Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəfər tarixinin başladığı gün

Zəfər tarixinin başladığı gün

27.09.2023 [09:30]

Dövlət suverenliyimizin təmini ilə nəticələnən şərəfli yol

Mübariz ABDULLAYEV

27 sentyabr tarixi 3 il öncəyə qədər təqvimin adi günlərindən biri sayılırdı. 3 il öncə, 2020-ci ildə isə bu təqvim xüsusi bir anlam qazandı - işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin, 44 günlük Zəfər yolunun başlanğıcı məhz 2020-ci ilin sentyabırn 27-nə təsadüf etdi. 27 sentyabrdan başlanan yol Azərbaycan xalqının şərəf tarixinə, qürur mənbəyinə çevrildi. Böyük Qələbənin təmin olunmasına Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri öz töhfələrini verdilər - amma müharibənin əsas ağırlığı Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, məhz gənclərin üzərinə düşdü. Vətənin müdafiəsini, azadlığını təmin etmək yükünü öz çiyinlərinə götürmüş gənc əsgər və zabitlərimiz  addım-addım, qarış-qarış irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu bir neçə mərhələli mühəndis-istehkam sistemlərini yarıb keçdilər. Döyüş, azadlıq qurbansız olmur - igid övladlarımız torpaqların işğalı uğrunda öz canlarını fəda etdilər. 44 gün davam edən müharibədə təxminən 3 min igidimiz şəhidlik zirvəsinə ucaldı. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə ucalırsa, buna görə məhz şəhidlərimizə borcluyuq. Azərbaycan dövləti və cəmiyyəti şəhidlərin xatirəsini daim uca tutur. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.

İşğaldan və cəzasızlıqdan ruhlanan düşmən...

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yüzillərlə davam edib. Ötən əsrin 80-90-cı illərində isə yaranan siyasi situasiyadan istifadə edərək onlar öz xain planlarını icra etməyə başladılar. Ermənistan torpaqlarımızın 20 faizini o zamanlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC- “Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi.

Beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin, o cümlədən də artıq tarixdə qalan “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzalandırılmaması mənfur düşməni daha da ruhlandırırdı. Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzadək saxlamaq niyyəti güdürdü və bundan ötrü müxtəlif təxribatlara əl atırdı. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi.

Azərbaycan real gücə çevrilmə yolunda irəliləyirdi

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı.  Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi potensialının, maliyyə imkanlarının artırılmasına və bu əsasda torpaqlarımızı işğaldan azad etməyə qadir olan güclü ordu quruculuğuna nail olmağa hesablanmışdı.  Aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail oldu. Güclü iqtisadiyyat, güclü ordu sülh danışıqlarında ölkəmizin daha qətiyyətli mövqe tutmasını şərtləndirirdi. Prezident İlham Əliyev müxtəlif tribunalarda Azərbaycanın gec-tez öz ərazi bütövlüyünün təmin edilməsinə nail olacağını bildirəndə məhz Silahlı Qüvvələrimizin gücünə və cəmiyyətimizin həmrəyliyinə arxalanırdı.

27 sentyabradək döyüşlərdən-döyüşlərə

2020-ci il sentyabrın 27-də 44 günlük müharibə başlayanadək Azərbaycan bir neçə dəfə öz iradəsini və gücünü düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da ermənilərə dərs olmadı. Və nəhayət...

Xalq - Dövlət  - Ordu birliyinin gücü...

Adətən, müharibəyə başlayan ölkədə ajiotajlar yaşanır. Azərbaycanda isə 2020-ci il 27 sentyabr tarixində düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatların qarşısının alınması məqsədilə Ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlaması xəbəri elan olunanda tamam fərqli mənzərə müşahidə edidi. Bütövlükdə cəmiyyətimiz müharibənin başlamasından nəinki məyus oldu, əksinə bunu çoxdan gözlənilən xəbər kimi qəbul etdi. Çünki Azərbaycan əks-hücum əməliyyatlarına, döyüşə tarixi  torpaqlarını işğaldan azad etmək uğrunda başlamışdı. Bu, ədalətli müharibə idi. Müharibənin ilk günündə Prezident İlham Əlyev xalqa tarixi müraciət etdi, eyni zamanda, Onun sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası toplandı. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yaydılar.  Eyni zamanda, qeyri-hökumət təşkilatlarının qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildirdilər. 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanladı. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaydı. Dövlətimizin başçısı xalqa müraciətində və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ordumuzun əks-hücum əməliyyatlarına başlamasının səbəblərinə aydınlıq gətirdi, Zəfərə böyük inamını ifadə etdi.  TŞ-nın iclasındakı çıxışında cəmiyyətimizdəki yüksək həmrəyliyə diqqət çəkən dövlətimizin başçısı vurğuladı: “Qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

