Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni mərhələnin başlanğıcı...

Yeni mərhələnin başlanğıcı...

19.08.2023 [10:10]

Müzakirələrin nəticələri və regionun gələcək inkişafı üçün BMT-nin “rəy”i

BMT TŞ müstəvisindəki müzakirələr və əldə olunan nəticə son dövrlərin ən mühüm siyasi hadisələrindən biridir. İlk növbədə, bu, BMT üçün vacib xarakter daşıyır. O baxımdan ki, son illərdə əvvəlki nüfuzunu bərpa edə bilməyən, hətta bəzi hərbi eskalasiyalara münasibətdə neytrallıq dərəcəsini itirən, müdaxilə imkanları zəifləyən BMT məhz bu məsələyə münasibətdə özünün imicini qorumaq imkanı qazandı.

Ortadakı nəticə isə qanuna uyğundur. Daha doğrusu, aparılan müzakirələr növbəti dəfə beynəlxalq hüququn sərhədləri çərçivəsini müəyyənləşdirdi - Azərbaycan bütün addımlarında beynəlxalq konvensiyalara riayət edib, beynəlxalq hüquqa əsaslanıb. Bu mənada, müzakirələrdə ölkəmizin irəli sürdüyü təklifin böyük dəstək qazanması, ermənilərin yalan və böhtanlarının isə ikinci, hətta üçüncü plana atılması gözlənilən sayıla bilərdi. Xüsusi olaraq vurğulanmalıdır ki, bu müzakirələr həm Azərbaycan, həm Ermənistan, həm də iki dövlət arasında gedən münasibətlərin normallaşması prosesi üçün yeni bir mərhələnin başlanğıcı da sayıla bilər. Artıq məsələyə qlobal yanaşmanın təzahürlərini, istiqamətlərini və tezislərini hər kəs əyani şəkildə müşahidə etdi. Beləliklə, prosesə qlobal münasibət məyyən dərəcədə onun tənzimlənmə çərçivəsini də göstərmiş oldu.

Erməni təbliğatının iflası...

Bu müzakirələr Qarabağın Azərbaycanın suveren ərazisi olmasını növbəti dəfə təsdiqləməklə yanaşı, Qarabağda yaşayan ermənilərə bir həqiqəti göstərdi. Gündəlik ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların Ağdam-Xankəndi marşrutu üzrə həyata keçirilməsi mümkündür və hətta zəruridir. Bu fakt BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən dəstəklənir. Beləliklə, 23 apreldə qurulan Laçın dövlət sərhəd buraxılış məntəqəsi Qarabağ erməniləri üçün yeganə “çıxış yolu” deyil. Bunu iddia edən erməni təbliğatı tam olaraq iflasa uğradı. Artıq qlobal mövqe ondan ibarətdir ki, Ağdam-Xankəndi yolu da alternativ olaraq qəbul edilir. Başqa sözlə, Qarabağ ermənilərinin reinteqrasiyası daha da sürətli hal alacaq. Ermənistan və qondarma separatçı rejim isə bundan manipulyasiya vasitəsi kimi istifadə etmək imkanlarını itirdi.  

Alternativ yol təklifi...

