Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni “Fişer kombinasiyası”...

Yeni “Fişer kombinasiyası”...

05.12.2023 [10:32]

“Siyasi şahmatın” aktual təhlükələri və hədəfləri

Mərkəzi Avropanın “məcburiyyətin açıq etirafı” mesajı...

XX əsrdə iki Dünya müharibəsi ilə sarsılsa da, qısa zaman kəsiyində özündə güc taparaq ayağa qalxmağı bacaran Avropa yeni “çağırışların” astanasındadır. Düzdür, bəzi siyasi mütəxəssislər məsələnin Rusiya-Ukrayna müharibəsi fonunda “astanadan” irəliyə doğru yol aldığını iddia etsələr də, ümumi siyasi ab-hava hələ də “ümid” olduğunu deməyə əsas verir. Nədir bunlar?

Merkelin “yolu” - “Normand dördluyü” formatından ABŞ aqressiyasına doğru...

Son illərə, daha doğrusu 2021-ci ilə qədər - bir az da dəqiqləşdirmə aparsaq. Angela Merkelin Avropa mərkəzçi siyasətinə “rəhbərlik etdiyi dövrə” qədər kollektiv Qərb anlayışı bütöv bir orqanizm kimi xarakterizə olunurdu. Qərbin vahid maraqlar toplusu ətrafında birləşdirməyi bacaran Merkelin 2010 - cu ildə “Avropa Ordusu” məsələsinə kəskin yanaşması yaddaşlardan silinməyib - Merkel anlayırdı ki, “Avropa Ordusu” “söz birləşməsi” Avropanın sonunu gətirəcək. Bu mənada, kollektiv müdafiə refleksinin parçalanmasını hər zaman istisna edirdi - məhz, Merkelin Qərb siyasi gündəminin formalaşması prosesindəki aktiv iştirakı dönəmində Avropa - Rusiya münasibətləri siyasi-hərbi motivlər üzərində deyil, iqtisadi - qarşılıqlı mübadilə mexanizmi üzərində inkişaf etdirilirdi. 2014-cü ildən başlanan “Krım silkələnmələrinə” Avropanın münasibətinin “Normand dördlüyü” kimi deaktiv formatlarda təcəssüm tapması siyasi dairələrdə fərqli asosassiyalar yaradırdı:

- Rusiya ilə əlaqələrin pozulmaması cəhdi;

- Kremllə hərbi poliqonda qarşılaşmadan qaçınmaq;

-  Enerji böhranından yayınmaq;

- “Avropa atlasının” yenidən “rənglənməsi” qorxusu;

- Siyasi anlaşmazlıqların iqtisadi haçalanma nəticələri...

Bunlar Avropanın Qərb-Rusiya konfliktindən yayındırma səbəblərinin sadəcə bir hissəsi idi. Mərkəzçi Avropanın düşüncəsində ABŞ-ın Avropa siyasəti yalnız və yalnız NATO əməkdaşlığı müstəvisi ilə məhdudlaşmalı idi. Axı, Avropa özünü daha “qədim” və proseslərə “daha konsentrasionlu” hesab edirdi...

Avropa üçün bulanıq perspektiv - ABŞ nəyi, necə istəyir...

Avropa Ordusu perspektvinə təsadüfən toxunmadıq. Yeni siyasi fəhm göstərir ki, Avropa Rusiyadan daha artıq şəkildə məhz ABŞ-dan qorunma refleksini gücləndirir. Bu təbii refleksdir - Avropa təhlükənin artım xəttini və istiqamətini hiss edir. Təsəvvür etmək çətin deyil ki, Rusiyanın timsalında məhz Avropa coğrafiyasında ABŞ-a qarşı alternativin aradan qalxması avrosentristlər üçün nələrə başa gələcək. Anqlo-sakson ittifaqının birqütblü dünya sistemi layihəsində Avropa real olaraq özünü görmür və haqlıdır - ABŞ ötən dövrdə iqtisadi cəhətdən olduğu kimi siyasi və hərbi cəhətdən də Avropanı özünün “federativ hissəsi”nə çevirməyə başlayıb. Hətta enerji təminatı ilə bağlı gülünc iddialarını Avropaya real layihə kimi “sırımaq niyyətindədir” - minilik dövlətçilik tarixi olan coğrafiyaya yeni dövr üçün qatmaqarışıq, dumanlı, hətta bulanıq perspektivlər “təqdim edir”...

ABŞ ilə Avropa arasındakı fərq - Dağıtmaq və ya parçalamaq, yoxsa...

Məsələn, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişerin “Die Zeit” qəzetinə müsahibəsindəki bəzi məqamlara nəzər yetirdikdə, mənzərə daha çox aydınlığa qovuşur - Fişer deyir ki, “Avropa nüvə silahı sahəsində də müdafiə qabiliyyətini artırmalıdır”... Düzdür, sonradan bu amili Rusiya ilə əlaqələndirən almaniyalı diplomat buna məcburdur. Axı, necə desin ki, Avropaya yönəlik hədə və təhdidlərin əsasında ABŞ-ın qeyri-real coğrafi yanaşması dayanır. Bütün “şəkillərdə” kompromisin əleyhinə “poza verən” ABŞ Aİ-dəki “qruplaşması” üzərindən özünün “Avropa dəyənəyini” və ya müasir dildə desək, “gözcüsünü” yaradır. Ortaya atılan “təbliğat”, aparılan “fəaliyyət” isə bir nəticəyə hesablanıb - vahid qütbə çevrilmək. Bu uğurda qarşısına çıxan bütün əngəl və maneələri dağıtmaq, parçalamaq, xırda hissəciklərə bölmək, bir sözlə, idarəedilən hala gətirmək ABŞ xarici siyasət kursunun əsasını təşkil edir.

