Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı-Daşkənd: Tarixi bağlılığa əsaslanan sarsılmaz dostluq

Bakı-Daşkənd: Tarixi bağlılığa əsaslanan sarsılmaz dostluq

25.08.2023 [10:00]

Prezident İlham Əliyev: Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq

Azərbaycan və Özbəkistan son illərdə qarşılıqlı münasibətlərini tamamilə yeni bir səviyyəyə yüksəldən iki dost, bütün parametrlər baxımından bir-birinə çox yaxın olan ölkələrdir. Bu münasibətlərin təməli tarixin dərin qatlarında qoyulub. Prezident İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində avqustun 22-də mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Tarixdən gələn bağlılıq və ənənələr bu gün yeni reallıqlar şəraitində davam etdirilir. Hər iki ölkənin cəmiyyətləri bir-birinə qarşılıqlı rəğbət, böyük hörmət bəsləyir və daim yaxınlaşmağa, daha sıx təmaslar qurmağa can atırlar. Eyni zamnda, liderlərin şəxsi dostluq münasibətləri əlaqələrin inkişafına xüsusi impuls verir. Qeyd edək ki, Azərbaycanın və Özbəkistanın dövlət başçıları tez-tez ikitərəfli və çoxtərəfli platformalarda görüşərək aktual müzakirələr aparırlar. İkitərəfli münasibətlərin strateji istiqamətləri məhz bu müzakirələrdə müəyyən olunur. Ötən il Azərbaycan Prezidenti dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə, Xivədə olub. Bir qədər bundan əvvəl Şavkat Mirziyoyev inamlı qələbə qazanaraq növbəti dəfə Özbəkistanın Prezidenti seçildikdən sonra ona ilk telefon açan və səmimi təbriklərini çatdıran dövlət başçısı məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. Eyni zamanda, Şavkat Mirziyoyev dövlət başçısı seçildikdən sonra ilk xarici dövlət səfərini məhz Azərbaycana edib. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir”, - deyə vurğulayıb.

Uğurla inkişaf edən iki dost ölkə

Azərbaycan və Özbəkistan yerləşdikləri coğrafiyaların - Cənubi Qafqazın və Mərkəzi Asiyanın önəmli dövlətləridirlər. Hər iki dövlət yüksək inkişaf dinamikasına malikdir və burada liderlərin müəyyənləşdirdikləri strateji kursun önəmini xüsusi qeyd edə bilərik. Prezident İlham Əliyev son 20 ildə islahatlar yolu ilə Azərbaycanı dünyada ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələrdən biri səviyyəsinə yüksəldib. Qısa müddətdə respublikanın iqtisadi müstəqilliyi tam şəkildə təmin olunub. Bu gün iqtisadi potensialı baxımından Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hədəflədiyi starteji məqsədlərə doğru inamlı addımlar atır. Ölkə Vətən müharibəsində öz gücünə ərazi bütövlüyünü təmin etməyə nail oldu. Eyni zamanda, müharibə başa çatandan dərhal sonra iğaldan azad edilmiş ərazilərdə böyük investisiya tutumuna malik irimiqyaslı layihələrin və “Böyük qayıdış” proqramının icrasına start verilib. Bunları yalnız Azərbaycan kimi güclü və iradəli dövlət edə bilər. Güclü iqtisadi potensial zəminində həmçinin ölkənin siyasi müstəqilliyi tam təmin olunub. Bu gün dünyada respublikamızla diktant dili ilə danışacaq hansa bir güc mərkəzi yoxdur. Prezident İlham Əliyev ölkənin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur, respublikamıza aid bütün qərarlar məhz Bakıda, dövlətimizin başçısı tərəfindən verilir.

Oxşar fikirləri Özbəkistan barəsində də ifadə etmək mümkündür. Son illərdə bu ölkədən inkişafla, xüsusilə də müasir sənaye inkişafı, müdafiə imkanlarının genişlənməsi ilə bağlı xoş xəbərlər gəlir. Ölkədə innovasiyaların, müasir yanaşmaların tətbiqinə geniş meydan verildiyinin şahidi oluruq. Eyni zamanda, Özbəkistan beynəlxalq platformalarda qətiyyətli mövqe sərgiləyir. Ölkənin regional və qlobal əməkdaşlıqda rolu getdikcə artır. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev dost ölkənin inamlı inkişaf yoluna çıxmasında Şavkat Mirziyoyevin liderliyinin əvəzolunmaz rol oynadığına xüsusi diqqət çəkib. Özbəkistanla bağlı xoş təəssüratlarını bölüşən dövlətimizin başçısı deyib: “Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum”.

Strateji əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən müzakirələr

Dost Özbəkistanın dövlət başçısının Azərbaycana səfərinin gündəliyi kifayət qədər zəngindir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. Dövlət başçıları, həmçinin geniş tərkibdə görüş keçiriblər. Ali səviyyədə aparılan müzakirələr aktual məsələlərin geniş spektrini əhatə edib. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə baş tutan görüşlər çərçivəsində qarşılıqlı münasibətlərin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilib. Müzakirələrdə birgə iqtisadi fəaliyyətin, bu sahədə müştərək  əməkdaşlığın inkişafının zəruriliyinin vurğulanması təsadüfi deyil. Ekspertlərin də bildirdikləri kimi, son illərdə iki ölkə arasında bərqərar olan siyasi dialoqun yüksək səviyyəsinə adekvat şəkildə ikitərəfli iqtisadi əlaqələrin də əhatə dairəsi genişlənib. Milli Məclisin deputatı Vüqar Bayramovun “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən, ötən 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər.

Vüqar Bayramov bildirib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. “Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Səfər çərçivəsində aparılan müzakirələr isə əsasən perspektiv istiqamətləri əhatə edib. Bu istiqamətlər sırasında beynəlxalq platformalarda birgə, uzlaşdırılmış əməkdaşlığı, qarşılıqlı iqtisadi fəaliyyəti, humanitar sahədə əməkdaşlığın genişləndirilməsini və digər istiqamətləri xüsusi qeyd edə bilərik. “Görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir”, - deyə dövlətimizin başçısı bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin  Füzuli rayonuna səfər etməsi də böyük rəmzi məna daşıyır. Burada Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Mötəbər qonaqlar, həmçinin Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. 960 şagird yerlik həmin məktəb binasının tikintisi artıq tamamlanıb. Füzulidə dost ölkənin məktəb inşa etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən, deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”, - deyə vurğulayıb.

İmzalanan sənədlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində bütövlükdə, 20 sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi avqustun 22-də prezidentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub. O cümlədən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar. Bundan başqa, səfər çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” imzalanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31