Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Start verildi!

Start verildi!

19.12.2023 [10:20]

Böyük etimad və böyük məsuliyyət...

Prezident: Biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq!

Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin uğurla keçirildiyi məkana çevrilib. Gələn il isə ölkəmizdə daha bir beynəlxalq tədbir - COP29 keçiriləcək. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlətimizin başçısı məmnunluq hissi ilə bildirib ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir

Azərbaycan beynəlxalq birliyin hörmət və etimadına layiq olan ölkədir

Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində baş tutan COP28 çərçivəsində qəbul ediblər. Beləliklə, Azərbaycana növbəti dəfə inanılıb və  hörmət göstərilib. Bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza bu böyük etimadı göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dünya birliyinin Azərbaycanın cari ilin sentyabr ayında özünün suveren ərazisində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra belə bir qərar qəbul etməsi xüsusilə diqqət çəkir.  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub, yəni, burada yekdil mövqe ortaya qoyulub. Xatırladaq ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonuncu iki dövlət Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Dekabrın 11-də isə Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi münasibətilə tədbir təşkil olunub. COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda təşkil olunan tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.

Xatırladaq ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər. Halbuki belə ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib. Xüsusilə vurğulanmalıdır ki, respublikamız suvereniliyini bütün humanitar normaları gözləməklə, mülki əhaliyə və infrastruktura ziyan vurmamaqla bərpa edib. Bütün bunların müqabilində bəzi Qərb ölkələri - onların arasında ənənəvi olaraq Fransa da yer alır - Azərbaycanın Qələbəsi ilə barışmaq istəmirlər. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistanın özü də vəziyyətlə barışıb. Ermənistanın COP29-a ev sahibliyi namizədliyini Azərbaycanın xeyrinə geri çəkməsi və baş nazir Nikol Paşinyanın verdiyi bəyanatlar bunu bir daha göstərir. Bütün bunların fonunda Fransada bəzi siyasi liderlərin ermənilərdən daha çox erməni olmağa cəhd gösərmələri riyakarlıqdan başqa bir şey deyil. Bunu həm də ikili standartların təzahürü kimi dəyərləndirmək mümkündür. “Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir”, - deyə dövlətimizin başçısı bildirib.

Bəhs olunan qərar beynəlxalq birliyin Azərbaycana ilk etimadı deyil. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Qoşulmama Hərəkatına (QH) dörd il ərzində uğurla sədrlik edir və burada da ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olub. Hətta üzv dövlətlər Azərbaycanın QH-na sədrliyinin bir il uzadılmasını istəyiblər və ölkəmiz də bu xahişi qəbul edib. Uğurlu sədrliyi dönəmində Azərbaycan Qoşulmama Hərəkatı adından bir sıra həmrəylik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslər BMT səviyyəsində dəstəklənib. Ölkəmizin səmərəli fəaliyyəti bütün dünyada QH-na böyük nüfuz qazandırıb.

Ölkəmiz üçün böyük məsuliyyət

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub.

Sonuncu COP28 cari il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Bütövlükdə, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir, hətta ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Konfransın miqyasına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. “Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tədbirin keçirilməsinə11 aydan az vaxt qalıb. Bütün hazırlıq işlərinə dərhal start verilməlidir. Konfransa hazırlıqla bağlı ilk müşavirənin dövlət başçısının sədrliyi ilə keçirilməsi ölkəmizin COP29-un layiqli və yüksək səviyyədə baş tutmasına necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Şübhə yoxdur ki, güclü və məsuliyyətli dövlət olan Azərbaycan bu sınağın da öhdəsindən layiqincə gələcək. Buna əminliyini bildirən Prezident İlham Əliyev deyib: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31