Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YAP yenə də birinci oldu

YAP yenə də birinci oldu

28.12.2023 [10:00]

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib

YAP-ın Azərbaycana böyük uğurlar qazandıran namizədi

İqtidar partiyası olan YAP-ın Prezident seçkilərinə öz namizədi qismində İlham Əliyevi müəyyənləşdirməsi barədə qərar qurumun İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Partiyanın qarşıdan gələn Prezident seçkilərinə öz namizədi qismində İlham Əliyevi irəli sürməsi isə heç də təsadüfi deyil. Son 20 ildə respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tarixi uğurlara imza atıb və əsas hədəflərinə çatıb.  Hazırda ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir və təqdir edilir. Bütövlükdə, son 20 ildə xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib və müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar da Ona olan inamı şərtləndirir.

Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyimiz ən böyük uğurdur. 44 günlük müharibədə qazanılan şanlı Zəfər tariximizdə əbədi qalacaq və xalqımız bundan daim qürur duyacaq. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalasın. Qalib Azərbaycanın şərtləri əsasında hazırlanan bu bəyanatla üzərinə öhdəliklər götürən məğlub Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə də, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Cari il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin cəmi 23 saat ərzində uğurla yekunlaşması ilə Qarabağda separatizmə son qoyulub və bununla da Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam təmin olunub. Dövlətimizin başçısı oktyabrın 15-də - Prezident seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan bayrağını təntənəli şəkildə ucaltdı. Bir vaxtlar Xankəndidə bayrağımızın ucaldılması, gerbimizin asılması, himnimizin səsləndirilməsi bizə xəyal kimi görünürdü. İndi isə biz bu reallığın sevincini və qürurunu yaşayırıq. İlham Əliyevin Özünün inamla bildirdiyi kimi, bundan sonra Qarabağda, Xankəndidə şanlı bayrağımız əbədi dalğalanacaq! “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” - deyə Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə bağlı keçirilən tədbirdəki çıxışında vurğulayıb.

Qələbələr partiyası

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanda siyasi fəaliyyət meydanına 1992-ci il 21 noyabr tarixində təsis konfransının keçirilməsindən sonra gəlib. Dünya praktikasında çox az rast gəlinən haldır ki, partiya yarandığı vaxtdan cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrilib. YAP-ın yaranma tarixi ölkəmiz üçün son dərəcə çətin bir dövrə təsadüf edir. Vəziyyət o dərəcədə kritik idi ki, biz həmin dövrdə XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizi itirə bilərdik. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı növbəti dəfə müdrik seçim edərək özünün sınanmış oğlu, həmin vaxtlarda Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevi, ölkənin siyasi rəhbərliyinə qayıtmasını tələb etdi. YAP-ın banisi Heydər Əliyev xalqının ümidini qırılmağa qoymadı. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı. Onun aldığı müdrik qərarlar sayəsində ölkəmiz inkişafa doğru istiqamət götürdü. Azərbaycan xalqı 1998-ci il oktyabrın 11-də keçirilən Prezident seçkilərində YAP-ın banisi Heydər Əliyevə ikinci dəfə etimad göstərdi. Seçkilərdə səslərin 76,1 faizini toplayan Heydər Əliyev yenidən dövlət başçısı seçildi.

Sonrakı mərhələdə Ulu Öndərimizin başladığı işləri Onun layiqli siyasi varisi İlham Əliyev eyni ardıcıllıqla davam etdirdi. İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən növbəti seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycanın dövlət başçısı seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 84,54 faizinin səsini qazanıb və bütün digər namizədləri arxada qoyub. Ölkəmizdə sonuncu dəfə 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizinin inamını qazanmaqla dövlət başçısı vəzifəsində fəaliyyətini davam etdirib. Seçicilərin ortaya qoyduqları mövqe Yeni Azərbaycan Partiyasının Lideri İlham Əliyevə olan böyük inamdan qaynaqlanır.

Növbəti  Prezident seçkilərinə məsuliyyətli hazırlıq

Yeni Azərbaycan Partiyasının üzvləri təmsil etdikləri qurumun iqtidarda olmasını özləri üçün imtiyaz yox, ilk növbədə böyük məsuliyyət kimi dəyərləndirirlər. Qeyd edək ki, partiya ötən dövrdə daim fəaliyyətini yeni çağırışlara və reallıqlara uyğun olaraq təkmilləşdirib və çevikliyi artırıb. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni Sədri - Prezident İlham Əliyev seçilib. O, islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin 5 mart tarixində partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunub və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis edilib, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılıb. Partiyanın yeni Proqramı qəbul olunub, həmçinin kadr islahatlarına başlanılıb. O cümlədən yeni Nizamnaməyə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat Mehriban xanım Əliyevaya göstərilən etimadın, onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Bütövlükdə, ötən 31 ildə YAP daha da böyüyərək sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Partiyanın sıralarının genişlənməsi - hazırda YAP-ın 720 mindən çox üzvü var- bunu əyani şəkildə təsdiqləyir. YAP ötən dövr ərzində ölkədə keçirilən prezident seçkiləri ilə yanaşı, həm də  parlament və bələdiyyə seçkilərində də inamlı qələbələr qazanıb.

Yeni Azərbaycan Partiyası növbəti Prezident seçkilərinə də böyük inamla gedir. YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevi partiyanın namizədi kimi müəyyənləşdirməsi həm də bütün cəmiyyətimizin sosial sifarişi kimi qəbul olunur. Təxminən 30 ili əhatə edən işğal dövründə Azərbaycan cəmiyyətində belə bir yekdil qənaət formalaşmışdı ki, ərazi bütövlüyümüzü, suverenliyimizi hansı lider təmin etsə, ölkəyə rəhbərlik etməyə də onun haqqı var. Bu şərəfli missiyanı yerinə yetirən Lider isə məhz İlham Əliyev oldu. Buradan da növbəti Prezident seçkilərinin qalibinin də məhz YAP-ın namizədinin olacağı qənaətini ifadə etmək mümkündür.

Öz növbəsində partiyanın müvafiq strukturları qarşıdan gələn seçkilərə böyük məsuliyyətlə yanaşır. Xatırladaq ki, partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında həmçinin növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürmüş YAP-ın iki səlahiyyətli nümayəndəsi təyin edilib. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.

Seçki ilə bağlı bütün tədbirlər hazırlanan plana uyğun qaydada həyata keçirilir. Dekabrın 17-də YAP Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub. Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib.

O cümlədən Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrinin hazırlanaraq  Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesini də mütəşəkkil qaydada həyata keçirib. Bu geniş əhatə dairəsinə malik prosesin respublika üzrə birinci olaraq başa çatdırılmasında partiyanın Mərkəzi Aparatı başda olmaqla bütün strukturları, yerli təşkilatlar və sıravi üzvlər yüksək fəallıq ortaya qoyublar. YAP üzvləri əmindirlər ki, Azərbaycan Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni uğurlara və Zəfərlərə imza atacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31