Məşhur amerikalı şahmatçı Robert Fişerə məxsus “Fişer kombinasiyası” və ya “Fişerin təsadüfi şahmatı”nın siyasi təzahürünə çevrilən Yoşka Fişerin ifşa “tablosu” yaranan qənaəti dolayısı ilə təsdiqləyir - həm də Avropa üçün minimal hesablı maraq platforması üçün də yer saxlayır. Fişer ABŞ siyasətçiləri kimi Rusiyanın “dağılmasından və ya parçalanmasından” danışmır - sadəcə “cilovlanmağını arzulayır”.

Bu fakt ABŞ ilə Avropa arasındakı yanaşma fərqinin detallı tablosudur. ABŞ dağıtmaq və ya parçalamaq, Avropa isə sadəcə “cilovlamaq”, başqa sözlə ifadə etsək, maraqları uzlaşdırmaq axtarışındadır. Xatırlayaq - hələ Ukrayna müharibəsi yeni başlandığı dövrdə həm fransalı Makron, həm də almaniyalı Şolts Kremldə Putin ilə görüşmüşdü. ABŞ isə bütün təmasları istisna edərək bir yolu - müharibə yolunu “seçmişdi.

Hədəflərin ifşası” - Fişerin “Tramp müraciəti” ...

Təzad ortadadır: keçmiş nazir Almaniyanın xüsusi olaraq nüvə silahı əldə etməsinə qarşı çıxır, lakin onun fikrincə, Avropa bütövlükdə öz nüvə potensialını artırmalıdır. “Dünya dəyişib. Putin nüvə şantajı ilə məşğuldur. Ümid edirəm ki, Avropa və ABŞ əməkdaşlığı davam etdirəcək - bəs Donald Tramp yenidən seçilsə, necə? Bu ssenarini nəzərə alaraq, Avropa özünü ciddi şəkildə sorğulamalıdır” - deyə Fişer qeyd edib.

Bəli, almaniyalı diplomat mənzərəni dumandan təmizləyir - artıq ABŞ-ın Avropa üçün formalaşdıracağı təhdid açıq dillə ifadə edilir. Fişerin “ Bu ssenarini nəzərə alaraq, Avropa özünü ciddi şəkildə sorğulamalıdır” kimlər üçünsə nisbi anlayış kimi görünə bilər - o baxımdan ki, Trampın enidən ABŞ prezidenti seçilmə şansı aşağı dəyərləndirilir. Amma nəzərə alınmalıdır ki, ABŞ prezidentləri uzun illərdir ki, davam edən ardıcıl siyasətin “icraçısıdırlar”. Həmin siyasi xəttə minimal təsirlər göstərə bilsələr də, “ana xətt” olduğu kimi saxlanılır. Yəni, Fişerin “ABŞ narahatlığı” boşuna deyil. Bu “narahatlığı” Rusiyanın üzərindən səsləndirməsi isə başadüşüləndir - ən azından indiki halda ABŞ-ın açıq düşməni olmaqdan çəkinir. Belə olmasaydı, Fişer bir kəlmə belə söyləmədən ölkəsinin xarici siyasət “hədəflərini” ifşa etməzdi. Keçmiş diplomatın bu “ifşası” isə bəlkə də Rusiyaya mesajdır - Almaniyanın timsalında Mərkəzi Avropanın “məcburiyyətinin açıq etirafı” mesajı...

Avropanın müdafiə refleksi - ABŞ-ın strateji maraqları “şimala üz tutub”...

Bəli, fikrinin sonunda Fişer axır ki, sözünün “əsl mahiyyətini” dilə gətirir - adi silahların hazırlanmasının vacibliyini vurğulayır. “Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Bizim də effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacımız var. Bunu birlikdə etməliyik”.

Ən azından Qərbi Avropanın hərbi müdafiəsi hansı qurum tərəfindən təmin edilir - NATO-nun. Belə olan halda Fişerin “NATO güvənsizliyi” tezisini irəli sürməsi, onu açıq kontekstdə dilə gətirməsi, Ukrayna misalına müraciət etməsi göstərir ki, Almaniya və bütövlükdə təmsil etdiyi “Mərkəzçi Qərb” kontingenti ABŞ-ın planlarından xəbərdardır. Rusiyaya qarşı yeni “Şimal cəbhəsi” formalaşdırımaq üçün başladılan İsveç - Finlandiya “layihəsi” də məhz bunu ortaya qoyur. Avrosentristlər ABŞ maraqlarının “mərkəzdən şimala” sürüşdüyünün fərqindədirlər - bu səbəbdən də təhlükəsizliyin təmin edilməsi artıq onlar üçün 1 nömrəli şərtə çevrilib.

Hətta Fişer Aİ-nin mövcud siyasət problemlərini belə “üçlü böhran” kimi izah edir. Əsas xətti ABŞ-ın Avropa problemlərindən çıxması ilə əlaqədar yaranan geosiyasi böhran kimi dəyərləndirir. Yəni, ABŞ hər an Avropa siyasətində dönüş yarada bilər - hətta III Dünya müharibəsi perspektivi olacağı halda belə döyüşlərin ən “qızğın çağında” ABŞ-ın “sülh çağırışını” eşidə bilərik. Amma bu halda belə olan yenə Avropaya olacaq...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31