Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qərbin Şərq qapısına “empirik baxış”ı

Qərbin Şərq qapısına “empirik baxış”ı

28.11.2023 [10:10]

II yazı

Həqiqətən də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertin “Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı” fikri günümüzün reallığında ölkəmizin apardığı meqofəaliyyətin sözlə şəklinin çəkilməsinə bənzəyir. Azərbaycanı yalnız Avropanın enerji təminatının fəal iştirakçısı qismində qiymətləndirməklə yetinməyən britaniyalı nazir haqlı olaraq təhlilini geniş spektrdə aparır. Azərbaycan ilk növbədə Avropanın, sözün əsl mənasında, təhlükəsizliyində mühüm rolu malikdir...

Böyük Britaniyadan Avropaya xəbərdarlıq...

Yeni iqtisadi çevrənin mərkəzi - Asiya, Körfəz və Qafqaz ölkələri vahid strateji hədəfə doğru Avropa son illərdə özü üçün bəzi özəl yanaşmalar müəyyənləşdirib. Məsələn, bu bir həqiqətdir ki, 11 sentyabrdan sonra “köhnə qitə”də təhlükəsizliyin təminatı məsələsi daha da aktuallaşıb. Təhdidin isə ümumən

terrorizmdən qaynaqlanması kimi bir fikir oturuşub - bəli, terrorizm tək Avropa üçün deyil, bütün bəşər üçün təhdiddir. Amma Avropa özünü bəzi hallarda olduğu kimi, istisna saydığı üçün terrorizm məsələsinə daha həssas yanaşır. Azərbaycan isə əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, Qərbin “Şərq qapısı” rolunda həm də bu təhlükəsizliyin təminatı rıçaqını əlində saxlayır. Son 3 ildə Avropa üçün müstəsna yerə malik Cənubi Qafqazda terrorizmə və təhdidlərə qarşı aktiv mübarizəsi Britaniyanın timsalında “səmimi Qərbin” Azərbaycana minnətdarlıq nümayişi ilə yekunlaşır. Bəli, Böyük Britaniya özünün də yerləşdiyi regionun iqtisadi-siyasi perspektivi, Avropanın gələcək xilası üçün Cənubi Qafqaz yolunun dəyərini, üstünlüklərini görür - çox uzağa getməyək, son bir neçə gündə paytaxtımızda reallaşan SPECA-nın zirvə toplantısı bütün xırdalıqları göz önünə sərdi. Toplantıya Gürcüstanın dəvət alması, tədbirdə Körfəz Ölkələri Əməkdaşlıq Şurasının təmsl olunması, Macarıstanın Baş naziri Orbanın “Macarıstan Mərkəzi Asiya iqtisadiyyatlarının inkişafında bütün formalarda iştirak etməyə hazırdır” deməsi böyük bir coğrafiyada Azərbaycanın başlatdığı iqtisadi yeniliklər, siyasi əməkdaşlıqlar perspektivli yeni mərhələni özündə əks etdirir. Bu tədbirə sadə prizmadan baxmaq olmaz və Böyük Britaniyanın regiona baxışları da sadə deyil - Azərbaycanın meqafəaliyyətinə verilən dəyər və qiymətləndirmə olduqca böyükdür.