BMT TŞ müzakirələrində ən çox səsləndirilən fikir məhz Ağdam-Xankəndi yolunan effektivliyinin təsdiqi idi. Bu, əslində növbəti dəfə Azərbaycanın haqlı mövqedə olduğunu göstərir. Bütövlükdə prosesi siyasiləşdirməyə cəhd göstərən Ermənistan və qondarma rejim “humanitar” ad altında fərqli niyyətlərini reallaşdırmağa çalışırdılar. Onların “humanitar” saydığı amillər birmənalı şəkildə siyasi-hərbi planlara hədəflənib. Azərbaycan isə alterantiv yol göstərməklə həm bu gizli planların qarşısını aldı, həm də humanitar sayılan yüklərin təhlükəsiz və daha tez çatdırılması marşrutunu “işarə verdi”. Əslində, alternativ marşrut məsələsində razılıq əvvəlcədən hazır idi. Hətta bu təkliflər Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülh məramlıları tərəfindən dəstəklənmişdi də. Sadəcə olaraq, Ermənistan və Qarabağ erməniləri siyasi oyunlarının üstü açılmasın deyə əsassız şəkildə israr edirdilər. Təbii ki, burada da siyasi məqsədlər ilkin şərt olaraq “meydana çıxır”. Ermənistan bununla özünün “soyqırımı”, “blokada” və bu  kimi əsassız iddialarını arqumentləşdirməyə çalışırdı. Onlar düşünürdülər ki, bu yolla dünyanı aldada biləcəklər - Fransanın, eləcə də digər ermənipərəst dövlət və mərkəzlərin köməkliyi ilə yalanlarını qlobal mövqe ilə uzlaşdırmağa çalışırdılar. BMT TŞ müzakirələrinin aparılması Ermənistan üçün həm də bu baxımdan “zəruri idi”. Əgər hər hansı bir neqativ hərəkətlənmə yaşansaydı, Ermənistan bundan istifadə edərək həm də sülh danışıqlarının istiqamətini dəyişməyə, “beynəlxalq mexanizm”ə kimi uydurmalarını yenidən aktuallaşdırmağa çalışacaqdı. Amma prosesin nəticəsi onu göstərdi ki, qlobal yanaşma beynəlxalq hüququn müvafiq kodekslərini daha mötəbər sayır...

Azərbaycanın reinteqrasiya təklifi dəstəklənir...

Müzakirələrdə tez-tez vurğulanan məsələlərdən biri də reinteqrasiyanın gücləndirilməsi, təmasların intensivləşdirilməsi oldu. Dünyanın ən ali “masalarından” biri Ermənistanın və qondarma rejimin danışıqlar prosesində fərqli motivlər yaratmaq, uydurma mexanizmlər quraşdırmaq cəhdlərni dəstəkləmədi. Bunun əksinə, Azərbaycanın irəli sürdüyü dialoq təklifinin daha da sürətləndirilməsi məqsədəuyğun sayıldı. Beləliklə, Ermənistanın və separatçıların təmas məsələsində “oxu növbəti dəfə daşa” dəydi. Bu sadə məntiq növbəti dəfə həm Ermənistana, həm də separatçı rejimi anlatdı ki, dünya ictimaiyyətinin mövqeyi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşır. Azərbaycan isə qondarma separatçı rejimi tanımır - nəinki onunla hansısa “beynəlxalq mexanizm”  çərçivəsində nəyisə müzakirə etsin.

Bəli, Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı - hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı. Bu ilin martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Daha sonra isə bu görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma separatçılar tərəfindən manipulyasiya uğramışdı - onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.

Bu ilin aprel ayında isə, Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı. Beləliklə, proses növbəti dəfə şərtlərin Bakı tərəfindən qoyulduğunu təbii halda təsdiqləyir.  

Qarabağ ermənilərinin hüquqları...

BMT TŞ üzvü olan ölkələr anlayırlar ki, Azərbaycan qalib ölkə olsa da sülhün tərəfdarı kimi çıxış edir və bu amil olduqca yüksək qiymətləndirilir. Bir sıra ölkələrin nümayəndələri öz çıxışlarında Azərbaycanın Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə bağlı açıqlamalarını önə sürdü. Bu isə onu göstərir ki, Ernmənistan üçün manipulyasiya vasitəsinə çevrilmiş bu məsələnin də detalları beynəlxalq ictimaiyyət üçün bəllidir. Hər kəs anlayır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və orada yaşayan insanlar da Azərbaycanın vətəndaşlarıdırlar. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətin verilməsi məsələsi isə Azərbaycanın daxili işidir - ölkəmiz dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabər hüquqa malikdir və ermənilər də bütün ölkə vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacaqlar. Bölgədə qalıcı sülhə və təhlükəsizliyə nail olmaq üçün Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatı Azərbaycanın qanunları çərçivəsində olmalıdır. Bu məsələ ilk dəfə idi ki, BMT TŞ kimi ali bir kürsüdə qaldırıldı və bu o deməkdir ki, artıq Azərbaycan bu məsələdə də qlobal mövqeni öz şərtləri ilə eyni axara sala bilib.

