Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk dünyası birliyinin körpüsü...

Türk dünyası birliyinin körpüsü...

25.08.2023 [10:30]

Ölkəmizin apardığı uğurlu siyasət öz bəhrəsini verir

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qəti qələbəsi yeni siyasi reallıqlar yaratmaqla yanaşı, mövcud bölgəsəl siyasi situasiyanı da yenilədi. 2020-ci ilin noyarından sonra Cənubi Qafqazla yanaşı, yaxın coğrafiyamızda, xüsusilə Türk coğrafiyasında yeni siyasi çağırışlar meydana gəlməyə başladı. Təsadüfi deyil ki, Azərbaycanın qələbəsi regionda yeni siyasi-iqtisadi nizamın formalaşmasına, yeni münasibətlər sisteminin ortaya çıxmasına zəmin yaratdı. “Şuşa Bəyannaməsinin” imzalanması, türkdilli dövlətlər arasında əlaqələrin güclənməsi, rəsmi dövlət səfərlərinin intensiv hal alması, yeni enerji layihələrinin meydana gəlməsi, əməkdaşlığın yeni sahələrinin ortaya çıxması, Orta Dəhliz layihəsinin bir hissəsi sayılan Zəngəzur dəhlizinin yeni dönəm üçün əhəmiyyəti kompleks şəkildə mühüm gələcək perspektivdən xəbər verirdi. Azərbaycan əlaqələrin daha da güclənməsi üçün körpüyə çevrildi...

Şuşadan başlanan birlik, bütövlük yolu...

Təbii ki, Türkdilli dövlətlərin inteqrasiya prosesi dedikdə, ilk ağıla gələn Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərdir. Bu münasibətlər həm də bir nümunə xarakteri daşıyır. Təsadüfi deyil ki, 2021-ci ilin iyunun 15-də imzalanan tarixi sənəd Azərbaycan ilə Türkiyənin bütün sahələr üzrə müttəfiqliyini, ayrılmaz birliyini təcəssüm etdirməklə yanaşı, digər Türkdilli xalqlar arasında yaxınlığın, doğmalığın daha da inkişafı üçün zəmin formalaşdırdı. Şuşa Bəyannaməsi regionda mühüm bir güc mərkəzinin əsasını formalaşdırdı - daha doğrusu, bu güc mərkəzinin iki dövlət müstəvisindən TDT müstəvisinə keçidi üçün körpü rolunu oynadı. Bəyannamənin müvafiq bəndlərinə nəzər saldıqda bu amil xüsusilə diqqəti cəlb edir. Belə ki, sənəddə qeyd edilirdi ki:

-Tərəflər (Azərbaycan və Tuürkiyə) Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər;

- Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər;

- Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (yeni adı ilə TDT), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Bəli, Azərbaycanın təşəbbüsü ilə başlanan və Mədəniyyət Paytaxtımızdan başlanan bu müqəddəs yol bütövlükdə, Türk dünyasının həmrəyliyi, birliyi, bütövlüyü üçün bir təmələ çevrildi. Şuşa Bəyənnaməsi Türkdilli xalqların  həmrəyliyinin simvolu kimi meydana çıxdı - bu gün, istər beynəlxalq platformalarda, istərsə də regional platformalarda nümayiş etdirilən vahid mövqe, ümumi maraqlara xidmət edən addımlar yeni siyasi mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.

Siyasi təşkilatlanmanın güc mərkəzi formatına inteqrasiyası...

Türk dünyasının əsas həmrəylik, birlik platforması olan Türk Dövlətləri Təşkilatının da meydana gəlməsi Azərbaycanın apardığı qardaşlığa, dostluğa və əməkdaşlığa söykənən siyasətin uğurlu nəticələrindən biri idi. 2009-cu ilin 3 oktyabrında IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsinin əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılması olmuşdu. Bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilmişdir. Bugünkü TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri də elə Naxçıvan Sazişi ilə müəyyən edilir - sazişdə tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. Bundan başqa, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması da sənəddə öz əksini tapıb. Eləcə də hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi də Naxçıvan sazişinin müddəaları sırasında yer alır.

