Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın ikinci paytaxtı, Aranın baş şəhəri

Azərbaycanın ikinci paytaxtı, Aranın baş şəhəri

12.08.2023 [10:30]

BƏRDƏ

Mübariz ABDULLAYEV

Bərdənin gözəlliyi, abadlığı həmişə dillərdə dastan olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvi qədim Bərdəni vəsf edərək yazırdı:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Bu vəsfi həm də Bərdənin bu gününə aid etmək mümkündür. Müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını  son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin olunduğu Bərdə rayonunun timsalında da izləmək mümkündür. Son illərdə burada o qədər genişmiqyaslı quruculuq, abadlıq işləri həyata keçirlib ki, bu gün nə Bərdə şəhəri, nə də rayonun qəsəbə və kəndləri heç bir halda əyalət yaşayış məntəqələri təəssüratı yaratmır. Bərdə qədimliyini qoruduğu, tarixi irsimizi yaşatdığı kimi, həm də yeniləşməyə istiqamət götürməsi və özünəməxsus elementləri ilə fərqlənən müasir siması ilə diqqət çəkir. Bu günlərdə Prezident İlham Əliyev regionlara səfəri çərçivəsində növbəti dəfə Bərdəyə gələrək burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunub. Ərazisi 957 kv.km-ə bərabərdir. Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir. Rayon ərazisi arxeoloji və tarixi-mədəni abidələrlə zəngindir.

Rayonun inzibati mərkəzi 1948-ci ildə rayon tabeli şəhər status almış Bərdə şəhəridir. Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4-5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Tarixi qaynaqlara görə, Bərdə Qəbələdən sonra Azərbaycanın (Qafqaz Albaniyasının) ikinci paytaxtı olub. Şəhər bəzi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlandırılıb.

Bərdənin təcrübəsi respublika miqyasında öyrənilir

Rayonda kənd təsərrüfatının əsasını əkinçilik və maldarlıq  təşkil edir. Əsas təsərrüfat sahəsi isə taxılçılıq və pambıqçılıqdır.  Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artıb. Bərdə rayonu yerli əhalini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri daxili resurslarla, çörəklə təmin etmək imkanına malikdir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır.

Müstəqillik illərində Bərdədə aqrar islahatlar uğurla başa çatdırılıb.  43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilib. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərib. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar. Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilərək yayılıb.

2023-cü ilin yanvar-iyun aylarında Bərdə rayonunda 232 milyon 733 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, onun 130 milyon 830,9 min manatı və ya 56,2 faizi bitkiçiliyin, 101 milyon 902,1 min manatı və ya 48,3 faizi heyvandarlığın payına düşür. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb.

Bərdəli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Taxıl biçinini başa çatdıran istehsalçılar sahələrdən 60 min 385 ton buğda, 17 min 885 ton arpa toplayıblar. Bundan başqa indiyədək 1518 ton qarğıdalı, 1600 ton kartof, 86 min 540,5 ton tərəvəz, 34 min 820 ton bostan məhsulları, 51 min 020 ton meyvə və giləmeyvə yığılıb. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 45,8 sentner, arpa üzrə 41,7 sentner, qarğıdalı üzrə 81,2 sentnerdir.

Pambıqçılığın inkişafı

Qeyd etdiyimiz kimi, Bərdə rayonunda kənd təsərrüfatının mühüm bir qolunu pambıqçılıq təşkil edir. Burada pambıqçılığın böyük ənənələri var.1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı xatırlayırlar:  Həmin illərdə respublikanın rəhbəri ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi. Ulu Öndər 1969-cu ildə respublikanın rəhbərliyinə gələndə Azərbaycanda ildə cəmi 300 min ton pambıq tədarük edilirdi. Heydər Əliyev gərgin səylər sayəsində bu rəqəmi 3 dəfə artırmağa nail odu. 1981-ci ildə Azərbaycanda illik pambıq tədarükü bir milyon ton çatdırıldı. Ulu Öndər dəfələrlə Bərdəyə gələrək burada pambıqçılığın inkişafı ilə bağlı zona müşavirələri keçirmişdi. Bəhs olunan dövrdə Bərdədə pambığın illik tədarükü 120 min tona çatmışdı.