Sülhə gedən yol üçün “yaşıl işıq”...

Təbii ki, ən vacib məqamlardan biri BMT TŞ-da münasibətlərin normallaşması istiqamətində gedən prosesin dəstəklənməsi oldu. Əslində Ermənistanın Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarının öz təsdiqini tapmaması da bir sıra mühüm məqamları üzə çıxardı - belə ki, dünya ictimaiyyəti sülhün məhz Azərbaycanın irəli sürdüyü şərtlər daxilində təsbitinə tərəfdardır. Bunu səslənən fikirlər də təsdiqləyir. Çıxış edən dövlət nümayəndələri bağlanacaq sülhdə ikitərəfli əlaqələrin qurulması, demarkasiya və delimitasiyanın aparılıması, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və bu kimi məsələlərə toxunmaqla deyilənləri təsdiqlədilər. Beynəlxalq rəy Azərbaycanın yaratdığı ədalət mənzərəsini dəstəkləyir. Çünki bizim mövqeyimiz imzalacaq sülhün əsas istinadgahıdır - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır.

Regionun təhlükəsiz gələcəyi üçün...

Nəhayət, Ermənistanın regional inkişafa təhdid yaratması faktı da BMT TŞ müzakirələrinin əsas nəticələrindən biri kimi meydana çıxdı. Siyasi spekulyasiyalara əsaslanan əsassız iddialar Ermənistanın qaranlıq və çirkin niyyətlərdən əl çəkmədiyini göstərir - bu isə ümumilikdə region üçün mühüm təhdidlər formalaşdırır, iqtisadi-siyasi əməkdaşlıqları ləngidir. Türkiyə təmsilçisinin fikirləri buna real misaldır. Türkiyə nümayəndəsi bildirdi ki, “Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurasından Bakıya qarşı əsassız ittihamlar irəli sürmək cəhdindən narahatdır. Türkiyə Azərbaycanın öz suveren ərazisində istədiyini etmək hüququna malik olduğunu bəyan edir, separatçıların Bakı ilə danışıqlar aparmadığını bildirir”. Bu, bir daha  İrəvanın bölgədə yaranma ehtimalı olan sülhü təhdid altına alması deməkdir.

Beynəlxalq aləm isə gələcək iqtisadi nizamın əsas amillərindən biri kimi çıxış edən Cənubi Qafqazda sülhün və stabilliyin formalaşması prinsipindən geri çəkilmək fikrində deyil. Ən azından, müzakirələr zamanı səsləndirilən qəti fikirlər bunu deməyə əsas verir. Müsbət nəticələrin əldə olunması üçün isə zəmin mövcuddur -  beynəlxalq aləm, beynəlxalq güclər məsələnin həlli prosesini diqqətdə saxlayır, tez bir zamanda sülhə nail olunmasına çalışır. Bu da təsadüfi deyil. Beynəlxalq aləmin sülhə nail olunması üçün göstərdiyi səylər Azərbaycanın regionda yaratdığı yeni geosiyasi, o cümlədən iqtisadi reallıqlara əsaslanır. Bu gün beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələ formalaşdıracaq Orta Dəhliz layihəsi bütün dövlətlər tərəfindən dəstəklənir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi isə dünya dövlətlərinin, xüsusilə Avroasiyanın ticarət imkanlarını, dövriyyəsini artıracaq. Azərbaycan isə aktuallığı gündən-günə artan Orta Dəhliz üzrə ən mühüm logistik mərkəzlərdən biridir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına  mümkün olacaq. Beləliklə, dünya dövlətləri Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - bu, bütövlükdə Cənubi Qafqazın həyatında yeni mərhələ formalaşdıracaq.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31