Beləliklə, hələ 2009-cu ildə Prezident İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində imzalanan müqavilə bu gün böyük bir coğrafiyanın siyasi birliyinin, hərbi və iqtisadi əməkdaşlığının, ideoloji tərəfdaşlığının əsas tənzimləyici faktoru rolunda çıxış edir. Azərbaycan TDT-nin inkişafına, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar inteqrasiyanın dərinləşməsinə davamlı töhfələr verir. Prezident İlham Əliyev bu il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda TDT-ni bir ailə kimi səciyyələndirib və təşkilatın əsasının Naxçıvanda qoyulmasından məmnunluğunu ifadə edib.  “Türk Dövlətləri Təşkilatına gəldikdə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri də fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident əlavə edib ki, TDT qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır

İqtisadi maraqların uzlaşdırılması...

Təbii ki, bütün birliklərin, yaxınlaşmaların, əlaqələrin əsasında həm də dövlətlərin iqtisadi maraqları dayanır. Azərbaycan bu mənada, öz sözünü deyir, fəaliyyətini ortaya qoyur. Bu gün Türk dünyasının sürətli inteqrasiyasının əsas təkanverici qüvvəsi rolunda çıxış edən Azərbaycan iqtisadi maraqların uzlaşmasını da təmin edib. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan Orta Dəhliz layihəsi günümüzün əsas iqtisadi aortası rolunda çıxış etməkdədir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri, başqa sözlə Türk dünyası və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut olmaqla yanaşı, Türk coğrafiyasını bir-birinə bağlayan sıx və ümumi maraqlara xidmət edən bağlara çevrildi. Bu xəttin əsas üstünlükləri isə hələ qabaqdadır - marşrutun ən vacib hissəsi sayılan Zəngəzur dəhlizinin açılması ilə proses daha uğurlu hal alacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Beləliklə, Azərbaycanın tarixi Türk coğrafiyasının bütövləşməsinə güclü dəstəyi ortadadır - Zəngəzur dəhlizinin açılması tarixi ədalətsizliyə son qoymaqla yanaşı, bütün Türk dünyasının inteqrasiyasına yeni fürsətlər yaradacaq.

Azərbaycanın fəaliyyəti izlənilir...

Qeyd edildiyi kimi, Azərbaycan türk birliyinin daha da yaxınlaşması üçün əsl körpü rolunu oynayır. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan, hətta Macarıstan belə Azərbaycanın bu rolunu, fəaliyyətini yüksək dəyərləndirirlər. Azərbaycan hər zaman nümunə rolunda çıxış edir - Türkiyədə baş verən zəlzələ zamanı qardaşlıq köməyini ilk olaraq nümayiş etdirən məhz Azərbaycan olmuşdu. Bu gün bütövlükdə, Türk dünyası vahid orqanizmə çevrilib - bunun əsasında isə Azərbaycanın böyük və əvəzsiz xidmətləri dayanır. Buna ən real misal kimi Özbəkistan ilə Azərbaycan arasında son illərdə yüksələn xəttlə inkişaf edən əlaqələri göstərmək olar. Təsadüfi deyil ki, Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin imzalanması Türk birliyinin gələcək inkişafı üçün olduqca vacib xarakter daşıyır. Bu sənəd Şuşa Bəyannaməsinin ardından Türk Birliyininin formalaşması üçün atılan növbəti addımdır. Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda səfərdə olub. Prezident Mirziyoyev isə bildirib ki, Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Özbəkistan dövlət başçısı öz çıxışında mühüm bir məqama toxunub: “Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar. Belə ki, yaxın qonşular kimi çox sevinir və uğurlar arzu edirik”.

Bəli, Azərbaycanırn uğurlu fəaliyyəti bütün dünyada izlənilir. Bu fəaliyyət, bu siyasət isə birmənalı şəkildə dostluğa, qardaşlığa, həmrəyliyə, bütövlüyə, əməkdaşlığa və səmimi münasibətlərə söykənir. Azərbaycan bu gün regionun yeni birləşdirici faktoru kimi şöhrət tapmaqdadır...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31