Fransa lokal, Britaniya isə qlobal mənafeni təmsil edir

Azərbaycanın apardığı siyasətin kökündə yeni iqtisadi-siyasi münasibətlər sisteminin formalaşdırılması dayanır - bu sirr deyil. Biz hər zaman milli maraqlar müstəvisində yeni əlaqələrin inkişafında maraqlı olduğumuzu bildirir, öz şəffaf mövqeyimizi təqdim edirik. Eyni zamanda, Azərbaycan bir mühüm xüsusiyyəti ilə də seçilir - hər zaman bərabərhüquqlu və azad əlaqələrin inkişafında maraqlıdır. Məsələn, Fransanın bölgəyə yönəlik çirkin niyyətləri bizim üçün əməkdaşlıq proyeksiyası formalaşdırmır - tam əksinə, şəxsi və korporativ maraqlara hesablanmış davranışlar Azərbaycan tərəfindən hər zaman istisna olunur, zərərsizləşdirilir. Bunu dəfələrlə əməli şəkildə sübut etmişik. Fransa isə özünün şəxsi mənafeyinin fonunda böyük bir coğrafiyanın, hətta Mərkəzi Avropanın maraqlarını belə təhlükəyə atır. Bu cür qeyri-rasional yanaşma isə uğura aparan yol sayıla bilməz - Böyük Britaniyanın dəyərləndirməsi Fransanın bu kimi qeyri-adekvat addımlarına cavabdır. Təbii ki, tarixdən süzülüb gələn hər hansı bir ənənəvi qarşıdurmanı və ya siyasi çəkişməni vurğulamaq fikrimiz yoxdur - sadəcə, prosesi soyuq başla təhlil etmək qabiliyyəti Britaniyanın rasional düşüncə sahibi olduğunu ortaya qoyur. Azərbaycanın bütün dünya üçün gələcək iqtisadi tənzimlənmənin əsas amili sayılan “qlobal yol” təhlilində tutduğu mövqe Britaniya tərəfindən həm etiraf edilir, həm də qiymətləndirilir. Azərbaycan dünyaya yeni yollar konsepsiyası təqdim edir ki, bu da mühüm məsələdir - Gürcüstanın SPECA-ya dəvəti bunun təsdiqi idi. Azərbaycan heç də ənənəvi Orta Dəhlizdən vaz keçməyib - əksinə, şimal və cənub marşrutlarının effektivliyini daha da artırmaq üçün qarşısına məqsəd qoyub. Bu fakt Azərbaycan ilə Britaniya arasındakı rasional təfəkkürə söykənən əməkdaşlığın əsas qayəsidir desək, yanılmarıq.

Türk Birliyi dəyərləndirilməsində rasional baxış...

Britaniyanın regiona, gələcəyə baxışı “yan otaqdakı” Qərbdən seçilir. Fransa bu gün “dumanda gəzən daltonik” misallıdır - onsuz da şər şeyi “tək rəngdə” görən (bəlkə də qiymətləndirən) Paris özünü “dumana” salıb. Gələcək perspektivin qiymətləndirilməməsi isə Fransaya baha başa gələ bilər - bəlkə də müqayisə qəribə görünür, amma son günlərdə Qazaxıstana və Özbəkistana edilən səfərlər, “silah satışı” təklifləri Parisin gözünün müəyyən miqdarda açıldığını deməyə əsas yaradır. Amma Yelisey sarayı yenə də prosesə layiqincə və axarına uyğun qiymət verə bilmir.

Məsələn, Ermənistanı “stimullaşdıran”, “hərbiləşdirən” Fransa Zəngəzur dəhlizinin açılmasına böyük maneələr yaratmaq eşqindədir. Bunun üst qatında “dəhlizə nəzarət” marağı gözə dəysə də, alt qatda Türkiyəyə qarşı açıq hədə axtarışı yer almaqdadır. Başqa sözlə, Fransa Türkiyənin Türk dünyası ilə əlaqələrinə maksimum mane olmaq istəyir. Axı regionda yeni Türk Birliyinin - Türk Dövlətləri Təşkilatının strukturlaşması, iqtisadi güc əldə etməsi, hətta müdafiə refleksinin birləşdirilməsi perspektivi müzakirə olunur. Buna qarşı cəbhə açmış Fransa özünün ətrafındakı lokal birliyi (məsələn, Almaniya) var gücü ilə bu işə səfərbər edir. Amma bu cəhdlər başarısızlığa məhkumdur - Türk Birliyinin perspektivi çoxşaxəlidir. TDT üzərindən, hətta SPECA üzərindən bu birliyin iqtisadi dayanıqlılığı artır. Özü də hər saat, hər an artır. Bunu görən Britaniya isə Fransadan fərqli olaraq bölgədəki yeni güc mərkəzini qəbul edir - onunla əlaqələrini möhkəmləndirmək, iqtisadi münasibətlərini yeni məcraya daşımaq istəyini ortaya qoyur. Və bunu Azərbaycanın xətti ilə edir. Bu xüsusi vurğulanmalıdır. Praqmatikliyi ilə seçilən Britaniya yanaşmasında bu xətt özünü açıq şəkildə göstərir - Azərbaycanın regionun gələcək inkişaf perspektivlərinin əsas daşıyıcısı hesab edən London bütün detalları Bakıda müəyyənləşdirməyə üstünlük verir. Bu isə Britaniyanın fonunda Qərbin Şərqə yeni iqtisadi təkliflərinin Bakıda “tərcümə edilməsinin zəruriliyini” ortaya qoyur...

Ardı gələn sayımızda...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31