Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Cənubi Qafqazın yeni reallıqları

Cənubi Qafqazın yeni reallıqları

29.11.2023 [10:21]

Vaşinqton görür və “arzulayır”...

ABŞ son dövrlərdə Cənubi Qafqaz - Mərkəzi Asiya regionunda inkişaf edən prosesi olduqca diqqətlə izləyir. Bunu büruzə verən olduqca mühüm arqumentlər mövcuddur. İlk növbədə, Cənubi Qafqaz - Mərkəzi Asiya xəttinin gələcək iqtisadi münasibətlər sistemində tutacağı yeri özü üçün müəyyənləşdirən və diqəqləşdirən Birləşmiş Ştatlar prosesə uğursuz “müdaxilə cəhdləri” ilə yadda qalır.  Bu iqtisadi trayektoriyada yer almaq imkanlarını ya təhdid, ya da siyasi oyunlar vasitəsilə tənzimləməyə çalışan Vaşinqton anlamır ki, artıq zaman o zaman deyil - yüksək iqtisadi potensiala, müstəqil xarici siyasət kursuna malik dövlətlər öz addımlarını bərabərhüquqlu əsaslarda tənzimləyir və bu yolu yeganə yol sayır. Başqa sözlə, indiki dövrdə hansısa müstəqil ölkə ilə xüsusilə Azərbaycan və ya Mərkəzi Asiya regionu ölkələri ilə təhdid dilində danışmaq ABŞ-ın özünün ziyanınadır.

ABŞ öz “ampluasında: “təhdid ritorikası” işə yaramır...

Məsələn, təhdid ritorikasından “xoşlanan” sonda isə bu ritorikasına görə ölkəsini və tabe olduğu şəxsi “pis vəziyyətdə” qoyan, peşmançılıq çəkən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn jurnalistlər üçün Antoni Blinkenin bu həftə Avropaya səfərinə həsr olunmuş xüsusi telefon brifinqində bildirib ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəhdlərini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın Ermənistana qarşı güc tətbiq edəcəyi təqdirdə bu tipli layihələrin qarşısını almağa hazırdır. O deyib ki, biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq baxımından əsl fürsət görürük: “Bunun hesabına biz bütün regionun faydalanması imkanını görürük. Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, “bunun dinc yolla əldə edilməməsi barədə qərar qəbul edilərsə”, o zaman Amerika hakimiyyəti “bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməli olacaq”.

ABŞ-ın “arzusu”: Fikirlər və “təkliflər” ziddiyyət təşkil edir...

Ortada O`Braynın “özü boyda” ziddiyyət və təzad var - belə ki, ABŞ rəsmisinin açıqlamasında yer alan məqamlara diqqət yetirdikdə fikir haçalanmasının şahidi oluruq. O baxımdan ki, ABŞ rəsmisi ölkəsinin Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəh?lərini dəstəklədiyini önə çəkir - amma bu ticarət yolunun formalaşmasının, necə ortaya çıxmasının kökünü araşdırmır. ABŞ-lı diplomat yəqin ki, bu məsələdə Orta Dəhliz layihəsinə istinad edir. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu marşrutda Ermənistan yer almır.

Aha... O`Braynın səhvi də fikirləri kimi “ritorikdir” - o baxımdan ki, Ermənistan üzərindən hansı Transqafqaz marşrutu müzakirə predmetidir - əgər O`Brayn hələlik reallaşmayan Zəngəzur dəhlizini nəzərdə tutursa, onun açılmasını yubadan da, ləngidən də, bu tezislə sülhü gecikdirən də məhz Ermənistandır.

O`Braynın “Azərbaycanın Ermənistana qarşı güc tətbiq edəcəyi təqdirdə” fikri də arqumentsiz fikirdir - Azərbaycan dövləti hər zaman açıq kontekstdə qarşıdurmalara, eskalasiyalara qarşı olduğunu bəyan edib. Azərbaycanı “təcavüzkarlıqda” günahlandırmaq üçün əldən-ayaqdan gedən dairələrin isə bu arzusu ürəyində qalır. Azərbaycan bütün addımlarında beynəlxalq hüquqa əsaslanır. Hələ Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bildirmişdi ki, bizim kimsənin ərazisində gözümüz yoxdur. Azərbaycan yalnız öz ərazi bütövlüyünü təmin etməkdə israrlıdır.

ABŞ görür: Azərbaycan böyük bir coğrafiyanın iqtisadi perspektivini müəyyənləşdirir

Diplomatın fikrinin ikinci hissəsi də maraqlıdır - “Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”. Bəli, ABŞ regionun ticarət imkanlarını, potensialını və yüksək tranzit yollarını görür. Bu bir daha onu təsdiqləyir ki, ABŞ özünün korporativ maraqları ucbatından Zəngəzur dəhlizi məsələsinin reallaşmasını ləngidir - məhz Ağ evin mənafeyinin təminini “arzulayır”.

Qeyd edək ki, SPECA-nın son Bakı zirvə görüşü bu mənzərəni daha da aydınlaşdırır - Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə kompleks şəkildə yanaşması əlaqələrin bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etməsinə, çoxtərəfli, şaxələndiriliş və genişləndirilmiş şəikldə sürət qazanmasına imkan yaradıb. Bunun nəticəsində isə Azərbaycanın timsalında Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan formalaşdırıb, əlaqələr həm də vahid geoiqtisadi əhəmiyyəti özündə əks etdirməyə başlayıb. İqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirmək şanslarını artırıb.

ABŞ bunu görür və bu geniş spektrli layihədə iştirakçı olmağı “arzuladığını” bildirir. Sadəcə olaraq, məsələyə yanahşma fərqliliyi özünü biruzə verməkdədir. Halbuki, adekvat və konstruktiv yanaşma uzlaşmanın daha real formatını yarada bilər.

ABŞ unutmamalıdır: bütün reallıqların müəllifi Azərbaycandır...

Azərbaycan hər zaman bildirib ki, Şərq-Qərb tranziti üzrə yolların şaxələndirilməsində maraqlıdır və bunun reallaşması üçün müvafiq infrastrukutur da hazırdır. Mərkəzi Asiyadan keçərək Cənubi Qafqaz üzərindən Avropaya uzanan marşrutun ən vacib hissəsi kimi hər zaman Zəngəzur dəhlizi xüsusi vurğulanıb. Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək bir keçiddir və O’Brayn dilə gətirdiyi “Ermənistan üzərindən Türkiyəyə” yolunun vahid keçid məntəqəsidir. Zəngəzur dəhlizi boyunca yaradılacaq dəmir və avtomobil yolları ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevrilmə imkanına malikdir və Ermənistan da tranzit ölkə kimi bundan böyük həcmdə gəlirlər əldə edə bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür.

Bütün bu mənzərəni formalaşdıran, bu reallıqları yaradan isə Azərbaycandır. ABŞ və onun “sözçüləri” regiona yönəlik ritorika seçərkən mütləq şəkildə bu reallıqları nəzərə almalıdır. Azərbaycan regionun əsas sabitləşdirici və yönləndirici faktorudur. Bütün maraqları uzlaşdırmağı bacaran Azərbaycan bu gün Mərkəzi Asiya ilə Avropa arasında əsaslı körpülər formalaşdırır - ABŞ bu körpüdə Ermənistanın da “yer almasını” istəyirsə, İrəvanı sülhə gətirməli, bu dövlətin qeyri-konstruktiv mövqedən əl çəkməsinə nail olmalıdır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29