Lakin müstəqilliyimizin ilk illərində respublikamızda iqtisadiyyatın digər sahələri kimi, pambıqçılıq da tənəzzülə uğradı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda illik pambıq tədarükü 500 min tona düşdü. Bunun səbəblərindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət - AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır”.

Müstəqillik illərində respublikamızda pambıqçılığın keçmiş şöhrətinin geri qaytarılması bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır.  Dövlətimizin başçısı əmək tutumu böyük, gəlir imkanları geniş olan bu sahənin inkişafını ölkədə aqrar sektorun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir. Prezident İlham Əliyev 2016-cı ildə Sabirabad, 2017-ci ildə Saatlı, 2018-ci ildə Bərdə şəhərlərində olmaqla pambıqçılığın inkişafına dair ümumrespublika müşavirələri keçirdi. Mövcud vəziyyət təhlil edildi, hədəflər, yeni dəstək mexanizmləri müəyyənləşdirildi,  ayrıca Dövlət Proqramı qəbul olundu. Nəticələr özünü çox gözlətmədi. Ölkə üzrə pambıq tədarükü ilbəil artır. 2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib. Ötən mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də tarlalardan 35259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.

Respublika üzrə pambıqçılığın inkişafını Bərdə rayonunun timsalında da izləmək mümkündür. 2015-ci ildə rayonda 1162 hektar sahədə pambıq əkilərək cəmi 3400 ton məhsul istehsal edildiyi halda, 2022-ci ildə 11038,1 hektar sahədə pambıq əkilib və hər hektardan 32,6 sentner olmaqla 35950 ton pambıq tədarük edilib. İstehsal 2015-ci ilə nisbətən 10,6 dəfə artıb. Artım tendensiyasının 2023-cü ildə də davam edəcəyinə böyük ümidlər var.

Parklar şəhəri Bərdə

Son 20 ildə regional inkişaf proqramları çərçivəsində Bərdədə iqtisadi və sosial təyinatlı infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, həyata keçirilən layihələrin bir çoxu yaşayış məntəqələrinin abadlaşdırılmasını, burada insanlar üçün hər cür rahatlıqların və istirahət şəraitinin yaradılmasını əhatə edib. Bu gün Bərdəni həm də parklar şəhəri kimi səciyyələndirə bilərik. Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm alıb. Burada tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılıb. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin pannosu qoyulub. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılıb, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılıb, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilib. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmayıb, onlar üçün əyləncə meydançaları yaradılıb, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılıb. Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılıb.

Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkının da siması tamam dəyişib. Parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunur. Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulub, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulub. Burada yeni bayraq dirəyi qurulub. Onun hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır. Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunub, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və bəzək kolları əkilib. Burada bulaq kompleksləri yaradılıb. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkündür. Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılıb.

Bərdədə Heydər Əliyev prospektində yaradılan Nüşabə parkı həm şəhərin qədimliyini, həm də müasirliyini simvolizə edir. Burada dahi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli ucaldılıb.  Parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olub. Bərdə rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişib. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Burada mövzusu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından götürülmüş 7 tablo hazırlanıb. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunub.

Ulu Öndərin xatirəsinə böyük ehtiramın ifadəsi

Sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni yaradılan  park-bulvar kompleksi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu kompleks Gəncə şəhərindəkindən sonra respublika üzrə ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.

Hakimiyyətdə olduğu bütün dövrlərdə Bərdəyə xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderin adına layiq mədəniyyət və istirahət parkının yaradılması təşəbbüsü bərdəlilərin Ulu Öndərin əziz xatirəsinə ehtiramının ifadəsidir. Elə bu ərazidə 1979-cu ilin sentyabrında Ulu Öndərin öz əli ilə əkdiyi sərv ağacının indiyədək qorunub mühafizə olunması da Ümummilli Liderin xatirəsinə ehtiramın bir nümunəsidir. Ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev də kompleksin ərazisində ağac əkib.

Bərdədə DOST mərkəzi

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Xatırladaq ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır.

Bərdədə istifadəyə verilən Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.

Hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.

Bərdəyə səfəri çərçivəsində Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub.  Dövlətimizin başçısına məlumat verilib ki, Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.

Tədbirdə bildirilib ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.  Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb.

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verilib. Qeyd olunub ki, indiyədək 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhalidən 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib.

Paylaş:
Baxılıb: 756 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31