrayıl şəhərinin Baş planı təsdiqlənib
Tarixi anlara şahidlik edirik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz şanlı Qələbəyə imza ataraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu, son 200 illik tariximizin ən parlaq səhifəsidir. Xalqımız bu Qələbə ilə daim qürur duyacaq. Müharibə başa çatandan dərhal sonra isə işğaldan azad edilmiş 11 min kvadratkilometrdən çox ərazidə genişmiqyaslı quruculuq-abadlıq işlərinə start verilib. İşğal illərində ermənilərin daşı-daş üstündə qoymadıqları həmin ərazilər hazırda böyük tikinti meydanını xatırladır. Həm yeni yanaşmalar, innovativ texnologiyalar tətbiq edilməklə müasir infrastruktur qurulur, həm də yaşayış məntəqələri, şəhər və kəndlər bərpa olunur. Göz önündə yeni bir Qarabağ, yeni bir Zəngəzur formalaşır. Bu günlərdə daha bir xoş xəbər aldıq - Nazirlər Kabinetinin 25 iyul 2023-cü il tarixli 238 nömrəli Qərarı ilə Cəbrayıl şəhərinin Baş planı təsdiqlənib.
“Böyük Qayıdış” hədəfi
44 günlük müharibəyədək Azərbaycan dövləti və xalqımız üçün əsas milli ideya torpaqlarımızın işğaldan azad olunması, ölkənin ərazi bütövlüyünün bərpa olunması ilə bağlı idi. Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq məhz bu ideya ətrafında birləşmişdi. Artıq bu mərhələni şərəflə keçmişik. Vətən müharibəsinin nəticələrinə uyğun olaraq torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edilib.
Hazırkı strateji mərhələdə isə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Yaxın 10 il üçün belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq insan öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. On illər boyu tikib qurduqları mülklərini itirən həmin insanlar üç onillik ərzində çətin şəraitdə yaşadılar, qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar düz üç onillik ərzində doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.
Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Güclü dövlət olan Azərbaycan artıq Böyük Qayıdış prioritetinin reallaşdırlmasına start verib. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 2022-ci ilin may ayında ilk ailələr köçürülüb. Eyni zamanda, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə ağır qaçqınlıq və məcburi köçkü?lük taleyi yaşamış soydaşla?ımızın köçü baş tutub. Cari ilin sonunadək Füzuliyə də ilk qayıdışın baş tutacağı gözlənilir. Perspektivdə isə bu prosesin əhatə dairəsi yeni ünvanlar hesabına daha da genişlənəcək. “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”, - deyə Prezident İlham Əliyev Ağdamda keçirilən Milli Şəhər Forumundakı çıxışında bildirib.
Şəhərlərin baş planı təsdiqlənir
Azərbaycan işğaldan azad olunmuş ərazilərini dünyanın ən gözəl guşələrindən birinə çevirməyi qarşıya məqsəd qoyub. O cümlədən bir vaxtlar çiçəklənən, işğal dövründə isə erməni vandalları tərəfindən xarabalığa çevrilən şəhər və kəndlərin bərpasında dünyadakı ən son yeniliklər, müasir standartlar əsas götürülür. Prezident İlham Əliyev postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə bütün yaşayış məntəqələrinin planlı şəkildə bərpa edilməsinə dair tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının verdiyi tapşırıqlar həm layihələndirmə zamanı, həm də tikintinin gedişində nəzərə alınır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir. Yeni layihələr hazırlanarkən tarixi ənənələr və müasirlik əsas götürülür. Təbii ki, işğala məruz qalan hər bir şəhər özünəməxsus cəhətləri və spesifik memarlıq həlləri ilə fərqlənib. Bərpa layihələrində bu koloritin gözlənilməsi diqqət mərkəzində saxlanılır.
İndiyədək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ayrı-ayrı şəhərlərin, o cümlədən də mədəniyyət paytaxtımız Şuşanın Baş planının təqdimat mərasimləri keçirilib. Sonuncu belə əlamətdar hadisə 28 may 2023-cü il tarixində baş tutub - həmin gün Laçın şəhərinin Baş planı dövlətimizin başçısına təqdim olunub. Prezident İlham Əliyev yuxarıda bəhs olunan forumdakı çıxışında məmnunluq hissi ilə bildirib ki, bütün şəhərlərin Baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanmış və təsdiqlənmişdir.
4 mərhələdə inkişaf
Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhər də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. İşğalı nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb. 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələr erməni vandalizminə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü, 28 su anbarı, 32 nasos stansiyası, 65 km qaz kəməri, 11 tikinti müəssisəsi düşmən əlinə keçib. Ümumiyyətlə, işğal nəticəsində rayona 5.346.654.240 AZN dəyərində ziyan vurulub. 1988-ci ildən 1993-cü ilə qədər erməni qəsbkarlarına qarşı mərdliklə döyüşən Cəbrayıl rayon sakinlərindən 400-ə yaxını şəhidlik zirvəsinə ucalıb ki, onlardan da 13 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qanlı-qadalı döyüşlər nəticəsində rayon üzrə 8 uşaq müharibədə hər iki, 207 uşaq isə valideynlərindən birini itirib. Torpaqların müdafiəsində qəhrəmanlıq göstərmiş rayon sakinlərindən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində 52604 (hazırda 80032) Cəbrayıl rayon sakini ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşıb
Vətən müharibəsinin ilk günlərindən başlayaraq Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi mərhələlərlə işğaldan azad edilib. Rayonun digər yaşayış məntəqələri kimi, Cəbrayıl şəhəri də 27 il ərzində işğalçılar tərəfindən urbisid və ekosidə məruz qalıb. Nəticədə, mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib. Rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək ozünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.
Qeyd olunub ki, işğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.
Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15.000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
Əhalinin məşğulluğunun təmin edilməsi prioriteti
Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22,87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.
Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.
Ən müasir təhsil və səhiyyə obyektləri
Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.
Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