İlk qələbə müjdələri

Azərbaycan xalqı Vətən müharibəsinin sentyabrın 27-də cəbhədən gələn ilk qələbə müjdələrinə sevindi. Sentyabrın 27-də cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olundu. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürüldu. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verdi. Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olundu. O cümlədən cəbhənin Füzuli-Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürüldu.

Tarixi ədalətin bərpası

Bəli, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Azərbaycanın bir-birinin ardınca qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Sentyabrın 27-də başlayan müharibə 44 gündən sonra Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması ilə nəticələndi. Həmin sənədə əsasən məğlub Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarmağa məcbur oldu. Bununla da Azərbaycanın cəlb olunduğu ədalətli müharibə ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası ilə başa çatdı.

Vətən müharibəmiz şanlı tariximizdir

Son 200 ildə xalqımız böyük faciələrlə, o cümlədən də zaman-zaman torpaq itkiləri ilə üzləşib. İndiki Ermənistanın paytaxtı da daxil olmaqla, əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir.

Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər yenə də Azərbaycandan ərazilər qoparmaq istəyirdilər. Ancaq bu dəfə ermənilər qarşılarında güclü Azərbaycanı və xalqına arxalanan güclü Lideri gördülər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan Ordusu 44 gün ərzində düşmənə sözün əsl mənasında tarix dərsi verdi. Dövlətimizin başçısı 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Ordumuzun rəşadətini yüksək dəyərləndirərək vurğulayıb ki, bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir.

Erməni vandalizmi - dinc sakinlərə qarşı qəsd...

Ermənistanın silahlı birləşmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə qeyri-insani davranışları, müharibə cinayətləri ilə yadda qaldı. Onlar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini, bir qayda olaraq, silahları mülki şəxslərə, yaşayış məntəqələrinə tuşlamaqla çıxmağa çalışırdılar. Bu yolla onlar hələ Birinci Qarabağ müharibəsi zamanı Ağdaban, Qaradağlı, Başlıbel kimi faciələr törədiblər.  İkinci Qarabağ müharibəsində də eyni ssenari təkrarlandı. 44 günlük müharibənin əvvəlindən Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklərini başa düşən erməni hərbi birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən ərazilərə - Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə qadağan olunmuş silahlardan mərmilər atdılar. Nəticədə 100 nəfərədək mülki vətəndaşımız Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin qurbanı oldu, ayrı-ayrı ünvanlarda yaşayış evləri, mülki infrastruktur dağıldı.

Dövlət suverenliyimiz tam təmin edildi

2020-ci il Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, regionda sülhün və təhlükəsizliyin təmini baxımından da böyük əhəmiyyətə malik oldu. Təəssüfləndirici haldır ki, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəlarına, üzərinə götürdüyü öhdəliklərə riayət etməyən Ermənistan Azərbaycan ərazilərindən silahlı birliklərini çıxarmadı. Bu silahlı qruplaşmalar isə zaman-zaman Azərbaycan Ordusuna, hətta dinc insanlara qarşı hərbi təxribatlar törədir, silahlı qarşıdurmalar yaradır, mina təhdidi formalaşdırırdı. Sentyabrın 19-da Xocavənd rayonunda baş verən təxribat nəticəsində 2 mülki şəxs, 4 polis həyatını itirdi. Bunun ardından Azərbaycan Müdafiə Nazirliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə bağlı məlumat yaydı. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı bəyan olundu. Cəmisi 24 saat davam edən lokal tədbirlər nəticəsində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub təslim oldular. Beləliklə, dövlət suverenliyimiz tam təmin edildi.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31